Yuxarı

Ölkədə total böhran hökm sürürdü – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

“Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.

İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir”, - prezident bildirib.

İlham Əliyev 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycanın da müstəqilliyə qovuşduğunu və XX əsrdə ikinci şansın yarandığını deyib:

“Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi”.

Prezident 1993-cü ilin müasir Azərbaycan tarixin dönüş nöqtəsinin olduğunu qeyd edib:

“Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”.

Tarix
2019.05.27 / 17:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla