Cəmisi iki il SSRİ-nin
Xalq Daxili İşlər Komissarlığına (NKVD) başçılıq edən Nikolay Yejov
qəddarlığı və cəlladlığı ilə tarixə iz buraxıb. 700 minə yaxın
insanın ən ağır cəzalara məhkum olunmasında birbaşa iştirakı olan
Yejovun NKVD-də fəaliyyəti "Yejovşina" dövrü kimi repressiyalarla
yadda qalıb.
Modern.az-ın təqdim etdiyi materilada vurğulanır ki, Stalinin
repressiya maşınını böyük ustalıqla idarə edən Nikolay Yejov həmin
dövrdə "dəmir komissar" adına sahib olub. İki illik ibtidai təhsili
olan Yejov bütün varlığı ilə Stalinə sədaqət nümayiş etdirib.
Ardı-arası kəsilməyən repressiyaların, sürgünlərin, güllələnmələrin
icrasını həyata keçirən Yejov o qədər amansız olub ki, ölüm hökmü
ilə bağlı sənədlərə imza atmaqla öz cəlladlıq ehtirasını söndürə
bilməyib, bir çox hallarda cəzaların icrasında şəxsən iştirak
edib.
Yejovun NKVD-yə rəhbərlik etdiyi dövrdə diqqət çəkən məqamlardan
biri "xalq düşmənləri"nin sayına qoyulan plan olub. NKVD başçısı
hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını
konkret rəqəmlərlə göstəriş verib. Cəzalar iki növə bölünüb,
güllələnmə və xüsusi düşərgələrə sürgün. Repressiyaya məruz qalacaq
insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də
hazırlanıb. Bu insan talelərinə son qoyan sənəd Siyasi Büroda
təsdiqlənib. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi
qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa sürgün
və türmə cəzası nəzərdə tutulub.
Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür
yazışmalar olub. Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı
idarəsinin rəisi Qorbaçın Yejova teleqramı: "Vilayətdə 1-ci
kateqoriyadan 5444 nəfər həbs olunub".
Yejovun cavabı: "1-ci kateqoriyaya aid olan həbslərin sayı 8
minə çatdırılsın və təcili məruzə edilsin". Digər məruzələrdə
göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər
artıq yerinə yetirib.
Rəhbərin bütün tapşırıqlarını kor-koranə olsa da canla-başla
lazımi səviyyədə həyata keçirən Nikolay Yejov mövcud dövrdə Stalin
üçün sərfəli kadr olub. Onun üçün Yejov repressiya aləti
funksiyasını daşıyıb. Ölkədə tüğyan edən repressiya dalğasının
xalqda böyük narahatçılıq yaratdığını Stalin dərk edib və təbii ki,
bunun törədə biləcək fəsadlarını da düşünüb. Amma rəhbər üçün çıxış
yolu tapmaq çətin olmayıb. "Yejovşina dövrü"nə son qoymaq və
sonradan onu lənətləmək.
Digər tərəfdən də Yejovun fəaliyyətində bir sıra qüsurlar özünü
biruzə verməyə başlayıb. Yejov spirtli içkilərin aludəçisi olmaqla
yanaşı, narkotik vasitələrdən də istifadə edib. Hətta bəzi hallarda
içkinin təsirindən özünü idarə edə bilməyib. Bu haqda Siyasi
Büronun üzvləri və şəxsən Stalin də məlumatlı olub. Stalin sonralar
Yejov haqqında bu fikirləri səsləndirib:
"Yejov, bu insanı yalnız alçaq adlandırmaq olar. O bizim ən
dəyərli insanlarımızı məhv etdi. Son vaxtlar özünü tamamilə
itirmişdi. Zəng edirdin komissarlığa, deyirdilər Mərkəzi Komitəyə
gedib. Zəng edirdin Mərkəzi Komitəyə, deyirdilər işə qayıdıb. Evinə
adam göndərirdin ki, kefli vəziyyətdə meyit kimi yatıb. Neçə
günahsız insanların həyatına son qoyub bu insan. Buna görə də biz
onu güllələdik".
SSRİ adlı məkanda at oynadan, meydan sulayan Yejovun ailəsində
böyük problemlər yaşanıb. Rəsmi nikahda olduğu həyat yoldaşı
Sulamifya bir çox kişilərlə eşq macəraları ilə ad çıxarıb. 1938-ci
ildə isə Mixayıl Şoloxovun məşuqəsi olub. Onlar heç kimdən
çəkinmədən Moskvanın mehmanxanalarında sevgi oyunları yaşayıblar.
Onların olduqları otaqlarda gizli səsyazan qurğular quraşdırılıb və
Yejov həyat yoldaşı ilə Şoloxovun intim söhbətlərinə dəfələrlə
qulaq asıb.
