Sovet siyasətçisi Lev Davidoviç Trotski Rusiyadan zorla çıxarıldıqdan sonra üz tutduğu Türkiyədə SSRİ kəşfiyyatı tərəfindən izlənilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, bolşevik siyasətçi Trotskinin 1929-1933-cü illər arasında İstanbulun Büyükadasında sürgündə yaşayarkən sovet kəşfiyyatı tərəfindən izlənib.
MİT-in rəsmi internet saytındakı "Xüsusi Kolleksiya" bölməsində dərc olunan hesabatdan məlum olur ki, Trotskinin izlənməsi barədə Türkiyə MİT məlumatlı olub. MİT-in İstanbul bölməsinin rəisi Əziz Hüdainin imzası ilə bu barədə rəhbərliyə məruzə edilib.
16 yanvar 1932-ci il tarixli hesabatda aşağıdakı ifadələr yer alıb:
"Erməni tərcüməçimiz... bizə qarşı mövqeyini yaxşılaşdırmaq üçün işə başlayıb. O, Sərkisin agenti kimi fəaliyyət göstərən və sənədlərimizdə adı GPU agenti kimi keçən Dovranovla əlaqə saxlayıb. Davranov ilk vəzifəsi olaraq bu təklifi irəli sürüb: "Biz Trotskini yaxından izləmək istəyirik. Onun yanına kimlər gəlir, hara gedir və kiminlə görüşür, evdə ən çox hansı işlərlə məşğul olur, kimlə yazışır?" - deyə sənəddə qeyd olunur.
Dovranov MİT-in agentinə bildirib ki, əgər maşın tapmaqda çətinlik çəksəniz, Trotski adada olarkən onun yanında olan polis Saleh Əfəndi ilə görüşün və ona xəbər verin: "Başqalarına məlumat verən bu usta, yəqin ki, sizə də kömək edəcək. Görəcəyiniz işin dəyərinə uyğun olaraq sizə avtomobil və ödəniş veriləcək. Həm də bu günlərdə İngiltərədən Trotski ilə görüşə bir adam gələcək. Onun kimliyini və niyə gəldiyini öyrənin".
Yayılan sənədlərdə Trotskini izləyənlərin sovet kəşfiyyatına ötürdüyü digər məlumatlar da əksini tapıb.
Qeyd edək ki, Sovet Rusiyasından çıxarılıb Türkiyəyə göndərilərkən Trotskinin 50 yaşı vardı. Türkiyə hökuməti onun təhlükəsizliyini qorumağa çalışıb.
Trotski 1931-ci ilə qədər İstanbulda yaşayıb. 1940-cı ilin avqustunda Meksikada öldürülüb. Qətl SSRİ NKVD-nin İspaniyadan olan agenti Ramon Merkader tərəfindən törədilib.