1944-cü ilin 20 iyulunda Qərbi Prusiyanın Rastenburq
qəsəbəsində yerləşən qərargahında iclas keçirən Adolf Hitlerə qarşı
növbəti sui-qəsdə cəhd oldu. Lakin plan uğursuzluqla nəticələndi.
Təsadüf nəticəsində sağ qalmış fürer "əgər sui-qəsdçilər mənə bu
qədər yaxınlaşa bilirlərsə, nə üçün Stalini aradan götürmək mümkün
olmur?" deyə qeyzlənərək SSRİ rəhbərinə sui-qəsd hazırlamaq əmrini
verdi. Beləliklə, faşist Almaniyasının rəhbərləri Stalini məhv
etmək planları üzərində çalışmağa başladılar.
Axar.az Publika.az-a istinadla
SSRİ rəhbərini aradan götürmək üçün planlaşdırılmış ən maraqlı
sui-qəsd cəhdlərini təqdim edir:
Bundan əvvəl Gestapo (alman gizli polisi) şefi Henrix Müller
1941-ci ilin 17 iyulunda antifaşist ölkələrinin rəhbərlərinə –
Uinston Çerçilə, İosif Stalinə və Franklin Ruzveltə qarşı sui-qəsd
etmək üçün siyasi dustaqlardan yararlanmaq təklifini irəli
sürmüşdü.
Əslində faşistlər SSRİ, ABŞ və Britaniya rəhbərlərini cismən
məhv etmək üçün müxtəlif planlar cızmışdılar. Alman kəşfiyyat
orqanı Tehran konfransı (1943-cü ilin noyabr-dekabrı) zamanı "Böyük
sıçrayış" adlı xüsusi əməliyyat planı hazırladı. Plana əsasən,
SSRİ, ABŞ və Britaniya rəhbərlərinin olduğu konfrans zalı
partladılmalı idi.
Əvvəlcə Sovet, sonra isə ABŞ kəşfiyyatı bundan xəbər tutdu.
Stalin Ruzveltə SSRİ-nin İrandakı səfirliyində qalmağı təklif etsə
də, ABŞ prezidenti öncə təklifdən imtina etdi. Lakin Amerika
kəşfiyyatı almanların prezidentə sui-qəsd hazırlaması barədə məxfi
məlumatı prezidentə çatdırdığından Ruzvelt yalnız bir seçim
qarşısında qaldı.
Almanların bütün planlarından xəbərdar olan anti-faşist
koalisiyası ölkələrinin əks-kəşfiyyat orqanları 6 düşmən
diversantını asanlıqla zərərsizləşdirdi.
SSRİ rəhbərini öldürmək niyə mümkün
olmurdu?
1942-ci ilin 6 noyabrında hərbi geyimli naməlum şəxs Kreml
yaxınlığında gözlənilmədən Stalinin kortejinə yaxınlaşdı və öndə
gələn avtomobilə bir neçə atəş açdı. Mühafizəçilər yalnız üçüncü
atəşdən sonra onu zərərsizləşdirə bildilər. SSRİ rəhbərini öldürmək
istəyən Saveli Dmitriyev Mikoyanın avtomobilini Stalinin əyləşdiyi
maşınla dəyişik salmışdı. Fərari sui-qəsdçi Stalinə dərin nifrəti
ilə seçilirdi.
Bir çoxları Saveli Dmitriyevin repressiya qurbanı və ya psixi
xəstə olması ehtimalını irəli sürür. Daxili İşlər üzrə Xalq
Komissarlığının həbsxanasında 8 il saxlanılan sui-qəsdçinin alman
casusu olub-olmaması bu günə kimi təsdiqlənməyib. O, 1950-ci ilin
25 avqustunda güllələndi.
Bir qədər sonra daha iki şəxs SSRİ rəhbərini aradan götürməyə
cəhd göstərdi. Lakin onların hər ikisi sovet kəşfiyyatçıları
tərəfindən zərərsizləşdirildi. Onların hər hansı bir xarici ölkənin
xüsusi xidmət orqanları ilə əlaqədə olub-olmamaları bu günə qədər
təsdiqini tapmayıb. Həmin şəxslərin adları nədənsə məxfi
saxlanılır.
Yaponlar da SSRİ rəhbərini aradan götürməyi planlaşdırmışdılar.
Bunun üçün ən əlverişli fürsət Stalinin Qafqazda dincəlməsi zamanı
ələ düşə bilərdi. Plana əsasən, əməliyyat SSRİ generalı Henrix
Lyuşkovun əli ilə həyata keçirilməli idi.
