Murad Aluç 9 saat Türkiyə polisi tərəfindən
dindirildikdən sonra öz cinayətini etiraf edib.
Axar.az xəbər verir ki, Aluç Mədəd Ünlünün öldürülməsi haqqında
əmrin Rizvan Ezbulatov tərəfindən verildiyini bildirib.
O, Ezbulatovun Mədət Ünlünü öldürməsinə görə ona külli miqdarda
pul da verdiyini bildirib. Türkiyənin "Takvim" qəzeti isə
Ezbulatovun Murad Aluça cinayəti yerinə yetirməsi üçün əvvəlcə 40
min dollar və 20 min TL verdiyini deyib. Aluç ifadəsində bir bu
qədər də pulu cinayətdən sonra alacağını söyləyib. O, Ezbulatovun
Mədəd Ünlünün Çeçenistana gedəcək maliyyəni kəsdiyini və öz
maraqları çərçivəsində xərclədiyi haqqında ifadələr işlətdiyini də
vurğulayıb.
Aluçun ifadəsindən onun cinayətdən iki gün keçmiş ölkəni tərk
etdiyi bəlli olub. O, Ezbulatovun Mədəd Ünlünün qətlindən dərhal
sonra Ukraynada gizləndiyini bildirib. Türkiyə polisi isə apardığı
araşdırmalardan sonra Rizvan Ezbulatovun ölkəyə dəfələrlə
gəlib-getdiyini öyrənə bilib. Aluç Kadırov və Rusiya xüsusi xidmət
orqanları ilə Ezbulatovun bağlılığı, onların hansından əmri nə
məqsədlə alması haqqında sualı cavablandırmayıb.
Qeyd edək ki, Mədəd Ünlu keçən ilin mayında qətlə yetirilmişdi.
O, Çeçen İçkeriya Respulikasının Türkiyədəki Diasporunun rəhbəri
kimi tanınırdı. Ünlü Rusiya və Kadırova qarşı sərt mövqeyi ilə
seçilirdi. Onun Ərdoğanla da yaxın dost olduğu deyilmişdi. Mədəd
Ünlünün ölümü üçün Murad Aluça Kadırov tərəfindən göstəriş
verildiyi ilə bağlı müəyyən iddialar səsləndirilmişdi. Bu iddialar
içərisində əmrin FSB-dən gəldiyi ilə bağlı məqamlar da yer
almışdı.
Bəzi mətbuat orqanları isə Mədəd Ünlünün Kadırovu təhqir
etməsindən sonra öldürüldüyünü bildirmişdi. Həmçinin, Kadırovun bu
ölümə görə Aluça 1 milyon dollar verdiyi iddia edilirdi. Ünlünün
ölümündən iki gün sonra Aluçun Rusiyaya qaçdığı xəbəri
yayılmışdı.
Xatırladaq ki, o, Aslan Məshədovdan sonra çeçen mücahidlərinin
lideri olan Əbdül Xalim Sadullayev tərəfindən o zaman
Çeçen-İçkeriya Respublikasının ikinci vitse-prezidenti Əhməd
Zakayevin təklifi ilə Türkiyədə səfir vəzifəsinə təyin olunmuşdu.
Sadullayev isə bundan bir il sonra, yəni 2006-cı ildə qətlə
yetirilmiş və onu bu vəzifədə Doku Umarov əvəz etmişdi.
Onu da vurğulayaq ki, Türkiyədə indiyə qədər 6 çeçen lider qətlə
yetirilib. Onların qətllərinin hər birində Rusiyanın əli olduğu
güman edilir.