Axar.az yazıçı-publisist Vahid Qazının "Varşava –
azadlıq və sevgi şəhəri" adlı reportajını təqdim edir:
Varşava adına ilk dəfə
evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun
atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan
vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda
bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi
saxlayırdı.
Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan
olmasın, bəlkə bir iyirmi dəfə.
Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə
sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20
il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun
pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim.
Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə
kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan
Qərbi Avropaya can atan gördüm.
***
Maşınla çıxdığım bu dəfəki Polşa səfərimsə əvvəlkilərdən
fərqlidi. İndi ailəyləyəm, uşaqları gəzməyə, görməyə, tanımağa
gətirmişəm.
"Varş və Sava" əfsanəsi
Varşava Visla çayı sahilində yerləşir. Əfsanəyə görə Varş adında
bir balıqçı bu yerdən üzüb keçərkən sehirli bir səslə oxunan gözəl
mahnı eşidir. Səs onu valeh edir, tilsimləyir. Varş mahnı oxuyanı
axtarıb tapır. Tapır və heyrətlənir. Sən demə, o sehirli səsin
sahibi Sava adlı qəşəng bir su pərisiymiş – yarı qız, yarı
balıq.
Varş su pərisinə aşiq olur, onu evinə gətirir, amma Sava bütün
günü göz yaşı tökür, "susuz yaşaya bilmərəm, məni çaya qaytar",
deyib yalvarır. "Mən axı, səni sevirəm!". "Elə sevdiyin üçün yaşat
məni, qaytar ora, sənin qoruyucun olaram, hər cür bəladan hifz
edərəm".
Sevgilisinin bu halına dözməyən Varş onu çaya gətirir. Onlar elə
buradaca evlənib yurd salırlar. Sava dediyi kimi də edir, ailəsini,
təzə yurdunu qoruyucu mələk kimi təhlükələrdən qoruyur.
Varşava sözü Varşla Sava adlarından yaranıb. Əlində qılınc və
qalxan tutan su pərisi bu günkü Varşavanın emblemidir.
İşğallar ölkəsi
Elə bil Varşavanı gözləyən saysız-hesabsız təhlükələr Savaya
əyanmış. Bilirmiş gələcəkdə nələr gələcək bu şəhərin başına.
Ölkə dəfələrlə istilaya məruz qalacaqdı, neçə-neçə müharibəyə
meydan olacaqdı. Qonşuların biri qoşunu Qərbdən salanda, o biri
Şərqdən çəkəcəkdi. Sözləşib aralarında bölən vaxtları da olacaqdı
Polşa torpaqlarını.
Amma heç biri onun azadlıq əzmini qıra bilməyəcəkdi. Hər
dəfəsində polyak xalqı yadellilərə qiyamla cavab verəcəkdi.
İkinci Dünya müharibəsində Varşava tamamən dağıdılmışdı. Bizim
Ağdamın indiki günündə idi. Bu bənzətmə Ağdam xarabalıqlarını görən
polyak kökənli ABŞ diplomatı Metyu Brayzaya məxsusdu.
1944-cü ildə Polşa Müqavimət Hərəkatının faşistlərə qarşı
qaldırdığı qiyam qanda boğuldu, şəhər yerlə-yeksan edildi. Qiyamın
Londonda yerləşən gizli hökumətə bağlı olması səbəbindən sovet
ordusu Vislanın Şərq sahilində gözləmə mövqeyi tutdu, müdaxilə
etmədi. Polyak dostların çoxu bunu Rusiyanın tarix boyu onlara
etdiyi çoxsaylı zülmlərdən ən dəhşətlisi sayır.
Varşava xarabalıqları Roman Polanskinin 2002-ci ildə şəkdiyi
"Pianist" filmində iri planda təsvir edilib.
Müharibədən sonra şəhər yenidən tikilib. Onun Stare Miasto
adlanan qədim hissəsi əvvəl olduğu kimi – XVII-XVIII əsrlərin
çertyojları əsasında bərpa olunub.
Elə həmin yerdəcə booking.com saytından xudmani bir mənzil
kirayələdim.
Mənzilimizin pəncərəsi Rynek Starego Miastaya, yəni Bazar
meydanına açılır. Şuşada buna oxşar yerə Bazarbaşı deyərdik.