Henrix Lyuşkov SSRİ-dən Yaponiyaya qaçmış, Rixard Zorgenin
kəşfiyyat qrupu barədə yaponlara məlumat ötürmüş satqınlardan idi.
Lakin yaponlar qrupun rəhbərinin əsl adını bilmədiklərindən,
Zorgeni tapmaq üçün 4 ilə qədər vaxt itirdilər. Sonradan nədənsə bu
əməliyyatdan vaz keçdilər. Lyuşkov isə 1945-ci ilin avqustunda
Vətənə xəyanətdə ittiham edilərək güllələndi.
Stalinə qarşı sui-qəsd əməliyyatları onun şəxsi, ideoloji
düşmənləri, habelə SSRİ rəhbərinin repressiyaya məruz qoyduğu
insanlar tərəfindən hazırlanırdı. Lakin dünyanın 1 nömrəli
kommunistini asanlıqla aradan götürmək mümkün deyildi.
Sui-qəsdçilər hətta onun kortejinə yaxınlaşsaydılar belə, Stalini
öldürmək onlara asan başa gəlməyəcəkdi. Əvvəla, SSRİ rəhbəri
istifadə etdiyi avtomobilləri tez-tez dəyişir, kortejdəki
avtomobillərin hamısından istifadə edirdi. Buna görə də rəhbərin
məhz hansı maşında əyləşdiyini müəyyən etmək çətin idi.
İkincisi, Stalinin özünün ən çox istifadə etdiyi avtomobil
olduqca güclü zirehlə təchiz edilmişdi. Avtomobilin zirehini
avtomat atəşi ilə deşmək mümkün deyildi. Çəkisi 7 ton olan maşını
qumbara ilə zədələmək mümkün olsa da, salonda əyləşmiş diktatoru
məhv etmək çətin idi. Bütün bunlar bir yana, Stalinin şəxsi maşını
karvandakı digər avtomobillərdən qətiyyən fərqlənmirdi.
"Yoldaş Stalin, sizin divana partladıcı maddə
qoyulub"
Bir gün Kremlin daxili telefonu zəng çaldı. Xəbər həyəcanlı idi:
"Stalinin dincəldiyi divana partladıcı maddə quraşdırılıb".
Rəhbərin şəxsi mühafizəçilərindən olan Vasili Tukov və İvan
Xrustalyov dərhal SSRİ rəhbərinin tez-tez əyləşdiyi divanı
yoxlamağa başlayırlar. Elə bu vaxt ölkə rəhbəri içəri daxil
olur:
- Burda nə baş verib?
- Yoldaş Stalin, dincəldiyiniz divana partladıcı maddə qoyulması
haqda məlumat almışıq.
Stalin başını yelləyərək gülür:
- Və siz də bu cür boş-boş şeylərə inandınız?
O, bunu deyib iş otağına gedir. Mühafizəçilər divanı ələk-vələk
etsələr də, heç nə tapa bilmirlər. Məlumat təsdiqini tapmır. Bütün
bunlar bir faktı sübut edirdi: Stalinin mühafizəsi çox etibarlı
idi.
SSRİ rəhbərini öldürmək üçün xüsusi əməliyyatçı - rus
zabiti
Almaniyanın Xarici İşlər naziri İoahim Ribbentrop Stalini rəsmi
tədbirlərdən birində qələm-tapança ilə öldürməyin tərəfdarı idi.
1944-cü il Ribbentrop Almaniyanın Xarici Kəşfiyyat Təhlükəsizliyi
İdarəsinin rəhbəri Valter Şellenberqi yanına çağırtdıraraq SSRİ
rəhbərini aradan götürmək planını hazırlamağı tapşırdı. Ribbentrop,
Şellenberq istisna olmaqla, bütün Almaniyada əməliyyat planından
yalnız 3 nəfər xəbərdar idi - Hitler, Himler və Borman.
Stalini məhv etməyə göndəriləcək şəxs Riqa hərbi aerodromundan 4
mühərrikli xüsusi təyyarədə səmaya qalxmalı, sərhədi keçməli,
Kremlə getməli idi. Güclü zirehə malik xüsusi təyyarə - "Orado"
səmada çətin seçilirdi. Təyyarə həm də müasir naviqasiya cihazı,
güclü zirehlə təchiz olunmuşdu.
Sui-qəsd planını həyata keçirəcək şəxs müəyyən edildi: əsirlikdə
olan rus zabiti Pyotr İvanoviç Şila.
