23 iyun səhəri TOMA-lar işə
düşdü və "azadlıq" deyə qışqıran insanları güclü su şırnağı ilə
yerə sərdi. Polis ağır dəyənəkləri yerə oturan insanların başına
endirir, mülki geyimli şəxslər qadını ayaqlarının altına alıb
təpikləyirlər. İnsanların etiraz səsləri boğulur, dünən gecədən
"Azadlıq" meydanına toplaşan kütlə zorakılıqla dağıdılır. Ardınca
həbslər, işgəncələr...
Bura Ermənistanın paytaxtı İrəvandır. İyunun 22-də minlərlə
insan elektrik enerjisinin bahalaşmasına etiraz olaraq küçələrə
axışıb. Çünki iyunun 17-də Ermənistanda elektrik enerjisinin
qiyməti 16 faiz qalxıb, kv/saatı 49 dram (0.1 dollar) olub. Son 3
ildə bu, üçüncü qiymət artımıdır. Yeni artımla insanlar orta əmək
haqqının 10 faizini elektrik enerjisinə verməlidir. Onsuz da
aclıqdan əziyyət çəkən ermənilər üçün bu, qəfil başlarına endirilən
dəyənəkdən də betərdir. Lakin hökumətin güc maşını işə düşür və
cəmi 15 dəqiqəyə kütlə darmadağın edilir. "Azadlıq" qışqıran səslər
boğulur.
Dünya isə susur, insan haqlarını təməl prinsipi elan edən bir
sıra beynəlxalq təşkilatlar – "Amnesty İnternational",
"Transparency İnternational", "Human Rights Watch", "Freedom House"
kimi "demokratlar"dan səs çıxmır. Səbəb sadədir. Onların başı
qarışıb. Bakıda Avropa qitəsinin tarixində ilk idman oyunları
mükəmməl şəkildə təşkil olunur, dünyanın diqqəti Azərbaycandadır və
anti-Azərbaycan kampaniyası üçün bundan yaxşı fürsət ola bilməz.
Sifarişə əsasən, I Avropa Oyunlarının yüksək səviyyədə keçirən
Azərbaycanın bu uğuru gözdən salınmalıdır. Olmayan "siyasi
məhbus"lar, bir il öncə azad olunan hansısa şəxsin adının
siyahılara salınması, "demokratiya şüarları" və daha nələr. Söhbət
Azərbaycandan gedirsə, bu təşkilatlar "fakt" tapmaq üçün əllərindən
gələn hər şeyi edirlər.
Lakin bu yeni prinsip, yeni yanaşma deyil. Ermənistan
"demokratiya çarçıları" üçün toxunulmaz ölkədir. Bu gün baş verdiyi
kimi, bu ölkədə etirazlar dağıdıla, insanlar həbs oluna,
repressiyalar ola bilər. İnsan haqlarına iqtibas edən beynəlxalq
təşkilatlara görə, bu, dövlətin anarxistlərə qarşı haqlı
hücumudur.
Azərbaycanda isə qanunları pozan bir neçə nəfərin məhkəmə qərarı
ilə həbs olunması, yaxud dövlətə xəyanət edən şəxslərin
zərərsizləşdirilməsi insan haqlarının pozulması kimi yozulur və
hücumlar başlayır. "İdman və İnsan Haqları"– heç vaxt eyni qəlibə
sığmayan bu iki məfhum bir-birinə qaynaq edilərək alyans yaradılır,
proqramlar hazırlanır və bunun uzantıları Vaşinqtona qədər gedib
çıxır.
Halbuki 23 iyun səhərini açan Bakı və İrəvan arasında uçurum
qədər fərq var. Bakıda insanlar idman bayramını yaşayır. Voleybol,
boks, qılıncoynatma, basketbol, badminton. Avropa Oyunlarının
bugünkü proqramında qızğın mübarizələr gözlənilir.
İrəvanda da qızğın mübarizə gedir, lakin orada idmançılar deyil,
ac insanlardır. Onlar medal uğrunda yox, həyatda qalmaq uğrunda
savaşırlar. Polis isə etirazları dəyənəklər və TOMA-larla
boğur.
Bu təkcə 23 iyun tarixinə olan müqayisədir. Ümumilikdə isə
Azərbaycan və Ermənistan heç vaxt müqayisə olunmayacaq qədər fərqli
ölkələrdir.
Ermənistan parlamentin güllə-boran edildiyi, insanların həbsə
atıldığı, etiraz aksiyasına çıxan insanların başına güllənin
sıxıldığı ölkədir. İnsanlar aclıqla mübarizə aparır. Vəziyyət o
qədər ağırdır ki, bu ölkənin insanları ilə hökuməti arasında 0,1
dolların davasını gedir.
Avropa Parlamentində, Bundestaqda isə Azərbaycanla bağlı
dinləmələr təşkil olunur, insan haqları profilli təşkilatlar Bakını
ittiham edir.
Bu, faktiki olaraq, dünyanın ikili standart siyasətinin bariz
nümunəsidir.
"İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər
insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli
qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə
və digərinin ziyanına şərh etmək və pozmaq".
Böyük mütəfəkkir Josef Butler "Mənəviyyatın ikili Standartı"
kitabında ikili standartları belə şərh edib.
İngilis dilinin Oksford lüğətində ikili standartlara lakonik
tərif verilir: "İkili standartlar birinə nisbətən digərinə (və ya
özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir".
İkili standartlar siyasəti eyni bir hərəkəti edən subyektlərin
davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti
edən onu qiymətləndirənə "yaxındırsa", loyal münasibət bildirilir,
əksinə olanda qınaq və ittiham səslənir. Beynəlxalq münasibətlərdə
o, adətən, "arzuolunmayanların" prinsipləri, konvensiyaları,
öhdəlikləri pozmaqda ittiham edilməsi formasını alır. Məsələn,
"ümumbəşəri dəyərlərin tapdalanması", "insan haqlarının pozulması",
beynəlxalq hüquq normalarından geri çəkilmələr" və s. Bu qiyməti
verənlərin özlərinin və ya müttəfiqlərinin analoji hərəkətlərinə
isə nümayişkaranə məhəl qoyulmur.
"Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək
və pozmaq" olan ikili standart Azərbaycan və Ermənistan münasibətdə
açıq şəkildə müşahidə olunur. Burda iki mühüm amil var:
İslamafobiya və bundan doğan xristian həmrəyliyi və Con Kerrinin
kabinetinə qədər "nüfuz edən" erməni lobbisi.
Bu iki amil "qərəzsizlik" prinsipinə iddia edən Qərb mediasında
da açıq şəkildə göründü. Son bir neçə həftədə Azərbaycanda "çöp"
axtaran "The Guardian", BBC, CNN, "Newsweek", "The Sunday",
"Vaşinqton post", "Nyu-York Times" kimi beynəlxalq media
korporasiyaları İrəvandakı mitinqdən bir cümlə də yazmır, polis
qəddarlığını görməzdən gəlirlər. Çünki ikili standart siyasəti
dünyanın "siyasi kabinetlərindən" tutmuş, redaksiyalarına qədər
sirayət edib.