Qələbəlik bir yerdi. Çoxlu suvenirlər satılan butikləri,
kafe-restoranları var.
Qəsr meydanı (Plac Zamkowy) burdan bir məhəllə aşağıdadı. Kral
sarayının darvazası bu meydana açılır. Darvazadan keçib sarayın
həyətinə giririk. Uşaqlara iştirakçısı olduğum konfransların
birində Varşava merinin burada verdiyi ziyafət haqda danışıram.
Onların "İrena nənə" çağırdıqları İrena Lasotanın sonralar Polşa
prezidenti olan Lex Kaçinskiylə məni tanış eləməsindən söz açıram.
Onda Varşavanın meriydi. Uşaqların onun təyyarə qəzasında
ölməsindən, bu haqda yazdığım "Xilas missiyalı ölüm" adlı
məqaləmdən xəbərləri yoxmuş. Evə qayıdanda oxuyacaqlarını
deyirlər.
Kral Ziqmunt III Vasanın (eyni zamanda İsveç kralı və Böyük
Litva knyazı idi) 8,5 metrlik sütun üstündəki tunc abidəsi də Qəsr
meydanındadı. 1644-cü ildə tikilib. Müharibə vaxtı faşistlər vurub
heykəli yerə salıbmışlar. Onu da sonra bərpa ediblər.
Meydanın elə bura yaxın yerindən köhnə qala divarlarının
qalıqları görünür. Divar köhnə şəhərlə təzə şəhər arasında yerləşən
Barbakan (yarımdairəvi hərbi tikili) abidəsinədək uzanır. Buralar
turistlərin çox gələn yeridi.
Qala divarlarının qalıqları başlayan yerdə Katın faciəsi
qurbanlarının şərəfinə qoyulmuş abidə var. 1939-cu ildə Polşanının
şərq torpaqlarını işğal edən sovet ordusunun əsir götürdüyü polyak
zabitlərinin kütləvi güllələnməsi faktını faşistlər aşkarlayır,
"kommunist vəhşiliyi" deyib dünyaya car çəkirlər.
Tarixə "Katın qırğını" kimi düşən faciə haqda məşhur polyak
rejissor Anje Vaydanın çəkdiyi "Katın" filmində ətraflı bəhs
olunur.
Sonra Świętojerska küçəsində vaxtilə yəhudi gettosunun divarları
keçən yerdə qoyulmuş abidə önünə gəlirik.
Uşaqlar yəhudilərin tarixindən, zaman-zaman düçar olduqları
talan və qırğınlarından dediklərimi həvəslə dinləyirlər, sual
verirlər. "Azərbaycan yəhudilərin incidilmədiyi tək-tük
ölkələrdəndi" deyib dağ yəhudilərindən də söz salıram.
BİRİNCİ HAŞİYƏ – Ölüm muzeyi
Yəhudilərdən danışdığımız günün səhəri Krakova yollanmaqda əsas
məqsədim uşaqlara Osvensim həbs düşərgəsini göstərmək idi.
Almanların Auşvitz dediyi ölüm düşərgəsi Krakovdan 60 kilometr
aralıdı.
Muzey kompleksə üç düşərgə daxildi. Auşvitz I əvvəl düşərgə kimi
istifadə olunub. Auşvitz II və Auşvitz III düşərgələri tikiləndən
sonra əvvəlkini ümumi düşərgə kompleksin inzibati ərazisi
ediblər.
Auşvitz faşistlərin bir çox yerdə yaratdığı düşərgələrin ən
böyüyüdü. Burada milyondan çox yəhudi, on minlərlə qaraçı, polyak
və sovet əsiri məhv edilib.
Ot tayası boyda insan saçı, qalaq-qalaq eynək, çemodan,
ayaqqabı, əlil protezi adamda vəhşət duyğuları yaradır.
Bəli, bura Yer kürəsinin ən vahiməli yeridi. Qaz kamerasından
keçib krematoriyaya girəndə elə bilirsən 1 milyonlarla insanın
bağırtısı qulağında cingildəyir.
Uşaqların üzündə əvvəllər rastlamadığım ifadə vardı. Balaca
Ayanın gözlərindəki qorxu qarışıq kədəri görəndə bir anlıq onları
bura gətirdiyim üçün özümü qınadım. Sonra ətrafda yüzlərlə turist
arasında onlardan da kiçik uşaqlara baxdım, daha qınamadım.