Pyotr Şila 1910-cu ildə çəkməçi ailəsində doğulmuşdu. 30-cu
illərin repressiyaları ilə üzləşmişdi. Bu səbəbdən də Stalin Pyotru
özünə düşmən kimi yetişdirmişdi. "KULAK"a göndərilən Pyotrun
çəkdiyi əzab-əziyyətlər onda Stalinə nifrət yaratmışdı.
O, islah-əmək düşərgəsindən azad olduqdan sonra 5 illik əmək
planında iştirak etdi. Bir dəfə həbs edilsə də, məhbəsdən qaçaraq
Kiyevdə, Daşkənddə və Ufada gizləndi. SSRİ-nin ayrı-ayrı
ərazilərində məskən salan Tavrinin yaşadığı evin yanması onun üçün
göydəndüşmə fürsət oldu. Yeni pasport alan Pyotr Şila soyadını
sənəddə Qavrin, bir neçə il sonra isə Tavrin yazdırdı.
Böyük Vətən Müharibəsi başladıqdan 22 gün sonra - 1941-ci ilin
14 iyulunda orduya çağırılan leytenant Tavrin (artıq onun soyadı
sənədlərdə belə qeyd olunmuşdu) faşistlərin təyyarələrlə sovet
ərazilərinə atdıqları təbliğat vərəqələrini oxuyaraq 1942-ci ilin
mayında almanlara könüllü əsir düşdü. O, əsirlikdə almanlara
işləməyi özü təklif edir, bunu dəfələrlə dilə gətirirdi. Lakin
alman hərbi komandanlığı rus zabitinin onlar üçün hər hansı zəruri
məlumata malik olmadığını görüb Tavrinin təkliflərinə əhəmiyyət
vermədi.
Gestapo bir neçə il sonra - Stalinə sui-qəsd planı aktuallaşanda
Tavrinlə maraqlanmağa başladı. Onu Berlinin yaxınlığındakı xüsusi
düşərgəyə gətirdilər. Əsir burada bir neçə ay xüsusi təlim keçdi.
Almanlar onun SSRİ-yə nifrətindən və pulu sevməsindən istifadə
etməyə başladılar.
Casus bir neçə aylıq təlimdən sonra burdan Pskova göndərildi. O,
SSRİ-də əməliyyat həyata keçirəcəyi planı barədə ilk dəfə burada
eşitdi.
Avstriya əsilli məşhur alman diversantı, SS oberşturmbanfüreri
Otto Skortseni Tavrinlə görüşüb rus zabitinin keçmişi ilə tanış
oldu. Casusla sonra daha 2 dəfə təmasda olan SS rəsmisi Tavrinin
SSRİ rəhbərinə nifrətindən məmnun qalıb məsləhətlərini verdi:
"Unutmayın, casus cəsur olmalıdır. Azacıq tərəddüd uğursuzluq və
məhv deməkdir".
Stalinin aradan götürülməsi əməliyyatına Otto Skortseni özü
başçılıq edirdi.
Sonuncu addım və iflas
Artıq Tavrinə etibar etmək olardı. Almanlar əsl hədəfin Stalin
olduğunu nəhayət ki, ona dedilər. Casus saxta sənədlərlə, Sovet
İttifaqı Qəhrəmanı orden və medalları ilə, hətta bu barədə saxta
qəzet nüsxəsi ilə təmin olundu. Sui-qəsdçinin silah "xəzinə"si da
zəngin idi: 6-8 metrdən atəş açan qələm-tapança, portativ
qumbaraatan, məsafədən idarə edilən mina və xüsusi motosiklet. Mina
Kremldəki tədbirlərdən birində partladılmalı idi.
Tavrinin "Sovet İttifaqı Qəhrəmanı" fəxri adını almasının,
"qəhrəman"ın ağır döyüşlərdə yaralanmasının inandırıcı görünməsi
üçün onu plastik əməliyyat etdilər. Bir sıra zəruri saxta
sənədlərlə təchiz edilmiş sui-qəsdçi Sovet əsgərləri tərəfindən
saxlanılacağı təqdirdə Kremlə vacib iş üçün getdiyini deməli
idi.
Tavrinə mühasib həyat yoldaşı Şilova Lidiya Yakovlevna
(kəşfiyyatçı ləqəbi Şila Adamçik idi) yol yoldaşlığı edirdi. Cütlük
Riqaya göndərildi. Şila Adamçik yalnız burada bildi ki, əri
mühəndis yox, Almaniya kəşfiyyatının üzvüdür.
