Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə Ukrayna Milli
qvardiyanın hissələri daxil olub.
Hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin
binalarını nəzarətə götürüblər.
Separatçı "Donetsk xalq respublikasının" nümayəndəsi Miroslav
Rudenko bildirib ki, şəhərdə referendum təşkil edənlər bütün
sənədləri və bülletenləri gizlədə biliblər. Bəzi Ukrayna mətbuatı
isə yazır ki, təhlükəsizlik qüvvələri bülletenləri müsadirə
ediblər.
İstənilən halda, Krasnoarmeyskdə referendum dayandırılıb.
Separatçıların nümayəndəsinə əsasən, baş verənləri narazılıqla
qarşılayan şəhər sakinləri kortəbii mitinqə toplaşırlar.
Xatırladaq ki, mayın 11-də Donetsk və Luqansk vilayətlərində
yaraqlı separatçıların təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanin
bu şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Rəsmi
Kiyev referendumları qanuna zidd adlandırır, referendum
təşəbbüskarları olan silahlı qruplaşmalara qarşı xüsusi
əməliyyatlar həyata keçirir.
Son günlər Slavyansk, Kramatorsk və Mariupol şəhərlərində
yaraqlılarla hökumət qoşunları arasında silahlı toqquşmalar verib,
bu toqquşmalarda hər iki tərəfdən və dinc əhali arasında onlarla
adam həlak olub, çoxlu yaralananan var. /ANS/