Vətəndaş niyə sığortalanmır?
Əksər ölkələrdə vətəndaşlar
dövlət tərəfindən icbari qaydada tibbi sığortaya cəlb olunur. Bu
sığortanın nəticəsində xəstələndikdə pulsuz müalicə almaq şansı
əldə edən vətəndaş təbii olaraq sığortalanmaya meylli
olmalıdır.
Azərbaycanda da vətəndaşların tibbi sığortaya cəlb edilməsi
haqqında qanun 1999-cu ildə qəbul edilib. Amma bu qanun real olaraq
tətbiq olunmur. Qəribədir, bu sığorta ilə rahatlıqla müalicə
olunmaq imkanı əldə edən vətəndaş niyə bundan istifadə etməyə
maraqlı deyil?!
Niyə vətəndaş sığortalanmaya ehtiyac duymur, yoxsa bizdə hamı
sağlamdır, kimsənin yolu xəstəxanaya düşmür?
Bu sualla müraciət etdiyimiz professor Adil Qeybulla bildirdi
ki, bu haqda qanun çoxdan qəbul edilib: "Amma indiyədək onun işlək
mexanizmi yoxdur və həyata keçirilmir. Əslində, bu, tibbi xidmətin
növlərindən biridir və sosial müdafiənin çox mühüm elementi
sayılır. Sığorta vətəndaşı ən azı doğuş və təxirə salınmaz
yardımlar zamanı bir çox qayğıdan azad edir. Vətəndaşların maaşının
az olduğu vaxtda tibbi sığorta tətbiq olunarsa, çox yaxşı
olardı".
"Bu qanunun işlək hala gəlməsi üçün hansı mexanizm tətbiq
edilməldir?" sualına qarşılıq olaraq A. Qeybulla bildirdi ki,
vətəndaşların konkret kateqoriyalara bölünməsi haqqında müzakirələr
aparılmalıdır. Bununla bağlı biz mütəmadi olaraq fikirlərimizi
bildirmişik. Tibbi sığorta haqqında qanun layihəsi hazır olsa da,
işlək mexanizmi ona görə indiyə qədər yoxdur ki, maaşlarından
sığortalanacaq vətəndaşların məvacibləri yetərincə deyil:
"Amma hesab edirəm ki, istək olarsa, uyğun bir mexanizm tapıla
bilər. Tibbi sığorta o demək deyil ki, mən gəlib burda estetik
əməliyyat etdirəcəyəm. Söhbət vətəndaşın ehtiyacı olan
təxirəsalınmaz tibbi yardımdan gedir. Məsələn, tibbi sığorta yol
qəzasında yaralananları, doğuş, Hepatit C, Hepatit B kimi
virusların müalicəsini əhatə edə bilər. Azərbaycanın indiki dövlət
büdcəsi imkan verir ki, ən azından bu sahələrdə sığorta sistemi
işləsin. Problemin həlli təkcə Səhiyyə Nazirliyindən asılı deyil,
bu, kompleks həll olunmalıdır".
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin katibi Anar Qədirli ilə
əlaqə saxladıq. A. Qədirli dedi ki, 2008-ci ildə Səhiyyə Nazirliyi
icbari tibbi sığorta üzrə konsepsiya hazırlayıb və Nazirlər
Kabinetinə təqdim edib:
"Ondan sonra da Nazirlər Kabinetinin yanında İcbari Tibbi
Sığorta üzrə Agentlik yaranıb. Siz sualı mənə ünvanlayırsınız, amma
Səhiyyə Nazirliyi tibbi sığorta ilə məşğul olmur. Nazirlər Kabineti
yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi var, bu iş onun
səlahiyyətindədir".
Anar Qədirlinin tövsiyə etdiyi kimi, Nazirlər Kabineti yanında
"Azsığorta" Dövlət Agentliyi ilə əlaqə saxladıq. Nə qədər cəhd
etsək də, soyadını deməyən, özünü adı çəkilən qurumun şöbə müdiri
kimi təqdim edən Ruqiyyə adlı xanımla söhbətimiz alınmadı. Cavab
çox qısa oldu:
"Bunu biz niyə düşünməliyik, dövlət düşünsün",- deyib telefonu
üzümüzə qapadı.
Biz sualımıza rəsmi qurumlardan cavab ala bilməsək də,
yaşadığımız real həyat, gördüklərimiz və bildiklərimiz,
xəstəxanalarda mövcud olan bəzi yarıtmaz halların bizə verdiyi
cavablar var. Qısa araşdırma nəticəsində də nə yazıq ki,
yaşadığımız həyat və gördüklərmizindən çıxardığımız nəticədən daha
tutarlı cavab ala bilmədik.