Tavrin sui-qəsd əməliyyatını iki formada həyata keçirməli idi.
Bunlardan biri portativ qumbaraatan "Pançerknake"dən Stalinin
avtomobilinə atəş açmaqdan ibarət idi. 30 millimetrlik
"Pançerknkake"nin mərmisi zirehi 300 metrlik məsafədən deşirdi.
1943-cü ildə ixtira olunan bu silah o dövr üçün əlverişli idi.
Bəziləri iddia edir ki, qumbaraatan xüsusi olaraq Stalinə sui-qəsd
üçün hazırlanmışdı. Silahı köynəyin qolunda çox asanlıqla gizlətmək
mümkün idi. Cibdə yerləşdirilən cihaz isə silahı işə salmaq üçün
nəzərdə tutulmuşdu.
Ər-arvaddan ibarət sui-qəsdçi tandem 1944-cü ilin 5 sentyabr
gecəsində "Orado" təyyarəsi ilə sərhədi keçdi. Təyyarə SSRİ
sərhədini keçən kimi sovet zenitçiləri tərəfindən güclü atəşə
tutuldu. "Orado" heyəti cütlüyü Sovet kəndlərdən birində düşürdü.
Tavrin və arvadı motosikletə minən kimi qonşu kəndin sakinləri bu
barədə yerli milis idarəsinə xəbər verdilər.
Sui-qəsdçilərin idarə etdiyi motosiklet bir neçə saat sonra
Sovet hərbçiləri tərəfindən saxlanıldı. "SMERŞ"in zabiti, baş
leytenant Dmitriyev tapşırığa uyğun olaraq, "Sovet İttifaqı
Qəhrəmanı"ndan müvafiq sənədləri tələb etdi. Sinəsi
orden-medallarla dolu Tavrin Kremlə tələsdiyini desə də, əli
avtomatlı əsgərlərin müşayiəti ilə milis idarəsinə gəlməyə məcbur
oldu. Tavrin haradan biləydi ki, SSRİ kəşfiyyatı almanların
kəşfiyyat materiallarını çox asanlıqla oxuya bilir və Stalinə
ediləcək sui-qəsd planından xəbərdardır. NKVD isə onun həbsi üçün
xüsusi əməliyyat planı hazırlayıb.
Motosikletdən saxta sənədlərlə yanaşı, Stalinə atəş açmaq üçün
hazırlanmış xüsusi qələm-tapança, mərmilər, mina və "Pançerknkake"
qumbaraatanı və külli miqdarda pul götürüldü.
Ələ keçdiyini başa düşən Tavrin Sovet casusları ilə görüşmək,
onlara zəruri məlumatlar vermək istədiyini desə də, əvvəlcə buna
razı olmadılar. Çünki Sovet kəşfiyyatı almanların məxfi planları
haqqında hər şeyi bilirdi.
Sovet əks-kəşfiyyatı almanları necə aldatdı
Tavrin zərərsizləşdirildikdən sonra dəfələrlə SSRİ casuslarına
əməkdaşlıq təklif etdi. Sovet casusları, nəhayət, onu ciddi nəzarət
altına alaraq almanlarla yazışmasına imkan yaratdı. Məqsəd
faşistlərin növbəti kəşfiyyat planlarından onların öz agentləri
vasitəsilə xəbərdar olmaq idi. Bu cür uğurlu əks-kəşfiyyat
əməliyyatı "Duman" adlanırdı.
Tavrin sağ qalmaq şərti ilə faşistləri 8 həftə aldatdı. Almanlar
bir də 2 ay sonra – 1945-ci ilin əvvəllərində Tavrinin sovetlərin
tapşırığı ilə onlarla yazışdığını başa düşdülər.
İndi Tavrin nə sovetlərə, nə də almanlara lazım idi. Ər-arvad
1952-ci ilin 1 fevralında vətənə xəyanətdə ittiham edilərək
güllələndi.
Bu əməliyyatı uğurla həyata keçirdiyinə görə Stalin tərəfindən
general-polkovnik, SSRİ Xalq Müdafiə Komissarlığının "SMERŞ"
Əks-Kəşfiyyat Baş İdarəsinin rəhbəri Viktor Abakumova "Kutuzov"
ordeni verildi. Həmin vaxt bu ordenlə ancaq cəbhədəki hərbi
əməliyyatlarda fərqlənənlər təltif edilirdilər.