Xəstəliyə yoluxma həm də psixoloji
hadisədir.
"Loqos" psixoloji və nitq inkişafı məkəzinin psixoloqu
Məleykə İsmayılova xəstəliklərdən necə xilas olmalı mövzusunda
tövsiyələrini Axar.az-la bölüşüb:
Elə xəstəliklər var ki...
Xroniki adlandırdığımız (müəyyən müddətli müalicə kursundan
sonra yenidən qayıdan) xəstəliklərin əsas səbəbi həkimin və
dərmanların yetərsizliyi deyil, tam psixoloji faktorlar əsasında
baş verir. Xəstəni müalicə etmək üçün ilk növbədə xəstəliyi yaradan
səbəbi tapıb aradan qaldırmaq lazımdır. Elə xəstəliklər var
ki,onların yaranma səbəblərini rəsmi təbabət də bilmir, axtarır,
amma hələ də tapmayıb. Bir tərəfdən xəstəni müalicə etmək üçün
xəstəlik səbəbini bilmək və onu kənarlaşdırmaq lazımdır, digər
tərəfdən də onlar təbabətə məlum deyil. Belə çıxır ki, rəsmi
təbabət xəstəlikləri kənarlaşdırmır, sadəcə, müxtəlif tibbi
metodlarla xəstənin əzablarını yüngülləşdirir.
Bütün problemlər insanlardadır
Xəstəliklərin səbəbləri, əslində, insanın batinində, ruh
halındadır. İnsanlar hər biri fərdi düşüncə tərzi ilə ətraf aləmi
qəbul edirlər. Duyğular düşüncələri, düşüncələr də davranışları
yaradır. İnsanın psixikasının ətraf aləmlə harmoniyası pozulduqda
stress, nevroz, depressiya halları baş verir və bu davamlı şəkildə
olduqda psixoloji durumda problemlər yaranır, orqanizmin stresə
davamlılıq səviyyəsi aşağı düşür, nəticədə insan xəstələnir.
Psixoloji sağlıq bərpa olunmadıqda isə məsələ ciddiləşir,
psixosomatikaya çevrilir və insan "müalicə olunmaz" deyilən
xəstəliklərdən (xərçəng, psoriaz, diabet, ürəyin işemik
xəstəlikləri, skleroz, epilepsiya və s.) əziyyət çəkməyə başlayır.
Həyat keyfiyyətləri aşağı düşdüyündən, həyatdan zövq ala bilmir,
dünyaya və insanlara küskün olurlar, daim şikayətlənir və günahkar
axtarırlar. Əslində, bütün problemlər insanlardadır (xəstəliklər,
stress) – bunlar şüurdakı istəklərin və təhtəlşüurdakı niyyətlərin
uyğunsuzluğunun nəticəsidir. İnsan şəxsiyyəti bütöv şəxsiyyətdir.
Onun şüur və təhtəlşüura bölünməsi şərtdir. Bu cür bölmə yalnız
insan şəxsiyyətinin məlum olmayan tərəfi barədə söhbət aparmaq
üsuludur. Sadəcə olaraq, bizim hər birimizin naməlum və sona qədər
dərk oluna bilməyən bir sahəmiz var ki, bizi müəmmalı varlığa
çevirib. Biz bu müəmmanı nəyin xətrinə olur-olsun aşmağa
çalışmalıyıq. Çünki bizim həyatımız bundan asılıdır.
Xəstəliklə "dost" münasibəti qurmağa
hazırsınızsa...
Unutmayın, xəstəlik cəza deyil, sadəcə, sizin fikir və
emosiyalarınızın xarici və fiziki şəkildə əksidir. Fikirlər
dağıdıcı formadadırsa, (məsələn, inciklik, mühakimə, nifrət,
qısanclıq) onda fiziki formada xəstəlik kimi təzahür olunacaq.
Özünüzü kəşf etməyə, təhtəlşüurunuzla əlaqə qurmağa,
xəstəliklərinizlə "dost" münasibəti qurmağa hazırsınızsa, psixoloji
xidmət sahəsində çalışan mütəxəssislərə müraciət etməyi təxirə
salmayın. Siz və sizin həyatınız çox dəyərlidir, onu
qiymətləndirsəniz, o da sizə eyni diqqət və qayğı ilə cavab
verəcək.