Tanıtım lövhəsinə elə belə də yazılıb:
"Masallı İstisu, Fatimeyi-Zəhra şəfa ocağı".
Bura doğrudan da şəfa ocağıdır. Yüzlərlə insanın üz tutub, şəfa
tapdığı bir məkan haqda başqa heç nə demək olmaz.
Tanrı bütün gözəllikləri verib bura. İsti suda olduğum 2 günlük
səfərim zamanı gördüklərimin, eşitdiklərimin sehrindən doymadım.
Əsasən yel, mədə-bağırsaq, qadınlarda sonsuzluq və digər
xəstəliklərin dərmanıdır buranın əvəzsiz suyu. Müalicə vannalarında
5-10 dəqiqə uzanmaq insanın içinə qədər işləmiş soyuqdəyməni qovub
aparır. Məqsədim heç də buranın reklamını qurmaq deyi və buna heç
ehtiyac da yoxdur. Sadəcə, həmsöhbət olduğum insanların fikri ilə
oxucularımızı tanış etmək istəyirəm.
Hər gəlib gedəndən sonra uşağa qaldım
Sona adlı yaşlı qadınla həmsöhbətəm.
- Beyləqandanam, - deyir. - Artıq 85 yaşın içindəyəm. Buranın
sorağını çoxdan eşitmişəm, elə o vaxtdan da gəlib-gedirəm. 30 yaşım
olardı. 10 ilə yaxın idi ki, ailə qurmuşdum. Sən də mənim balam,
kişimin bağrı çatlayırdı az qala, uşağımız olmurdu. Həkim
dava–dərman, xeyri yox idi. Türkəçarə etdirirdik, hər tərəfimi
tüstüyə vermişdik. Qarnıma isti şiş basmışdılar ki, uşaqlığımı
diksindirsinlər, xeyri olmurdu, doğa bilmirdim. Gündüz pambıqlıqda,
axşam da qayınana zülmündə, dannağında. Qayınatam yoldaşımı, öz
oğlunu danlayırdı ki, məni niyə boşamır, niyə gedib başqasını
almır. Rəhmətlik yoldaşım danlağı götürüdü, amma məni
boşamırdı.
- Sona xala, ərin rəhmətlik də yəqin gündüz yorğun
olduğun üçün səni axşamlar dincə qoyurmış da…
- Yox, başın haqqı, onda o qanacaq nə gəzirdi… - deyib gülür.
Güldükcə iri sinəsi və qarnı atılıb-düşür. - Amma olmurdu da…
camaatın arvadları uşağa qalmaqdan qarnının dərisi cırılırdı,
mənimki şişlənməkdən, nə bilim, əllənməkdən…
- Bəs sonra necə oldu?
- Heç nə 62-ci ildə dedilər Masallıda bulaq var, oradan isti su
çıxır, gedin girin o suya. Gəldik. Onda belə deyildi. Su axıb çaya
qarışırdı. Adamlar gəlib çayda çimib gedirdilər. Bir zülümlə gəlib
buranı tapdıq ki… Girdik, çimdik. 4 gün qaldıq burada. İyul ayı
idi. Sonra getdik rayonumuza. Avqustda ürəyim bulandı, özümü pis
hiss etdim. Məlum oldu ki, uşağa qalmışam. İçimdə soyuqdəymə
varmış, bu su məni müalicə elədi. Ondan sonra hər ilə gəlirdik. Hər
gələndən sonra da uşağa qalırdım.
Qoca arvadam ağrılarım çox olur
- Sona xala, nə əcəb demirdilər ki, filankəsin qızı, ya
gəlini getdi meşədə bətninə uşaq saldı gəldi?
- Niyə demirdilər, deyirdilər. Biri elə qayınanam, sözümüz
çəpləşəndə deyirdi ki, allah bilir kimdən döl alıb…
Sona xala zaraftcıldır. Amma arada ciddi görkəm alır:
- İndi qoca arvadam. Ağrılarım çox olur. Bədənim öyrənib,
gəlməsəm, olmur…
Çayın kənarında ayaqlarını palçıqlı suya salan bir
kişiyə yaxınlaşıram. "Niyə belə edirdsən?" -
soruşuram.
- Ayaqlarımda yel var, bu lehməyə bulayıram, 10 gün bəs edir ki,
gələn il bu vaxta qədər sakit qalam, ağrı hiss etməyəm.
Uşaqlar pul göndərsə…
Adı İsaxan olan kişi Cəlilabadın uzuntəpə kəndindəndir. Uzun
illərdir səhhətini bu palçıqla nizamlayır.
