38 və 38,5 dərəcə temperatur olmadığı halda hərarətsalan
dərmanlardan istifadə etmək olmaz.
Bu sözləri K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun direktoru, respublikanın baş pediatrı professor Nəsib
Quliyev son vaxtlar uşaqlarda qızdırma ilə müşahidə olunan virusun
yayılması şübhəsi barədə Axar.az-a danışarkən deyib. Onun sözlərinə
görə, bu, xüsusi virus deyil:
"Uşaqlarda qızdırma hallarına ilin bütün vaxtlarında rast
gəlinir. Yaz, yay aylarında isə bu hal nisbətən tez-tez
təkrarlanır. Azyaşlı uşaqlar üçün hərarətin qalxması böyüklərə
nisbətən daha təhlükəlidir. Körpələrdə əsəb sistemi tam
formalaşmadığına görə sinirlərin böyük bir qisminin üstü myelin
qişası ilə örtülməmiş olur. Bu da qızdırmanın qısa müddətdə bütün
bədənə yayılmasına, qıcolma və beyin ödəminə gətirib çıxarır. Ona
görə uşaqların hərarəti azı iki saatdan bir yoxlanılmalıdır.
Qızdırmanı aşağı salmaq üçün həm də dərman preparatlarından
istifadə etmək lazımdır. 38 və 38,5 dərəcə temperatur olmadığı
təqdirdə isə hərarətsalan dərmanlardan istifadə etmək olmaz.
Uşaqlara həddən çox hərarətsalan dərmanların verilməsi qanın
parçalanması və "hemoliz" adlanan qorxulu fəsadla nəticələnə bilər.
Sadəcə, hərarətin çox qalxmamasına tez-tez nəzarət etmək
lazımdır".
Artıq bir aydan artıqdır ki, valideynlər körpələrdə qızdırma ilə
müşayiət olunan xəstəlikdən gileylidirlər. Bu xəstəliyin əksər
ailələrdə yaşanması isə epidemiya narahatlığı yaradıb.