Yejov isə özünə Sulamifyanın rəfiqəsini məşuqə seçib. Özünün
homoseksual olduğunu etiraf edən Yejov məşuqəsinin əri ilə cinsi
əlaqədə olub.
Nikolay Yejov 1939-cu ilin aprelin 10-da xarici kəşfiyyatla
əməkdaşlıq, Sovet hakimiyyətinə qarşı gizli silahlı üsyanın
hazırlanması və homoseksual olmaq ittihamı ilə həbs olunub.
Nikita Xruşov yazdığı xatirələrində Yejovun həbs olunduğu günü
belə xatırlayır: "Həmin gün mən Kremldə idim. Stalin məni Kremldəki
mənzilinə şam yeməyinə dəvət etmişdi. Otaqda bizdən başqa Molotov
və bir neçə nəfər də var idi. Yejovdan söhbət düşəndə heç vaxt öz
təmkinini pozmayan Stalin möhkəm əsəbləşdi və dedi ki, bu təhlükəli
caninin həbs olunmaq vaxtıdır, elə bu gün. Biz nadir hallarda
Stalinin belə əsəbləşdiyini görmüşdük. Qısa bir vaxtdan sonra
otaqda telefon zəng çaldı. Yejovun həbsi haqqında Stalinə məruzə
edildi".
1940-cı ilin fevralın 1-də Yejovun istintaqı sona çatıb.
İstintaqı aparan Yesaulov ittihamnaməni oxuduqdan sonra
soruşub:
- Siz günahınızı etiraf edirsinizmi?
Yejov qətiyyətlə etirazını bildirib:
- Xeyr mən ittihamnamə ilə razı deyiləm. Tələb edirəm Siyasi
Büronun üzvlərindən biri mənimlə görüşsün.
- Axı siz istintaq materiallarına qol çəkib imza atmısınız.
- Mən bunu ona görə etmişəm ki, məni incitməsinlər,
döyməsinlər.
Yejovla söhbəti alınmayan müstəntiq onun tələbi haqqında
Beriyaya məlumat verib. Beriya da öz növbəsində istintaqın
yekunlaşıb işin məhkəməyə verilməsi haqqında Stalinə məruzə edib və
deyib ki, bu balacaboy (Yejovun boyu 1 m 51 sm olub) yaramaz
məhkəmədə öz günahını etiraf etməyəcək, hələ üstəlik artıq-əskik də
danışacaq. Nəhayət belə qərara gəlinib ki, Beriya Yejovla görüşsün.
Səhərisi gün Beriya türmədə Yejovla özünəməxsus tərzdə görüşüb.
Görüş otağına girən kimi stolun üstünə bir qrafin araq qoyub:
- Süz iç Kolya, bir az rahatlan. Bu nədir əllərin əsir. Qoy mən
sənə süzüm. Sənin kimi o qədər çinovniklər partiyamızın qarşısında
mərdi-mərdanə günahlarını etiraf ediblər. Amma heç biri sənin kimi
qorxmayıb. Bəlkə sən də günahlarını boynuna alsan həyatını xilas
etmiş olarsan.
- Siz mənə söz verə bilərsiniz ki, mənim qohumlarım represiya
məruz qalmayacaqlar? Axı onların heç bir günahı yoxdur.
- Buna şübhən olmasın. Birin də iç və get düşün. Məhkəmədə
günahlarını boynuna al.
Əslində Nikolay Yejov onu nə gözlədiyini çox gözəl bilirdi. Axı
vaxtilə belə məsələlərlə birbaşa özü məşğul olmuşdu. O yaxşı dərk
edirdi ki, məhkəmədə etirafın edilib edilməməsindən asılı olmayaraq
Stalinin qərarı yerinə yetirilməlidir.
Yejovun məhkəməsi çox da uzun çəkməyib. Ona qarşı irəli sürülən
ittihamların heç biri ilə razılaşmayan Yejov yalnız homoseksual
olduğunu etiraf edib və bildirib ki, o hələ gənc yaşlarından
kişilərlə cinsi əlaqədə olub. Həmin dövrdə homoseksuallıq cinayət
əməli sayılıb.
Məhkəmədəki son çıxışında Yejovun ən yadda qalan ifadəsi isə bu
olub: "Yoldaş Stalinə çatdırın ki, mən ona sədaqətlə xidmət
etmişəm, öləndə də Stalin uğrunda deyib öləcəm".
Məhkəmə Nikolay Yejova ona məxsus olan əmlak və əşyalarını
müsadirə etməklə güllələnmə hökmünü çıxarıb.
1940-cı ilin fevralın 4-də məhkəmənin hökmü icra olunaraq
Nikolay Yejov güllələnib. Həyatının sonuncu dəqiqəsində o "Yaşasın
Stalin!" sözünü deyib.