Yuxarı

İstanbulun yeni "fateh"i kimdir? - Dosye

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı uğurunda keçirilən seçkilərdə AKP-nin namizədi Binəli Yıldırıma qalib gələn CHP-çi Əkrəm İmamoğlu bu gündən vəzifəsinin icrasına başlayacaq.

Axar.az BBC-yə istinadən xəbər verir ki, 3 aya yaxın seçki kampaniyası dönəmində bütün Türkiyənin tanıdığı siyasətçiyə çevrilən İmamoğlu artıq CHP-də də böyük nüfuz sahibinə çevrilib.

İmamoğlu 1970-ci ildə Trabzonda, mühafizəkar-sağ yönümlü ailədə doğulub. İstanbul Universitetinin biznes fakültəsini bitirib.

Turgut Özalın qurduğu Ana Vətən Partiyasının (ANAP) Trabzon şöbəsinin qurucularından biri də İmamoğlunun atası Həsən İmamoğlu olub. Əkrəm İmamoğlu siyasətə bu partiyanın üzvü olaraq qatılıb.

Mühafizəkar ailədə böyüməsinə baxmayaraq, özünün dediyinə görə, o, "universitet illərində demokratik dəyərləri mənimsəyib".

2008-ci ildə siyasətlə aktiv şəkildə məşğul olmaq qərarına gələn İmamoğlu CHP-yə üzv olub. 2009-cu il seçkilərində bu partiyanın Bəylikdüzü bələdiyyə başqanlığına namizədliyini irəli sürüb. Namizəd seçilməsə də, bir neçə ay sonra partiyanın qəsəbə sədrliyinə seçilib. CHP-nin namizədi kimi qatıldığı 2014-cü il seçkilərində AKP-nin namizədinə qalib gələrək Bəylikdüzü bələdiyyəsinin sədri seçilib.

Bəylikdüzündəki uğurlu bələdiyyə sədrliyi İmamoğlunu CHP-nin İstanbuldan namizədliyinə gətirib çıxarıb.

Partiya lideri Kamal Kılıçdaroğlu 13 dekabr 2018-ci ildə İmamoğlunun evinə gedib. Səhər yeməyi masasındakı söhbət əsnasında Kılıcdaroğlu zarafatla onun atasına "oğlunuzu istəməyə gəldik" deyərək İmamoğluna namizədlik təklif edib.

Kılıcdaroğlunun gəlinin Trabzondan olmasına işarə vuran Həsən İmamoğlu "Akçaabaddan bir qız aldınız. Bir də oğlan verərik, məsələ bitər" deyəndən sonra tərəflər razılığa gəliblər.

Müsbət üslub

Təxminən üç ay davam edən seçki kampaniyasında İmamoğlu Türkiyədə bütün seçki dövründə hiss olunan "qütbləşdirici" üslubdan uzaq durmağa çalışdı.

Küçə-küçə gəzməsi, ona səs verməyəciyini deyən AKP seçicisinə "canın sağ olsun" deyərək təşəkkür etməsi onu məşhurlaşdırdı.

AKP və MHP üzvlərinin hədəf aldığı HDP seçicilərinə qarşı diqqətli davranışı sayəsində kürdlərin səslərini özünə çəkməyi bacardı.

Ərdoğanla görüş

CHP onun namizədliyini elan edəndən sonra İmamoğlu ilk olaraq İstanbulda daha əvvəl bələdiyyə başçısı olmuş şəxslərlə görüşdü.

Prezident Rəcəb Tayyip Ərdoğanın tələbiylə təxminən il yarım əvvəl vəzifəsindən getmək məcburiyyətində qalmış, İstanbulun seçilmiş Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaşı, 1989-cu ildə CHP namizədi olaraq bələdiyyə başqanı seçilmiş Nureddin Sözeni və ANAP namizədi olaraq seçilmiş Bədrəddin Dalanı ziyarət etdi.

"Əvvəlki başqan ziyarəti" çərçivəsində İmamoğlu 1994-cü ildə Rifah Partiyasının namizədi olaraq Böyükşəhər Bələdiyyə sədri seçilmiş Rəcəb Tayyip Ərdoğanla da görüşmək istədiyini açıqladı.

Onun müraciətinə "Mənim qapım hamıya açıqdır, amma bəy Kamaldan icazə ala biləcəkmi? Bəy Kamaldan icazə alsa, sevə-sevə qarşılayaram" şəklində reaksiya verən Ərdoğan az sonra İmamoğlu ilə görüş təyin etdi.

CHP daxilindəki bəzi dairələr bu ziyarətə mənfi yanaşsalar da, Kılıcdaroğlu görüş planından xəbərdar olduğunu dedi: "Ayrı-seçkilik etmək lazım deyil. Hər partiyadan bələdiyyə başqanı seçilənlər olub. İmamoğlu onlarla görüşdü və Ərdoğanı da bu çərçivədə ziyarət etdi".

İmamoğlu rəqibi Binəli Yıldırıma qarşı da sərt ifadələr işlətmədi. Namizədliyi açıqlanandan sonra TBMM basqanlığına davam edəcəyini deyən Yıldırıma İmamoğlu bu sözlərlə cavab verdi:

"Hörmətli Binəli Yıldırım mənim rəqibim deyil. Bu qərar hörmətli Məclis başqanının seçimidir. Qanuni məsələlər var, Konstitusiya maddələri var. Kimə hansı haqq tanınır, hansı yox, mən işin bu tərəfini bilə bilmərəm. Hörmətli Məclis başqanı indiki statusuyla İstanbul küçələrində çətinlik çəkə bilər. Şəhərdə böyük bir heyətlə gəzmək məcburiyyətində qala bilər. Mən Böyükşəhər Bələdiyyə başqanlığına namizəd kimi dolaşmasını tövsiyyə edirəm. Mən elə dolaşıram, daha asan dialoq qururam. İstanbullar da bundan məmnundurlar".

Mühafizəkar ailədə doğulduğunu hər fürsətdə dilə gətirən İmamoğlu namizədliyi elan ediləndən dərhal sonra başıörtülü anasıyla çəkdirdiyi videonu sosial şəbəkələrdə paylaşıb mühafizəkar kəsimlərə "Mən də sizin kimi bir ailədən gəlirəm" mesajını verdi.

Yeni Zelandiyada məscidlərə hücum zamanı həlak olanlar üçün Eyüp Sultan Məscidində təşkil edilmiş mövluda İmamoğlu da qatıldı. Burada həmin adamlar üçün Yasin duası oxuması müsbət qarşılandı.

CHP-də mövqeyi gücləndi

3 aylıq qısa zaman kəsiyində müsbət üslubu və seçki kampaniyasıyla Binali Yıldırım kimi təcrübəli bir siyasətçini məğlub etməsi Əkrəm İmamoğlunun CHP daxilindəki mövqelərini də gücləndirdi.

Adətən, bu partiya istər yerli, istərsə də prezident seçkilərinə, o cümlədən, partiya daxilindəki liderlik yarışmalarına yeni şəxslər çıxarmadığına görə tənqid edilir.

Şərhçilərin bir çoxu hesab edir ki, yerli seçki dönəmindəki performansı, fərqli kəsimlərlə ortaq dil tapa bilməsi və yaşının verdiyi üstünlüklər İmamoğlunun partiyadakı mövqeyini gücləndirdi və bu, gələcəkdə onun partiya lideri yarışmasına qatılması mövzusunu da gündəmə gətirə bilər.

Tarix
2019.04.18 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla