Soyqırım məsələsinə görə Ermənistanın hüquqi əsası
yoxdur və beynəlxaq məhkəməyə müraciət etməyə hazır
deyil.
Ans press-in məlumatına görə, bu barədə Qərbi-Erməni
Konqressinin sədri, beynəlxalq hüquq üzrə ekspert Suren Seraydaryan
bildirib.
"Ermənistan beynəlxalq məhkəməyə hüquqi sənədlərlə müraciət
etməyə tamamilə hazırlıqsızdır. Böyük işlər görülməlidir və bunun
üçün xüsusi qrup yaradılıb",- deyə uydurma soyqırımın 100 illiyi
ilə bağlı İrəvanda səfərdə olan Seraydaryan vurğulayıb.
Amma erməni ekspert həmin qrupun işinin uğurla nəticələnəcəyinə
tam əmin deyil. Onun fikrincə, işçi qrup hüquqi əsasları tam
öyrəndikdən sonra beynəlxalq məhkəməyə və ya danışıqlar üçün
Türkiyəyə müraciət üçün qərar verməlidir.
"Bu məsələyə emossional yanaşmaq olmaz, səhv buraxmamaq üçün çox
ehtiyatlı olmalıyıq. Birinci Dünya müharibəsinin başlamasına hazır
deyildik, buna görə darmadağın olduq, müstəqilliyə də, sovet
sisteminə də hazır deyildik. Hər dəfə tələyə düşdük. Amma indi
hazır olmalıyıq, dünyanın 5 il sonra harda olacağını indidən
müəyyən etməliyik",- deyə Suren Seraydaryan qeyd edib.
Böyük ehtimalla, erməni ekspert beynəlxalq məhkəmə nəticəsində
Ermənistanın iddialarının tam tərsinin ortaya çıxacağından qorxur.
Çünki indiyə kimi aparılmış bir çox araşdırmalar erməni
iddialarının yersiz olduğunu ortaya çıxarıb. Məsələn, ABŞ-ın sabiq
prezidenti Ronald Reyqanın müşaviri Bryus Feynin iki il qabaq
dediyi sözlərə görə, prezident Ronald Reyqanın əmri ilə 1915-ci
ildə baş vermiş hadisələri araşdıran ABŞ hakimiyyəti bu qərara
gəlib ki, "erməni soyqırımı" iddialarının əsası yoxdur, çünki
1915-ci ildə türk daha çox ölüb.
"Prezident Reyqanın əmri ilə biz bu məsələ ilə bağlı araşdırma
apardıq. Avropa ölkələrinin və o vaxtkı Osmanlı imperiyasının hərbi
arxivlərində saxlanan materialları aşkarladıq. Araşdırma göstərdi
ki, ermənilərin soyqırım iddiaları əsassızdır. "Erməni soyqırımı"
barədə nağıllar erməni tarixçilərinin uydurmasının məhsuludur", -
deyə Bryus Feyn bildirib.
Onun sözlərinə görə, erməni quldur dəstələri Anadoluda iki
milyondan artıq türkü qətlə yetirib: "Erməni birləşmələri Qafqazda
Rusiya ordusu ilə birlikdə döyüşüb. Onlar türk və gürcü kəndlərini
qarət eləyiblər, dinc əhalini qırıblar. Bu məlumatlara görə,
təxminən 2 milyon adam ölüb. Araşdırma zamanı Türkiyə tərəfi
arxivlərindən istifadə etməyə icazə verdi, amma ermənilər öz
arxivlərini göstərməkdən tamamilə imtina etdilər. Mənim fikrimcə,
bu arxivlər açılsa, həqiqət mütləq ortaya çıxacaq. Onda ermənilər
dünya qarşısında, xüsusilə də türklər qarşısında tarixi yalana görə
üzr istəməli olacaqlar", - deyə Bryus Feyn vurğulayıb.
Məhz buna görə də, Qərbi-Erməni Konqressinin sədri, beynəlxalq
hüquq üzrə ekspert Suren Seraydaryan erməniləri bu məsələdə
ehtiyatlı olmağa və beynəlxalq məhkəməyə müraciət etməməyə
çağırıb.