"Putin Ukraynadan sonra Moldova, Gürcüstan və Baltikyanı
ölkələrə hücum edəcək".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Vladimir Putinin
eks-köməkçisi Andrey İllarionov çıxış edib.
O, Rusiyanın Şərqi Gürcüstana qoşun yeridə biləcəyini
söyləyib:
"Merkel başa düşüb ki, Putinin qarşısı alınmasa, o daha da
aktivləşəcək. O, ictimai şəkildə Putinin onunla müzakirə etdiyi
ölkələrin Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Qərbi Balkanlar
olduğunu bildirib. Görünür, məhz bu ərazilər onun sonrakı
ekspansiya xəritəsinə daxildir. Qərbin Putini qeyri-hərbi yolla
dayandırmaq istəyi alınmır, Rusiyaya qarşı isə heç kim vuruşmaq
istəmir. Putinin öz xarici siyasətini tam həyata keçirməsi üçün bir
neçə ili qalıb. Hazırda Gürcüstan istiqamətindəki Avaro-Kaxetiya
yolu ciddi şəkildə bərpa olunur. Yəqin ki, gələn ilin yazında məhz
bu yol vasitəsiylə Gürcüstanın şərqinə hərbi texnika göndəriləcək.
Rusiya Baş Qərargahı üçün Ermənistan və Dağlıq Qarabağa quru yolu
xüsusi əhəmiyyət daşıyır. Bu zaman isə Azərbaycandan Gürcüstan
vasitəsiylə Türkiyəyə gedən kəmərlər kəsiləcək. Putinə qarşı kim
mübarizə aparacaq? İvanişvili? Baltik ölkələri? Öz gücləri kifayət
etməyəcək, avropalılar isə döyüşmək istəmirlər. Köhnə Avropa hətta
Ukraynaya da güclü kömək göstərmək istəmir".