Seçkilərdən sonra koalisiya
hökuməti qurulmasına kənardan maneə yaradıldı. Ərdoğan da koalisiya
hökuməti qurulmasını istəmir.
Bu fikirləri Axar.az-a siyasi şərhçi Qabil Hüseynli açıqlayıb.
Türkiyədə son günlər cərəyan edən proseslərdən danışan analitik
hesab edir ki, PKK və İŞİD-ə qarşı əməliyyatlar təkcə seçkilərə
hesablanmayıb.
Onun fikrincə, Türkiyənin Suriya ərazilərində terrorçuları
bombardman etməsi daha da genişlənə bilər. Politoloq bunun
nəticəsində İŞİD-in işğal etdiyi ərazilərdə, yəni Türkiyə-Suriya
sərhədində kiçik türkmən dövləti yaradılacağını da istisna
etmir:
"Ərdoğan təkbaşına hökumət qurmaq alınmadığı üçün nəticələrlə də
barışmır. Təkrar seçkilərə gedəcəyini və koalisiya hökuməti
olmayacağını onsuz da ilk gündən bəyan etmişdi.
Çin və İndoneziya səfərlərində mətbuata da açıqlamışdı ki, ara
hökumət olmalıdır. Partiyalardan biri isə bu ara hökumətə dəstək
verməlidir. Beləliklə, Ərdoğan parlament üsul-idarəçiliyindən
prezidentlik sisteminə keçməyi arzulayır".
Q.Hüseynli yekunda keçid hökuməti qurulacağını güman edir:
"Bir partiyanın AKP-yə dəstəyi kifayət edir ki, keçid hökuməti
formalaşsın. CHP və ya MHP bu mərhələdə rol oynaya bilər.
Ancaq Türkiyədə gərginliyin tək səbəbi kimi təkbaşına hökumət
qurmaq və təkrar seçkilərə gedilməsi iddialarını bölüşmürəm. Bu
proseslərdə PKK-nın böyük günahı var, üçillik atəşkəs yenə pozulub.
Yəni, hadisələrin təkcə seçki xətrinə olduğunu demək
yanlışlıqdır".
Politoloqun sözlərinə görə, PKK-nın Suriya qanadı olan PYD
türkman kəndlərini işğal edib, kürdləri bu yerlərə doldurur:
"Suriyanın Türkiyə sərhədində növbəti kürd muxtariyyətini yaratmağa
çalışırlar. Türkiyə isə Ağ Evlə intensiv danışıqlar başladı və
Suriya ərazilərinə aviazərbələr endirəcək. ABŞ da rəsmi Ankaraya
dəstək verəcək. Beləcə, Türkiyə Suriyanın sərhədində kiçik türkman
dövlətinin yaradılmasına nail olacaq".
Artıq Amerika Türkiyənin arxasında durur, İsraillə barış prosesi
də diplomatik şəkildə həllini tapacaq, Misirlə də münasibətlər
düzələcək. Nəhayət, təkrar Türkiyə-İsrail-Misir ittifaqı yarana
bilər".