"Azərpoçt"da kommunal xərclərin ödənməsi zamanı ciddi
sistem narahatlığı yaşanır.
Belə bir halla qarşılaşan abunəçinin Axar.az-a verdiyi məlumata
görə, Bakı Elektrikşəbəkədən aldığı bildiriş əsasında ötən ay üçün
olan borcu ödəmək istəyib və qəribə mənzərə ilə üzləşib. Məlum olub
ki, onun heç də bu qədər borcu yoxmuş. "Azərpoçt" operatoru ona
daha "münasib" – iki ay öncə, havaların isti keçdoiyi zamanda
borclandığı az məbləği göstərib və yeni borcunun yalnız bundan
ibarət olduğunu bildirib.
Bakı Elektrikşəbəkənin bildirişi ilə "Azərpoçt"un təsdiq etdiyi
borc müqayisə edildikdə bəlli olub ki, "Azərpoçt" kompüter
sistemində ötən ay deyil, iki ay öncənin borcu görsənir: abonentin
həmin borcu artıq 37 gündür ödəməsi, üstəlik yeni borcunun
yaranması ümumiyyətlə görünmür.
Abunəçini narahat edənsə ayrı məsələdir: əgər mövcud borc və
ödənişlər vaxtlı-vaxtında "Azərpoçt"un sistemində görünmürsə,
demək, Bakı Elektrikşəbəkə ödənişi gecikdirən abonentin işığını
istənilən vaxt kəsmək hüququ qazanır. Başqa sözlə desək, abonentin
heç bir günahı olmadan işıqsız qalmaq riski yaranır.
Ödənişlər və borclanmalar 40 günə yaxın müddətdə "Azərpoçt"
məntəqələrinin sistemində niyə görünmür və bu problemin səbəbi
nədir? İki qurum arasında "sistem anlaşılmazlığının" cəzasını
abonent çəkməyəcək ki?
Bakı Elektrikşəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi
Mustafayev Axar.az-a bildirdi ki, bu problem "Azərpoçt"la
bağlıdır:
"Belə hallar çox nadir hallarda baş verir. Ola bilər ki, ödəniş
bazar gününə düşdüyündən sistemə yerləşdirilməyib".
T.Mustafayev sistemdə görünməməsinə baxmayaraq, ödənişlərin
dərhal Bakı Eletrikşəbəkədə qeydə alındığını və öz sistemlərinin
mükəmməl işlədiyini də qeyd etdi:
"Ona görə nadir hallarda da olsa, belə problemlə qarşılaşan
abonentlərdən xahiş edirik ki, Bakı Elektrikşəbəkənin xəbərdarlıq
bildirişi əsasında ödənişlər həyata keçirsinlər".
T.Mustafayev dediklərinin sübutu kimi şikayətçi abonentin kodunu
götürərək dərhal yoxlanma da apardı və artıq sistemdə yenilənmə
olduğunu təsdiqlədi:
"Bildiriş əsasında ödəniş edən abonent əmin ola bilər ki, onun
işığı anlaşılmazlığın nəticəsi olaraq kəsilməyəcək. Bu problem
abonentə təsir etmir, "Azərpoçt" sistemindədir".