3 gün öncə həkim səhvi ucbatından vəfat edən 27 yaşlı
Günay Həşimovanın ölümü ilə
bağlı təfərrüat bəlli olub.
Mərhumənin bacısı Günel Həşimova Axar.az-a açıqlamasında
bacısının həkimlərin qurbanı olduğunu bildirib. Onun sözlərinə
görə, ötən ayın 18-də bacısını qarnında möhkəm ağrıları olduğu üçün
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Analizlər verildikdən sonra G.Həşimovanın böyrəyində duz
kristallarının olduğu və bunun sidik kanallarına düşdüyü
bildirilib. Qəbələdə iki gün müalicə olunduqdan sonra həkimlər
vaxtından öncə doğuş təhlükəsi diaqnozu qoyaraq G.Həşimovanı Şəki
Regional Perinatal Mərkəzinə göndəriblər.
Şəkidə növbəti analizlərdən sonra yenə də xəstənin böyrəyində
duzun olduğu diaqnozu qoyulub. Diaqnozu dəqiqləşdirmək üçün isə
xəstəni Şəkidə fəaliyyət göstərən İnvitro Müalicə Diaqnostika
Mərkəzinə növbəti dəfə analizə göndəriblər.
Bacısının sözlərinə görə, bu müddət ərzində G.Həşimovanın
belində, qarnının altında dəhşətli dərəcədə ağrılar olub və
qusmalar dayanmayıb:
"Burada həkimlər dedilər ki, bacınızın qarnına soyuq olub,
qusmalar və ağrılar buna görədir. Bacıma "omez" dərmanı
atdırırdılar. Bacım doğum təhlükəsi olmasına baxmayaraq, burada
qalmaq istəmədi və həkim razılığı ilə evə buraxıldı. Evə gələndən
2-3 saat sonra ağrılar yenidən başladı. Ağzından palçıq qusurdu.
Təzədən Şəkiyə çatdırdılar. Vəziyyətinin ağır olduğunu görüb,
yenidən analiz götürdülər. Atam Bakıya gətirmək istəyirdi ki,
ağrılar kəskinləşdi. Sən demə, bu müddət ərzində appendisitin
dağılmasından yaranan irin nəticəsində uşaq ana bətnində tələf olub
və bacımı səhv diaqnozla müalicə ediblər. Uşaq ölü doğulandan sonra
bacımın qarnı şişməyə başladı və bu zaman həkimlər təşvişə
düşdülər.
Tibb elmləri üzrə fəlsəfə doktoru Ruziya Hüseynova qışqıraraq
üstümüzə düşdü ki, bacımda talassemiya xəstəliyi olub və biz bunu
gizlətmişik. Qərara gəldilər ki, xəstənin qarnı açılsın. Qarnı
yaran cərrahdan eşitdim ki, 4-5 gün öncə appendisit partlayıb və
bütün orqanlar zəhərlənib. Bacımın qarnından 4 litr çirk yığıldı,
bütün xəstəxananı üfunət iyi bürümüşdü. Sonra ağır vəziyyətdə
oksigenə bağladılar və bacımı Bakıya çatdırdılar. Bütün bunlara
baxmayaraq, Şəki Regional Perinatal Mərkəzi hadisə ilə bağlı
mediaya yalandan məlumat verərək, bacımın qeysəriyyə doğuşu
etdiyini deyiblər".
Günay Həşimova 3 həftə ərzində Bakıda Mirqasımov adına
Respublika Kliniki Xəstəxanasında müalicə alıb. Burada xəstənin
yaxınlarına bildiriblər ki, G.Həşimovanın bütün orqanları
zədələnib.
Günay Həşimova iyunun 14-də burada dünyasını dəyişib.