Aparıcı dövlətlərin İŞİD-ə qarşı mübarizə apardığı
vaxtda Azərbaycan da daxil olmaqla bütün dünyada virtual İŞİD
döyüşlərinə marağın artması həyəcan doğurur.
İş burasındadır ki, virtual döyüşlərə qoşulan gənclər
terrorçuların tərəfində oynamaqda maraqlıdır. Məhz bu məqam,
müvafiq dövlət qurumlarını, bütünlükdə cəmiyyəti, elə uzağa
getməyək, valideynləri narahat etməlidir.
ANS TV-ni məlumatına görə, əslində bu gün bütün dünyanın
prioritet probleminə çevrilən terroçu qruplaşma İŞİD bu adla olmasa
da, hələ illər əvvəl mövcud idi. Lakin virtual aləmdə.
Təxminən 15 ildir fəal şəkildə yayılan savaş oyunlarının isə
indi milyonlarla oyunçusu var. Nəzərə alaq ki, indi İŞİD-in
tərkibində döyüşənlərin əksəriyyəti də 20-30 yaş arasında olan
gənclərdir. Deməli burda heç də təsadüfdən danışmaq olmaz.
Çünki 10-15 yaşlarından savaş oyunlarına köklənən yeniyetmələr
bir gün oyunda şahidi olduğu hadisələrin real həyatda cərəyan
etdiyini görəndə oda özünü heç tərəddüd etmədən reallıqda gedən
oyunun bir oyunçusuna çevirmək istəyir və nəticəsi də ağır
olur.
İŞİD-in tərkibinə, hətta Avropanın fərqli ölkələrindən qatılan
gənclərin də barəsində aparılan araşdırmalar göstərib ki, onların
əksəriyyəti elə bu oyunun oyunçularıdır. Azərbaycanda bu tipli
savaş oyunlarına maraq göstərən yeniyetmələr arasında da qısa bir
sorğu apardım.
Məktəbli Bağır Quluzadə: "Savaş oyunları oynayan zamanı digərlər
kimi mən də oyunun terrorçu kimi davam etdirməyi çox sevirəm. Belə
olan halda bu daha maraqlı olur. O zaman daha çox oynamağa
başlayırsan".
Kamal Həşimov: "Savaş oyunları oynayarkən həmişə terrorçu
qismində oyunu oynamışam".
Əslində düşündürən cavabdır. Bizi və ya yaxnlarımızı,
dostlarımızı potensial terrorçu kimi hazırlayan vasitələr özümüz də
bilmədən həyatımızın bir parçasına çevrilib. Deməli hardasa, bu gün
ortaya çıxan terror qruplaşmasının yaradıcısı bir zamanlar sadəcə
adi bir oyun oynadığını zənn etdiyimiz sakit bir məktəbli də ola
bilər. Bir fakta nəzər salaq, bu gün "İsis game", yəni İŞİD oyunu
adı altında yükləmə saytlarına yerləşdirilən onlarla oyun var.
Təkcə "YouTube" video protalında bu cür oyunların tanıtım çarxını
azı 400 minə yaxın istifadəçi izləyib, elə bir o qədər adam da onu
yükləyib. Hansı ki, burada hədəfi necə vurmağın lazım olduğu və
partlayış törətməyin yolları göstərilir.
Bu ağlamalı olduğu kimi, həm də gülməli bir məqamdır. Təsəvvür
edin ki, bu gün dünyanın belə desək əjdaha dövlətləri bir araya
yığılıb İŞİD-lə mübarizənin yollarını axtarır. İŞİD isə öz oyununu
davam etdirir elə sözün hər iki mənasında.
Psixoloqlar isə bu cür oyunlardan qorunmağın lazım olduğu barədə
həyəcan təbili çalırlar. Aqressiyanı təbliğ edən oyunlar
övladlarınızı İŞİD oyununa gətirməsə də, başqalarının başına oyuna
açmağa səbəb ola bilər.
"Gənclər savaş oyunu zamanı mübahisələrdə bunu tətbiq etməyə
çalışırlar. Bəzən savaş oyunlarına sərf etmə aqressyanın, eyni
zamanda ətrafda münqişələrin artmasına gətirib çıxarır", – deyə
psixoloq Elnur Rüstəmov bildirdi.
Bunlardan qorunmaq isə heç də asan deyil. Çünki virus kimi bütün
dünyaya yayılan bu cür oyunların konkret olaraq kimlər tərəfindən
yaradıldığı bilinmir.
İnternet Forumun prezidenti Osman Gündüzün sözlərinə görə,
məhkəmə səviyyəsində bu cür saytların Azərbaycan ərazisində
yayılmasının qarşısı alına bilər: "Əgər bunları yayan hər hansı bir
şirkət varsa, o zaman həmin şirkətə qarşı sanksiyalar tətbiq oluna
bilər. Özəliklə bu tip addımların atılması mümkündür".
Deməli hələ çox ailələr gələcəyi olan övladının İŞİD oyununa
çevrilən meydanlardan ölüm sorağını alacaq. Bu cür hadisələrdən
qorunmaq isə sizin əlinizdədir. Övladınızı kompüter oyunları
arxasında vaxt keçirməyə yönləndirməkdənsə, onları insanlarla
ünsiyyətə istiqamətləndirin.