Səfər öncəsi Stiven Spilberqin "Şindlerin siyahısı", Uve Bollun
"Auschwitz" kimi filmlərinə birgə baxmışdıq deyə onları hazırlıqlı
bilirdim. Görünür muzey daha real təəssürat yaradırmış.
Qiyamlar diyarı
Divar boyu gəzintini davam edirik. 1944-cü il qiyamında iştirak
etmiş uşaqların xatirəsinə düzəldilən heykəlin (Pomnik Małego
Powstańca) önündə dayanırıq.
Uşaqlara Polşa tarixində olan qiyamlardan danışıram. 1830,
1863-cü illərdə Rusiya imperiyasına, 1944-cü ildə alman
faşistlərinə, 1980-ci ildə kommunist rejiminə qarşı "Solidarnost"
hərəkatından bildiklərimi deyirəm. Ötən yay Gdanskda olanda
"Solidarnost" muzeyində olmuşduq, hərəkatın başladığı gəmiqayırma
zavoduna getmişdik.
Dolanıb Bazar meydanına gəlirik. Burda saysız-hesabsız
restoran-kafenin səyyar filialı var. Baxa-baxa keçirik. Menyüsündə
əsasən polyak milli yeməkləri olan "Zapiecek" kafesini seçirik.
Kəmərin altını bərkidib qələbəlikdə gəzintiyə davam edirik.
Axşam düşüb, şər qarışsa da heç kim evə tələsmir.
Adamların sıx olduğu küçənin tinində bir dəstə gənc musiqiçi
ötənlərin diqqətini çəkməyə çalışır. Yaxınlaşırıq. Yaraşıqlı qız
skripkada tanış musiqi çalır. Uğura işarə edirəm ki, qoşul bunlara.
Əvvəl utanır. Sonra qızdan skripkanı elə ərklə istəyir ki, sanki
yüz ilin dostudu. Alıb əla bir popuri çalır.
Şopenin ürəyi
Növbəti günün səhəri Müqəddəs Xaç kilsəsində (Kościół Świętego
Krzyża) Şopenin ürəyi gömülən sütunun yanında uşaqlara dedim ki,
qəlbiylə dinləməyi bacaran kəs bu ürəyin döyüntüsünü eşidə bilər.
Elə inamla söylədim ki, dediyimə az qala özüm də inandım.
İyirmi yaşında Polşanı tərk edəndə bir daha qayıtmayacağı
Şopenin ağlına da gəlməzdi. Qəbri Parisdə qazılan bəstəkar ürəyinin
vətəndə dəfn olunmasını vəsiyyət edib. Onun ürəyini vətənə bacısı
gətirib. Yerji Antçakın çəkdiyi "Şopen. Sevgi arzusu" filmində bu
səhnə yaxşı təsvir edilib, baxmağı şopensevər oxuculara tövsiyyə
edirəm.
Kilsədə, ürəyin qoyulduğu sütunun önündə adam özünü
ziyarətgahdakı kimi hiss edir. Şopen musiqisini duyub sevənlər üçün
bura elə müqəddəs ziyarətgahdı. Allah evində uyuyan bəstəkar qəlbi
– məbəd içində altar.
Şopenin muzeyi kilsədən elə də aralı deyil. Piyada 15 dəqiqəyə
Okolnik küçəsi 1 ünvanında yerləşən
muzeyə çata bilərsən. Şopenin notları, əlyazmaları, fortepianosu
sanki böyük bəstəkarla canlı ünsiyyət vasitələridi.
Qızım Nərgiz yaşadığımız Blekinge lənində (inzibati ərazi
vahidi) keçirilən müsiqi müsabiqəsinin qalibi olanda Şopenin "Op.7
No.1" saylı mazurkasını da çalmışdı. İndi onun fortepianosuna elə
maraqla baxırdı ki, elə bil, bəstəkarın özüylə danışacaqdı.
Palas Kultura – mədəniyyət ironiyası
Kommunist dövrünün "Palas Kultura" deyilən əzəmətli binası
şəhərin mərkəzində Misir ehramı kimi durur. Eyfel qülləsi Parisin
hər yanından göründüyü kimi bu nəhəng bina da Varşavanın dörd-bir
tərəfindən boy verir.
Polyaklar ona ağır illərin acı xatirəsi kimi baxırlar. İkinci
Dünya Müharibəsindən sonra qalib kommunistlər çox ölkənin paytaxt
şəhərində belə möhtəşəm binalar tikiblər. Kommunizmin əzəmətini
göstərən bu binalara "Stalin göydələni" deyirdilər. Bakıda "hökumət
evi" dediyimiz bina da bu silsilə tikililərdəndi.
Stalin adına Elm və Mədəniyyət Sarayı kimi tikilən "Palas
Kultura"dan hündür bina tikintisinə uzun illər icazə verilməyib.
Yalnız kommunizm erası bitəndən sonra binanın ərtafında xeyli
müasir göydələn tikildi.
231 metrlik "Palas Kultura"nın 33-cü mərtəbəsində şəhərə mənzərə
açılır. Turistlərin çox gəldiyi yerlərdən biridir bura.
Yeri gəldi, onu da deyim ki, turistləri ən çox cəlb edən Polşa
şəhəri Krakovdu.
İKİNCİ HAŞİYƏ – Renesans yadigarı Krakov
Krakov 1611-ci ilədək Polşanın paytaxtı olub. Onun inkişaf edib
başqa məşhur Avropa şəhərləriylə yanaşı durmasında İtaliyada
başlayan İbtibah dalğası əsas rol oynayıb. O dövrün məşhur italyan
rəssamları, tacirləri bura axışıb və təbii olaraq özləriylə yeni
mədəniyyət havası gətiriblər.
Sürət qatarı Varşavadan bura iki saat yarıma gəlir. Dörd saata
maşınla da yetişmək olur. Özü də əsl Avropa standartlarına cavab
verən yeni magistral yolla gəlsəniz yolurmazsınız.
Polyakların ən çox sevdiyi şəhər Krakovdu. Müharibədən salamat
qurtulan şəhər saysız tarixi abidələrini qoruyub saxlayır. Yolunuz
bura düşsə, şəhərin qədim hissəsinə – Köhnə şəhərə (Stare Miasto)
mütləq baş çəkin. Bazar meydanı (Rynek Główny), Müqəddəs Məryəm
kilsəsi, Barbakan qala tikilisi, xüsusilə xoşuma gələn Qumaş bazarı
(Sukiennice w Krakowie) burda yerləşir. Qumaş bazarı bir suyu
İstanbulun Çarşı bazarını xatırladır, amma o boyda yekə yer
deyil.
Krakova gəlib Vislanın Şərq sahilindəki Vavel təpəsində
yerləşən, Polşanın simvollarından sayılan Vavel (Wawel) tarixi
kompleksinə baş çəkməsəniz günah olar.
Kral qəsri, polyak müqəddəslərinin uyuduğu neçə-neçə kilsə,
Məryəm Ana rotondası (dairəvi sütunlu günbəz), qüllələr,
darvazalar, bir sözlə, müxtəlif təyinatlı tarixi tikililərə
baxdıqca özünü orta əsr Avropasında hiss edirsən.
Varşavada barəsində uşaqlara danışdığım Polşa prezidenti Lex
Kaçinski Müqəddəs Stanislav və Vatslav Kafedral kilsəsində uyuyur.
Əvvəlki səfərimdə ziyarət etmişdim. Bu dəfə dini ayinlərin icra
olunduğu vaxta düşdü deyə turistləri içəri buraxmadılar.
HAŞİYƏ İÇİNDƏ HAŞİYƏ. Əvvəlki səfərim 2010-cu
ilin iyulunda olmuşdu. Demokratiyalar İcmasının 10 illik yubileyinə
gəlmişdim. Konfransda dünyanın dörd bir tərəfindən neçə-neçə
ölkənin hazırkı və keçmiş lideri, dünya çaplı siyasətşünaslar,
iqtisadçılar, demokratiya fədailəri iştirak edirdi. ABŞ-ın o vaxtkı
dövlət katibi Hillari Klintonun gənc demokratiyalara yönəlik
çıxışını xatırlayıram. "Demokratiyanın yarımçıq təbəssümü" adlı
yazıda o səfər haqda yazmışam. Uşaqlara bundan söz açdım, maraqlı
gəldi, oturub danışmamı istədilər, bir kafeyə döndük. Demokratiya
fəalı olan hər kəsə tövsiyə edirəm o məqaləni – bugün-sabah ABŞ
prezidenti olacaq xanım Klintonun məni inandırmayan
çağırış-çıxışından yaranan o yazını bloqumda oxuya bilərsiniz.
