Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Ukrayna üzrə sülh sazişinin əsas məsələsinin “beş mübahisəli ərazi” – Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye – olduğunu bildirməsinə sərt reaksiya verib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Odessada keçirilən mətbuat konfransında danışıb.
“Bilirsiniz ki, bizim üçün bu qırmızı xətdir – hər hansı bir ərazini Rusiya ərazisi kimi tanımaq bizim üçün qəbuledilməzdir. Bu şəxslər (xüsusi elçi Stiven Uitkoff nəzərdə tutulur – red.) səlahiyyətlərinə daxil olmayan məsələləri müzakirə edirlər”, – Zelenski bildirib.
Qeyd edək ki, Uitkoff “Foks Nyus” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə artıq üç dəfə görüşdüyünü deyib. Onun sözlərinə görə, Sankt-Peterburqda keçirilən son danışıqlarda Putin davamlı sülh istədiyini bildirib.
Trampın xüsusi elçisi konfliktin nizamlanmasında əsas məsələnin “beş mübahisəli ərazi” olduğunu desə də, əlavə edib ki, münaqişənin həlli bununla məhdudlaşmır.
“Burada təhlükəsizlik protokolları, NATO-nun kollektiv müdafiə haqqında maddəsi və bir çox başqa detallar var. Bu, mürəkkəb situasiyadır və əsasında iki ölkə arasında baş vermiş ciddi problemlər dayanır”, – deyə o qeyd edib.
Xatırladaq ki, Putin və Uitkoffun sonuncu görüşü 11 aprel tarixində Sankt-Peterburqdakı Prezident Kitabxanasında baş tutub və dörd saatdan çox davam edib. Görüşdə əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub.