Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycandakı
xarici ölkə səfirləri ilə görüş-müsahibələrə start verib. Geniş
müsahibələrin məqsədi səfirliklərin fəaliyyətinin Azərbaycan
ictimaiyyətinə, həmçinin Azərbaycan gerçəkliklərinin səfirin
dəstəyi ilə onun ölkəsinin mediasına çatdırılmasından ibarətdir.
İlk belə görüş Koreya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Kim Çanq-gyu ilə baş tutub.
Axar.az Musavat.com-a istinadla sözügedən müsahibəni
təqdim edir:
- Cənab səfir, Koreya-Azərbaycan diplomatik əlaqələrinin
bugünkü durmunu necə qiymətləndirirsiniz?
- 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər
qurulandan bəri əməkdaşlıq siyasi sahədə aktiv şəkildə inkişaf
etdirildi. Bu dövrdə bir çox dövlət və hökumət rəsmiləri ölkəyə
qarşılıqlı səfərlər edib. Bunlardan üçü prezidentlərin səfərləri,
ikisi baş nazirlərin səfərləri olub. Hər il hökumətlərarası
iqtisadi komissiyanın iclasları və siyasi dialoqlar həyata
keçirilir. Ancaq ikitərəfli əməkdaşlığın mövcud potensialını nəzərə
alaraq indiyə qədər əldə etdiyimiz nailiyyətlərlə qane olmamalıyıq.
Birlikdə çalışaraq əməkdaşlığımızı daha da dərinləşdirməliyik.
Səfirlik olaraq da bu əməkdaşlığı inkişaf etdirmək üçün
iqtisadiyyatın 5 əsas sahəsinə fokuslanaraq fəaliyyətini davam
etdirir. İki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməkdə
diplomatların əsas vəzifəsi əməkdaşlıq mühitini yaratmaqdır.
Əməkdaşlıq siyasəti nə qədər uğurlu olsa da, mühit uyğun olmasa,
real nəticələr götürmək çətindir. Səhiyyə, İnformasiya
Texnologiyaları, neft kimya sənayesi, nəqliyyat və turizmin də
daxil olduğu bu 5 sahədə uğur üçün belə münbit şərait və mühitin
olduğuna inanıram. İki ölkə dil yaxınlığını əsas götürərək mədəni
əməkdaşlığa da xüsusi fikir verməlidir. Mədəni əməkdaşlıq və
qarşılıqlı anlaşmanın iqtisadi əməkdaşlıq üçün də bir növ zəmin
yaradacağına inanıram. Konsulluq və viza məsələlərindəki
sadələşdirilmə də vacibdir və bu sadələşdirilməyə dəstək olaraq
birbaşa reyslərin açılması əməkdaşlığa böyük təkan verəcəyinə
inanıram. Diplomatik fəaliyyətimizi belə çoxyönlü və sistemli
şəkildə inkişaf etdirməklə ölkələr arasındakı əməkdaşlığa töhfə
verəcəyimizdən əminəm.
- Koreyanın inkişaf etmiş iqtisadiyyatı var və bu
baxımdan bir çox uğurlar qazanıb. Bu uğurların əsasında nə
dayanır?
- Ölkəmizin iqtisadiyyatının sənayeləşmə dövrünün başlanğıcı
hesab edilən 1962-ci ildə Koreyada adambaşına düşən ümumi daxili
məhsul 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olub və
27,633 dollara qədər qalxıb. Belə yüksək göstərici və artım
uzaqgörən və güclü liderliklə bərabər, Koreya xalqının çalışqanlığı
və əqidə möhkəmliyi ilə mümkün olub.
- Bu günlərdə Seulda baş verən kütləvi aksiya
diqqətimizi çəkdi. Bəzi məlumatlara görə, aksiyada 1 milyona yaxın
insan iştirak edib. Cənab səfir öz ölkəsində baş verənlərə görə
narahatdırmı? Hadisələrin məntiqi sonluğu olaraq hakimiyyət
dəyişikliyi baş verə bilərmi?