Krakovda qalmağa yer soraqlasanız "Royal" hoteli nişan verərəm.
Sadaladığım yerlərə yaxın tarixi binadı. Bu yaxınlıq qəfil leysana
düşəndə dadımıza elə çatdı ki, dedim, bir də gəlsəm yenə burda yer
alacam. Aşağısında da xudmani restoranı var.
Rəsulzadənin ayaq izləri
Məmməd Əmin Rəsulzadənin Varsavadakı unvanı – Poznanska 4.
1930-cu illərdə burada çap etdirdiyi vizit kartında bu unvan
yazılıb. Tədqiqatçı dostumuz Dilqəm Əhməddən aldım bu vizit
kartı.
Ünvandakı bina yeni tikiliyə oxşayır, görünür müharibə vaxtı
dağılıbmış. Bəlkə də yenidən nömrələmədə dəyişiklik olub. Əsas bina
deyil, bu böyük insanın adı olan ünvandı.
Uşaqlarla gəldik ziyarət edək və deyək ki, sən bizimsən,
bizimsən, son azərbaycanlı yaşayanacan, ey böyuk insan! Sən bizim
mənəvi atamız, səmt ulduzumuzsan! Sənin izin olan hər yer əzizdi
bizə!
Rəsulzadə mühacirət illərini sürdüyü ölkələrdə Azərbaycanı nəşr
etdirdiyi qəzet, jurnal və kitablarda yaşadıb. 1939-cu ildə
Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı"
kitabını bu şəhərdə yaşayan dostum Hicran Əliyevada görmüşəm.
İndi bu sakit küçəyə baxıram, xəyalımda o böyük insanın ayaq
səslərini dinləyirəm elə bil.
Budur! Yanımdan bir cüt adam keçdi, qol-qola, aramla, küçənin
sükutu pozulmasın deyə pıçıltıyla danışırlar. Qulağım tək bir sözü
çaldı: "Azərbaycan!" Qərib Məmməd Əmin sevgilisi Vandaya yurdundan
danışırdı. Cütlük tarixin səhifəsi çevrilirmiş kimi döngəni dönüb o
biri küçəyə keçdi.
Mənsə xəyalımdan ayrılıb yoluma davam etdim.
Visla sahilində Atillanın əsgəri
Lazienki parkı Varşavanın çox sevdiyim yerlərindəndi. 76 hektar
ərazini əhatə edən parkda Polşa krallarının yay rezidensiyasından
tutmuş rəsədxanayacan cürbəcür tarixi abidələr var. Sonalı göllər
fonunda "Roma teatrı", "Misir qəsri", bir-birinə bənzəməyən
saraylar xüsusilə gözəl görünür.
Şopenin heykəli ətrafındakı açıq konsert meydaçasında yay
axşamları simfonik orkestrin ifasında dahi bəstəkarın musiqisini
dinləmək şansı da qazanarsan, yolun burdan düşsə. Əvvəlki
səfərlərin birində belə bir xoş təsadüfə rastlamışdım.
Parkda heykəllərin sayı-hesabı yoxdu, amma biri haqda ətraflı
yazmaq istəyirəm. Osmanlı ordusunu Vyana yaxınlığında durduran kral
III Sobieskinin at belində heykəlini deyirəm. Atın ayaqları altında
iki nəfər imdad diləyir. Başı çalmalı Osmanlı əsgəri məğlub orduya
işarədi. İkinci əsgərin isə hörüklü saçı vardı.
"Osmanlılar hörük saxlamırdılar, bu, Atillanın əsgəridi. Heykəli
1788-ci ildə düzəldən heykəltaraş nə demək istəyib bununla?", –
deyə uşaqlara sual verdim.
Sonra parkın skamyalarının birində oturub mövzunu davam
etdik.
Heykəl tökülən zaman Avropada
türk ruhu hələ mövcud idi, heykəltəraş bu obrazları boş yerə
yaratmayıb. Osmanlılar Avropaya gələnə qədər burada hərbi və bəzi
rəsmi əmrlər qədim türk dilində verilirmiş.