- İsti su vannası qəbul etməyi həkimlər qadağan eləyib. Təzyiqim
var, ürək də ki artıq yorulub. Amma ayaqlarımın, oynaqlarımın
yelini, duzunu beləcə azaldıram. Həm də aşağıların istisindən canım
heç olmasa qurtarıb. Uşaqlar Rusiyadadır. İnşallah, pul
göndərsələr, əlavə 10 gün də qalacam.
Çay kənarı ilə üzü yuxarı qalxıram. Ətraf qələbəlikdir. İdmanla
məşğul olanlar, çayın içərisinə stol qoyub, ayaqlarını suya
sallayıb yeyib-içənlər, dəvə ilə şəkil çəkdirənlər, at minib
özlərini ətrafdakılara göstərənlər, bahalı maşınlarında klassik
musiqi səsləndirənlər və sovetdən qalma "Jiqulil"lərdə meyxana və
şit musiqi səsləndirənlər kifayət qədərdi.
Elə bu zaman qara kəhər atı minib çaparaq sürən bir gənc yaşlı
qadını tapdalayır. O, atın cilovunu əllərində möhkəm saxlaya
bilmədiyindən, özünü itirərək atı mahmızladığından bu hadisə baş
verir. Xoşbəxtlikdən qadın elə də böyük xəsarət almır. İlk tibbi
yardım göstərilir, si içirdilir. Qadının isə qarğışı çay boyu
ağacların yarpaqlarına, qayalıqlara toxunub çiliklənir.
Bir qədər kənarda qarmaqla balıq tuturlar. Şəhərdən gələn qızlar
sıldırım qayalığın döşündə bitən ağaclardan asılı qalaraq şəkil
çəkdirir, yerli oğlanlar özlərini qızlara göstərmək üçün ucadan
danışır, çayın dərin yerlərinə saldo edərək tullanırlar….
Nil ağacının kölgəsi
Geri qayıdıram. Nil ağacının kölgəsində sərilmiş palazın üstündə
oturmuş iki nəfər yaşlı qadın yoğrulmuş xəmirdən fətir hazırlayır.
Oxlovla xəmir kündəsi yayırlar. Kənarda üstündə sac olan ocaq
tüstülənir. Cavan gəlin bişmiş fətiri çevirir. Yaxınlığındakı
süfrənin arasında bişmiş fətirlər üst-üstə yığılıb. Qocalara
yaxınlaşıram. Salamımı alırlar. Özümə yer eləyib palazın üstündə
otururam. Nənələrdən biri isti fətiri qarşıma sərdiyi qəzet
parçasının üstünə qoyur: "Ye, indi pendir də verərəm".
Amma pendir gəlib çıxmır. Eləcə, söhbət edirik, haralı
olduqlarını soruşuram.
- Burdan, yuxarıdanıq, - deyib, əlini Yardımlı tərəfə uzadır.
Ağırtaxta tumanı var. Bizim dağ arvadlarının geyimidir bu, qədim
türk qadınları da belə geyiniblər.
- Kişini neynəmisiz?
- Kişilər indi hardasa özlərini veriblər zığın-palçığın içinə.
Çıxıb gedəcəklər ləyənə (İstisu vannasını nəzərdə tuturlar. -
F.B.). Onlar gələnə hazırlıq görürük.
- Bəs siz niyə getmirsiz vannaya?
- Bizim nəyimiz var ki, Allah kişilərə dəyməsin. Onlar yaxşı
olsa, biz də yaxşı olarıq. Biz elə özümüzü palçığa veririk.
- Siz bu qədər paltarı soyunana qədər səhər açılır.
Yazıq kişilər sizdən nə çəkir...
Dörd oğul doğmuşam e…
Zarafatım qarılara ləzzət eləyir. Daha diribaşı sözümü havadaca
cavablandırır:
- Dörd oğul doğub vermişəm e, ona. Biləngləri baldırın
yoğunluğadır. Öküzü qayadan aşırırlar.
- Öküzü qayadan aşırmağa nə var e… Gərək öküzü qayaya
qaldıran olaydı. Pendir də vermədin. Fətiri yavan
yedim.
- Hala xoşun olsun. Pendir əl altında deyildi. Ərindim yuxarı
qalxam. Sən haralardansan, bala?
- Aşağıdanam, Cəlilbadın aşağı kəndindən.
Bundan sonra söhbət qızışır və onların cəlilabadda yaşayan
qohumlarının adını eşidirəm.
- Heyif ki, tanımıram, - deyirəm.
Mənim nənələrin qohumlarını tanımamağım onlara xoş olmur.
Nənələrlə xudahafizləşirəm.
10 günlük kirayələdiyim katejə gəlirəm. Kompüterin qapağını
qaldırıb düyməsini basıram…