- Koreyada 1 milyondan artıq insanın aksiya keçirməsi mənim
fikrimcə, Koreyada demokratiyanın nə qədər inkişaf etdiyini
göstərir. Bu, demokratiyanın sübutudur. Koreyada siyasi, iqtisadi
və digər sahələrdə dövlət sistematik olaraq qurulub. Bu sistematik
uyğunluğa əsasən siz dediyiniz aksiyalar olsa da, partiyalar
arasında münaqişələr olsa da, bunlar dövlətin işinə təsir
göstərmir. Dövlət öz aktiv fəaliyyətini davam etdirir. Belə
aksiyalar Koreyada birinci dəfə deyil. Bu qarşıdurmalar, aksiyalar
ölkənin inkişafına dəstək olmaqla öz həll yolunu tapıb və
insanların adi həyatına çox da təsirini göstərməyib. Bizdə siyasi
mühitdəki problemlərin olması təbiidir. Sistematik olaraq dövlət
idarəçiliyi, hökumət tərəfindən problemlərin həlli əsasdır. Koreya
təcrübəsi göstərir ki, iqtisadi, siyasi, mədəni sahələrdə hər hansı
belə problem zamanla həll olunur və bu həll yolu da dövlətin
inkişafına müsbət yöndə təsir edir.
- Koreya-Azərbaycan iqtisadi münasibətləri barədə də
məlumat verməyinizi xahiş edirik. Koreya-Azərbaycan ticarətinin
dövriyyəsi nə qədərdir? Neftin qiymətinin aşağı düşməsindən sonra
dünyada baş verən iqtisadi-maliyyə böhranın Azərbaycan-Koreya
arasında ticarət dövriyyəsinə təsirləri nə
dərəcədədir?
- Azərbaycan ilə Koreya arasındakı iqtisadi münasibətlər neftin
qiyməti düşməmişdən əvvəl daha yüksək səviyyədə idi. Bu
münasibətlərdə Koreyanın Azərbaycanda investisiya qoyuluşu da
yüksək idi. Bununla əlaqədar olaraq da 2014-ci ildə qoyulan
investisiya ilə hazırkı dövr arasında fərq həddən artıq çoxdur.
Azərbaycanla ticarət dövriyyəsi 2014-cü ildə 270 milyon dollar olsa
da, 2015-ci ildə azalma müşahidə olunub və bu rəqəm 126 milyon
dollara düşüb. Neftin qiymətinin ticarət dövriyyəsinə təsir etməsi
bizi də narahat edir. İqtisadi əməkdaşlığın bazası sağlam
olmadığına görə ticarət dövriyyəsinin də 40 faizə yaxın aşağı
düşməsindən narahat oluruq. Əsaslı iqtisadi münasibətlərin olması
şərtdir. Mən də iki ölkə arasında əsaslı iqtisadi əməkdaşlığı əldə
etmək üçün çalışıram. Müxtəlif sahələrin inkişafına fikir verirəm.
İki ölkə arasındakı münasibətlər indikindən daha yaxınlaşmalıdır.
Çünki bizim əməkdaşlığa çox böyük potensialımız var. İnvestisiya
qoyuluşu artırılmalı və fərqli sahələrdə investisiya
qoyulmalıdır.
- Bəs hazırkı iqtisadi-maliyyə böhranının sizin ölkənizə
təsiri hansı səviyyədədir?
- Koreya ixrac yönümlü iqtisadiyyata malik olduğundan neft
qiymətinin düşməsi öz təsirini göstərib. Xüsusən Koreyanın
ixracının 58 faizi inkişaf etməkdə olan ölkələrdə gəmiqayırma,
tikinti və ağır sənayenin payına düşdüyündən idxalda eniş müşahidə
olunmağı normaldır. Neft və kimya sənayesi sahəsində ixrac 30%
azalıb. Ancaq Koreya iqtisadiyyatının əsasları sağlam və hərtərəfli
olduğundan bu azalmanın təsiri güclü olmayıb. Koreyanın ümumi
ixracı isə 2014-cü ildə 572 milyard 665 milyon ABŞ dollarından bir
az aşağı düşərək 526 milyard 901 milyon ABŞ dollarına düşüb, bu isə
ən çox ixrac edən ölkələr sırasında dünyada 6-cı yer deməkdir.
- Koreyanın Azərbaycana yatırdığı investisiyanın həcmi
nə qədərdir? Nüfuzlu Koreya şirkətləri Azərbaycanda hansı sahələrə
investisiya qoymaqda daha maraqlıdırlar?
- Hazırkı dövrə qədər Koreyanın Azərbaycana investisiya qoyuluşu
təxminən 50 milyon dollara yaxın olub. Amma bu hal hazırda yüksək
bir rəqəm deyil. Ancaq bildiyiniz kimi, Azərbaycanda iqtisadiyyatın
diversifikasıyası prosesi yeridilməyə başlanılıb. Bu proses
çərçivəsində Azərbaycanla ən çox əməkdaşlıq edəcək ölkənin Koreya
olduğunu düşünürəm. Koreya iqtisadiyyatı öz gücünə görə dünyada
11-ci yerdədir və bütün sahələrdə rəqabətə davamlıdır. Azərbaycan
da öz növbəsində müstəqillik qazanandan bəri iqtisadi sahədə böyük
nailiyyətlər əldə edib və mənim fikrimcə iki ölkə öz güclərini
birləşdirib birgə fəaliyyətə davam etsə hər iki tərəf böyük xeyir
götürə bilər.
Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən "Samsung
Engineering" şirkəti, Halla Korporasiyası, Samsung Elektroniks, LG
Elektroniks və digər 20-ə yaxın şirkəti göstərmək olar. Bundan
əlavə, Koreya hökuməti Azərbaycanda birdəfəlik yardım proyektlərini
həyata keçirmək üçün bu günə qədər 56 milyon dollarlıq vəsait
ayırıb. Bunlardan Elektron Hökumət Təlim Mərkəzi (3,7 milyon ABŞ
dolları), Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil
Şəbəkəsi və Rəqəmsal Miltimedia İnfrastrukturu (3,5 milyon ABŞ
dolları) Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemi
yaradılması (26 milyon dollar) proyektlərini misal göstərmək olar.
Uzun müddətli aşağı faizli kredit proqramı çərçivəsində isə (EDCF
proyekti) Pirşahıda çirkab su təmizləyici qurğuların inşası
layihəsinə 435 min ABŞ dolları, Təhsil Nazirliyi ilə birgə Peşə
Hazırlığı Məktəbinin tikintisi üçün 220 min ABŞ dolları kredit
ayırılıb.
- SOCAR-la Cənubi Koreyanın "Samsung Engineering Co.
Ltd." şirkəti arasında SOCAR-ın vasitəçiliyi ilə Sumqayıtda
Karbamid Zavodu tikilir. Bu zavod haqqında məlumat verə
bilərsiniz?
- Ötən həftə zavodun tikildiyi ərazidə inşaat işləri ilə tanış
olduq. Hal hazırda zavodun tikintisinin 70 faizi həyata keçirilib.
2018-ci ilin əvvəllərində artıq tikintinin tam başa çatması
planlaşdırılır. Bu "Samsung"un Azərbaycanda böyük bir layihəsidir.
Bu layihənin çox uğurla həyata keçiriləcəyinə inanıram. İzləyin və
görün deyirəm. Fəaliyyətləri indi də uğurla davam etməkdədir.
Koreya tikinti şirkətləri kontraktda qeyd olunan zamanda işlərini
təhvil verməklə daha çox tanınırlar. Həmçinin də arada yaranan
problemləri də tez bir zamanda həll etdikləri üçün fərqlənirlər.
"Samsung" da bu şirkətlərdən biridir. "Samsung"dakı fabrikin
tikintisində də bir az maliyyə problemləri olsa da, onların
hamısının öhtəsindən gəlinib və tikinti uğurla davam
etdirilməkdədir. Koreya şirkətləri Azərbaycanda ucuz qiymətə yüksək
keyfiyyətli işləri ilə seçilirlər.
- Azərbaycan ilə Cənubi Koreya arasında turizm sahəsinin
inkişafı istiqamətində hansı işlər görülür? İki ölkə arasında viza
rejiminin sadələşdirilməsi ilə bağlı hansısa addımlar
atılacaqmı?
- İki ölkə arasında müxtəlif sahələrdə inkişafdan danışdım.