Bəlkə də Osmanlıların buralara gəlməyi tarixi səhv olub. Onlar
bununla özləri də bilmədən min il əvvəlki türk ruhunu təzələyiblər
və nəticədə bu izlərin "yox edilməsinə" rəvac veriblər. Heykəltəraş
kralın qələbəsi ilə qədim Hun türklərinin Avropadakı minillik
nişanələrinə də son qoyulduğuna işarə edir…
Kopernikin göyüzü
Varşavaya uşaqlarınızla gələndə sadaladığım ünvanlara gedə
bilməsəniz indi söz açacağım bu iki yerə mütləq gedin. Biri
"Kopernik" Elm Mərkəzidi, o birisə "Varşava üsyanı" muzeyi. Hər iki
yerdə alacağınız təəssürat uzun müddət sizi tərk etməyəcək,
uşaqlarınızın isə istər bilik, istərsə də mənəvi dünyagörüşündə xoş
iz buraxacaq.
"Kopernik" Elm Mərkəzi nəhəng elm muzeyidi. Burda yüzlərlə
interaktiv eksponat var. Cürbəcür laboratoriya ziyarətçilərin
ixtiyarına verilir ki, özləri təcrübə aparsınlar. Bu muzeyə ayrıca
bir yazı həsr olunmalıdı.
Uzun yazmayım, bircə onu deyim ki, gəldiyiniz gün muzeyin
istədiyiniz bölməsinə bilet tapmaya bilərsiniz. Odur ki,
səfəröncəsi bileti muzeyin saytından almağınızı tövsiyyə edirəm.
Ətraflı məlumatı bu səhifədə tapmaq olar: kopernik.org.pl
ÜÇÜNCÜ HAŞİYƏ – Kopernikin evində…
Kopernikin Varşavadan 260 kilometrlik məsafədə yerləşən Torun
şəhərindəki ev muzeyi sarayı xatırladır. O dövr üçün kifayət qədər
böyük olan ev zəngin tacir atasından qalıb.
"Səma cisimlərinin hərəkətinə dair" kitabı ilə elmi inqilabın
başlanğıcını qoymuş Kopernikin əsərləri ölümündən uzun illər sonra
qadağan olunur. Kilsə onu kafir elan edir. İnkvizisiya məhkəməsi
onun elmi varislərindən biri Qalileyi ömürlük ev dustağı etsə də,
Brunonu tonqalda yandırır.
"Allahla söhbət eləyən" Kopernikin evində olmaq uşaqlara maraqlı
gəldi. Əlbəttə, mənə də maraqlıydı, amma məni heyran edən onun
əşyaları, əlyazmaları, ulduzölçən alətləridən çox bu evini 500 ildi
qoruyub saxlayan bir xalqının öz tarixinə, tarixi şəxsiyyətinə
verdiyi dəyər oldu.
Bakının istər İçərişəhərində, istər Bayırşəhərində sökülən
neçə-neçə tarixi binada nə qədər tarixi şəxsiyyətin, elm,
mədəniyyət adamının ev muzeyini aça bilərdik, tariximizə, bizə
tarix yazan adamlarımıza dəyər verən olsaydıq.
***
"Varşava üsyanı" muzeyi 1944-cü ildə alman faşistlərinə qarşı
gizli hökumətin başlatdığı müqavimət hərəkatına həsr olunub.
Dördmərtəbəli binada yerləşən muzeydə mindən çox foto, yüzlərlə
eksponat nümayiş edilir. Muzeydə seyr etdiklərin azadlıq mücadiləsi
aparan xalqın qəhrəmanlıq tarixinə işıq salmaqla yanaşı iki işğalçı
dövlətin – faşizm və kommunizm kimi bəşər düşməni ideologiyaların
mahiyyətini anlamağa da kömək edir.
***
Polşa tarixi dövlət müstəqilliyi, insan hüquq və azadlıqları
uğrunda mübarizə tarixidi. Varşavaya səfər yazımı da elə bu muzeylə
– "üsyan" muzeyi ilə də bitirdim.
Azadlıq sözünün mahiyyətini
tam dərk eləmək üçün saysız-hesabsız nümunələrlə zəngin bir ölkəyə
hər bir azadlıqsevər insanı səfər etməyə həvəsləndirmək üçün yazdım
bu yazını.
Gəlin, görün, tanıyın!