Rusiya mafiyasının işini
araşdıran İspaniya Baş Prokurorluğu cinayətkar qruplaşma liderləri
ilə Rusiya hakimiyyətinin yuxarı dairələri arasında əlaqəni müəyyən
edib.
Axar.az Rusiyanın "Nyu Tayms" jurnalına istinadla xəbər verir
ki, prokurorluğun ittihamnaməsində Rusiya Federal Təhlükəsizlik
Xidmətinin Sankt-Peterburqdan olan müxtəlif cinayətkar qrupların
yaradılmasında rolu olduğu bildirib.
Qeyd edək ki, İspaniyada rus mafiyası işi 2008-ci ildən bu yana
polis tərəfindən araşdırılır. Bir müddət öncə İspaniya Baş
Prokurorluğu bununla əlaqədar sənədləri məhkəməyə təhvil verib.
İttihamda Sankt-Peterburqdan olan cinayətkarların adı yer alıb.
Onlarla bərabər ittihamnamədə Rusiyanın yüksək çinli məmurlarının
da adları var.
Rus mafiyası İspaniyada 1990-cı illərdən fəaliyyət göstərir.
Təşkilatın rəhbərləri Aleksandr Malışev və Gennadi Petrov hesab
edilir. Məhz bu qruplaşma İspaniyada 90-cı illərdən bu yana
rusiyalı məmurların çirkli pullarının yuyulması ilə məşğul olub. Bu
işdə isə daha çox saxta daşınmaz əmlak şirkətlərindən istifadə
edilib. Petrovun özü 2008-ci ildə İspaniya polisi tərəfindən
keçirilən "Troyka" əməliyyatında 20-dən çox qruplaşma üzvü ilə
birgə həbs edilib. Həbs edilməzdən öncə qruplaşmanın liderlərinin
telefon danışıqları 18 ay gizli dinlənilib. Petrov həbs olunandan
qısa müddət sonra ölkəni tərk etməməsi şərti ilə azadlığa
buraxılıb, lakin az sonra o, Rusiyaya qaçmağı bacarıb. İspaniyanın
dəfələrlə müraciət etməsinə baxmayaraq, Rusiya Daxili İşlər
Nazirliyi təqsirkarların öz ərazisində axtarılmasına izn verməyib.
Rəsmi Madrid Petrovun indiyə qədər 20 milyon avronu İspaniyadan
gizlətməyi bacardığını iddia edir.
Petrovun həmçinin Rusiya Prezidenti Vladimir Putinin dostları
hesab edilən Nikolay Şamalov və Yuri Kovalçukla da yaxın
münasibətləri olub. 1997-1998-ci illərdə onun sahib olduğu "Rusiya
bankı" məhz Şamalovla Kovalçuk tərəfindən yaradılıb.
Lakin siyahı bununla bitmir. İspan prokurorlarının ittiham
etdiyi şəxslər siyahısında olan rus deputat Vladislav Reznik
təşkilatın Rusiya hakimiyyətinin ən yüksək instansiyaları ilə
əlaqələrinə cavabdeh olub. Məhz Reznik sayəsində İlya Traber,
keçmiş Müdafiə naziri Anatoli Serdiyuk, keçmiş Baş nazir Viktor
Zubkov, keçmiş spiker Boris Qrızlov öz çirkli pullarını İspaniyada
leqallaşdırmağı bacarıblar.
İspaniya təşkilatın ən böyük uğurunun Aleksandr Bastrıkinlə
bağlı olduğunu bildirib. Polisin apardığı telefon dinləmələrinin
birində Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinin keçmiş vəkili
(hazırda Rusiya İstintaq Komitəsinin sədr müavini – red.) İqor
Sobolevski Petrova müştərisinin təşəkkürünü çatdırır:
"Saşa onun vəzifəyə təyin edilməsinə yardım edən vasitəçiyə
təşəkkür edir".
Hələlik vasitəçinin adı bilinmir. Lakin istintaq materiallarında
Sobolevskinin məhz Petrov və Reznikin vasitəsilə 2008-ci ildə
Bastrıkinə müavin təyin edildiyi yer alıb.
Petrovun Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal
Xidmətinin sədr müavini general Nikolay Aulovla da geniş əlaqələri
varmış. Aulovla əlaqə hələ Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi
Federal Dairəsinin sədri olduğu vaxt yaranıb. General təkcə 18 ay
ərzində Petrova 78 dəfə zəng edib. Onun sayəsində Rusiyada Petrova
yaxın dairələrə maneə yaradan polislər həbs edilib.
Ən maraqlı məqamlardan biri isə rusiyalı deputat Mixail
Monastırskinin ölümü olub. Rusiya mətbuatı Monastırskinin
dindirilmə zamanı bu qruplaşmanın KQB və FSB ilə əlaqələrinin
olduğunu bildirib. O, dindirilmə zamanı bu sözlərə xüsusi yer
ayırıb: "Bu qruplaşmanın təsiri yalnız Putinin prezidentliyi başa
çatanda sona yetəcək". Bu sözlərindən az sonra Monastırski təsadüfi
qəza nəticəsində həlak olub.