Təbii ki, turizm ən vacib sahələrdən biridir. Gərək insanlar
bir-birini görsünlər, tanısınlar ki, iki ölkə arasında əlaqələr
buna uyğun olaraq inkişaf etdirilsin. Turizm sahəsində əsas rol
oynayan təbii ki, viza siyasətinin sadələşdirilməsi idi. Viza
verilməsinin sadələşməsi sahəsində bəzi dəyişikliklər edilib. Bu
ilin əvvəlindən başlayaraq Koreya vətəndaşları üçün Azərbaycanda
Hava Limanında birdəfəlik giriş vizası tətbiq olunmağa
başlanılmışdır. Buna cavab olaraq da Koreya hökuməti də Azərbaycan
vətəndaşlarına viza verilməsini sadələşdirdi. Əvvəllər Koreya
vizası 5 gün ərzində verilirdi, indi isə birdəfəlik qısa müddətli
vizalar yalnız bir iş gününə verilir. Koreya vətəndaşlarının
Azərbaycana gəliş gedişinin asanlaşdırılmasına görə çox
minnətdarıq. Bu proseduraların gələcəkdə daha da
asanlaşdırılacağına inanıram. Turizmin inkişafına dəstək verən
başqa bir məsələ nəqliyyatdır. Azərbaycan və Koreya arasında
birdəfəlik təyyarə səfərləri olmamağı turizmin inkişafına mane
olur. Birbaşa reyslərin açılması ilə bağlı bizim səfirliyimiz AZAL
ilə görüşlər təşkil edib. Hal-hazırdakı statistikaya görə,
Azərbaycana gələn koreyalıların sayı 4000 nəfərə yaxın olur. Mənim
fikrimcə, turizmin inkişafı üçün bu çox zəif göstəricidir. Əgər
birbaşa reyslər açılarsa Azərbaycana gələn koreyalıların sayı bir
neçə dəfə artar. Koreyalılar çox səyahət edən xalq olaraq da
tanınırlar. İl ərzində 20 milyona yaxın koreyalı ölkədən xaricə
turizm məqsədi ilə səfərlər edir. Azərbaycanın ətrafındakı
Türkiyəyə koreyalı turistlərin daha çox getməsi müşahidə edilir. 1
il ərzində Xorvatiyaya 35 mindən çox koreyalı turist səyahət
edib.
- Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən
işğalı altındadır. 20 ildən çoxdur ki aparılan sülh danışıqları öz
nəticəsini verməyib. Bəs, Koreyanın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən
ibarətdir?
- Koreyanın belə bir təcrübəsi olduğuna görə Azərbaycanda da
müharibənin nəticəsində torpaqlarını itirmiş köçkünlərin ağrılarını
çox yaxşı başa düşürük. Qaçqın və məcburi köçkünlərin tez bir
zamanda öz torpaqlarına geri qayıtmasını arzu edirik.
Səfirliyimizin qaçqın və məcburi köçkünlərlə bağlı tədbirləri olub.
Beyləqanda qaçqın və məcburi köçkünlərə bağlı tədbirlər keçirmişik.
Hər dəfə onların həyatı ilə maraqlananda mən də pis oluram. Və
Azərbaycan xalqını çox yaxşı başa düşürəm. Qaçqın və məcburi
köçkünlərə dəstək dedikdə səfirliyimiz tərəfindən onlara tibbi
yardım göstərilir, müayinə olunur. Rəsm müsabiqəsi təşkil olunur.
Həmçinin məcburi köçkün ailələrinin evlərinə ziyarət olunur.
Onlarla söhbətlər aparılır. Səfirliyimiz bu fəaliyyətləri bir neçə
ildir davam etdirir. Bununla da Koreya hökuməti Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanın yanında olduğunu və münaqişənin həlli
üçün maraqlı olduğunu göstərir. Sadəcə olaraq dəstək tipli
tədbirlərdən əlavə infrastruktur cəhətdən məcburi köçkünlərin
həyatının yaxşılaşdırılması üçün addımlar atır. Bu il də Beyləqanda
məskunlaşmış xocavəndlilər və Biləsuvarda məskunlaşmış
cəbrayıllılar üçün belə dəstək tədbirimiz oldu. Koreya Respublikası
olaraq Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda ərazi bütövlüyü
və suverenlik kimi beynəlxalq hüquq normalarına əsasən sülh yolu
elə həllinə ümid edirik.
- Azərbaycan kimi sizin ölkəniz də müharibə
vəziyyətindədir. Ölkənizdə Şimali Koreya arasında yaşanan bu
münaqişənin həll yolunu nədə görürsünüz?
- Bir ölkənin uğurlu və uğursuz ölkə olduğunu təyin etmək üçün
əhalinin nə qədər xoşbəxt olduğuna, iqtisadiyyatın inkişafına
baxırlar. Şimali Koreyada iqtisadi inkişaf yaxşı dərəcədə deyil.
Ümumdaxili məhsulu öz statistikalarında 2000 dollar göstərsələr də
bunun 1000 dollar olduğu müəyyən olunur. Siyasi cəhətdən
qeyri-sabitlik var. Aldığımız informasiyaya görə ildə 30-a yaxın
dövlət rəsmisi edam olunur, artilleriyaya qoyulub atılır. Həmçinin
Şimali Koreyanın adi vətəndaşları da oradan qaçmaq üçün cəhd
edirlər. Cənubi Koreyada 30 mindən çox Şimaldan immiqrant yaşayır.
