Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov
tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın işinə görə
yeni həbslər gözlənilir.
ANS -in məlumatına görə, kollektordan şikayətçi
olan ailənin şikayətlərinə baxmayan polis əməkdaşları cəzalandırıla
bilərlər.
Ruslanın ailəsi yerli polisə bir neçə dəfə müraciət edərək
kollektorun onları təhdid etdiyini bildirib. Kollektordan təhlükəli
təhdidlər almış ailənin bəyanatlarına reaksiya verməyən polislərin
həbs olunacağı gözlənilir.
Hazırda işi aparan istintaq komitəsi bu yöndə araşdırmalar
aparır. Hüquq-mühafizə orqanlarında olan mənbə yaxın günlərdə
polislərin həbs ediləcəyini qeyd edib.
"Daxili işlər orqanlarının vəzifəli şəxslərinin fəaliyyətsizliyi
nəticəsində daha əvvəl təhdidlər barədə ərizə verənin və onun
azyaşlı nəvəsinin həyatına qəsd edilmişdir. Onlar vaxtında bu
barədə ölçü götürməli idilər", - deyə Rusiya istintaq komitəsinin
Ulyanovsk vilayə üzrə rəhbərinin baş köməkçisi Aleksandr Sorokin
bildirib.
Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı
Ruslanın səhhəti hazırda yaxşılığa doğru gedir. Ruslan Hüseynov
müalicəsini artıq evdə davam etdirir. Alınmış yanıqlara baxmayaraq,
Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir. Uşağa yüzlərlə
tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk
şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun
qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə
"Molotov Kokteyli" atıb. "Molotov kokteyli" ikiyaşlı uşağın yatdığı
çarpayıya düşüb.
Nəticədə, uşaqla bərabər onu xilas etməyə çalışan babası 56
yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü
yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən
həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıblar.
Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru
tutub.
İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit
götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə
görə, buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40
min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün
əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının
sözlərinə görə, bu məqsədlə onlar bir neçə dəfə kollektorların
təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.