Bu da onu göstərir ki, Şimali Koreya dövlət quruculuğunda nailiyyət
əldə edə bilməyib. Şimali Koreya ilə Cənubi Koreya müqayisə
olunmayacaq dərəcədə fərqlənir. Hərbi sahədə də Cənubi Koreya
yüksək səviyyədə inkişaf edib. Hər sahədə Şimali Koreya Cənubi
Koreyadan geridə qalıb. Şimali Koreya Cənubi Koreyaya meydan
oxumağı bacarmaq üçün nüvə silahından istifadə edir. Bu il iki dəfə
nüvə testi ediblər. 20-yə yaxın hərbi təlim keçiblər. Şimali
Koreyanın əsas məqsədi nüvə silahına sahib olmaqdır. Şimali
Koreyanın nüvə silahına sahib olması təkcə Cənubi Koreya üçün,
region üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər. Siyasi
sabitliyin olmaması, sistem olaraq ölkə quruculuğunun reallaşmaması
nüvə silahına sahib olmuş bir ölkənin daha təhlükəli addım
atacağını göstərir. Başqa ölkələrlə müharibədə istifadə edə
bilərlər və ya başqa ölkələrə sata bilərlər. Bu kimi qeyri-leqal
fəaliyyətləri həyata keçirə bilərlər. Bu da region üçün böyük
təhlükə yaradır. Şimali Koreyanın nüvə silahına sahib olması təbii
olaraq məcbur edəcək ki, ətrafdakı ölkələr də nüvə silahına sahib
olsunlar. Onları məcbur etsinlər ki, nüvə silahından əl çəksinlər.
Danışıqların bir yolu da iqtisadi sanksiyalardır. Ekspertlərin belə
bir rəyi var ki, Şimali Koreyanın təbii sərvətləri azdır. İqtisadi
sansksiyalar bütün ölkələr tərəfindən tətbiq olunsa 6 ayın içində
Şimali Koreyanın nüvə silahından əl çəkmədən başqa bir çarəsi
qalmaya bilər. İqtisadi Sanksiyalar tətbiq olunsa Şimali Koreya
nüvə silahından əl çəkər. Azərbaycan Şimali Koreyadan uzaq bir
ölkədir deyə belə qəbul oluna bilər ki, Şimali Koreyanın nüvə
silahı əldə etməsi Azərbaycana heç bir təsir etməyə bilər. Lakin
bu, Azərbaycan daxil olmaqla bütün dünyaya təhlükə ola bilər.
- Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq hansı
səviyyədədir? Koreyada nə qədər azərbaycanlı tələbə təhsil
alır?
- Azərbaycan ilə Koreya arasında təhsil sahəsində əməkdaşlıq
yüksək səviyyədədir. Hazırda Koreyada 70-dən artıq azərbaycanlı
tələbə təhsil alır. Bu tələbələr adətən Koreya Dövlət təqaüd
proqramı, tələbə mübadiləsi proqramı və digər proqramlarla Koreyada
təhsil alırlar. Tələbələrin Koreyada yüksək göstəricilərlə təhsil
aldıqlarını bilirəm, təhsillərini bitirdikdən sonra Koreyada
işləyən yaxud Azərbaycana geri dönərək iki ölkə arasında
əməkdaşlığa töhfə verdiklərini də deyə bilərəm. Azərbaycanlılar
Koreyada yüksək göstəricilərlə təhsil alırlar. Mənim fikrimcə bu da
dil yaxınlığımız ilə bağlıdır. Azərbaycanla Koreya arasındakı dil
qohumluğu və mədəni oxşarlıqlar Azərbaycanlıların dil öyrənməyini
asanlaşdırır. Buna uyğun olaraq da dili yaxşı öyrənib təhsil
alırlar. Mən Azərbaycanla birlikdə Gürcüstanda da Koreyanın
səlahiyyətli səfiriyəm. Azərbaycanlılarla birlikdə gürcülər də
Koreyada təhsil alırlar, dil öyrənirlər. Ancaq gürcülər
Azərbaycanlılar qədər uğurlu olmurlar. Azərbaycanlılar qısa
müddətdə Koreya dilinə sahiblənirlər. Onların Azərbaycana paxıllığı
tutur. 2009-cu ildən Koreyada yaşayan tələbələr BUTA Azərbaycan
Koreya Tələbə təşkilatını yaradıblar. Onlar Koreyada Azərbaycan
mədəniyyətinin tanıdılması üçün Azərbaycanın Koreyadakı səfirliyi
ilə birgə aktiv şəkildə fəaliyyət göstərirlər.