Ana səhifə Siyasət |
Müxalifət artıq hakimiyyətə inanmadığını göstərir və yaxın müddətdə heç bir dəyişiklik edilməsə, çox güman ki, parlament seçkilərinə qədər etirazlar davam edə və ya daha ciddi proseslər baş verə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə son günlər Tiflisdə baş verən etirazları şərh edərkən deyib. O, hakimiyyətin qəbul etməməsinə baxmayaraq, hadisələrin əsas səbəbkarının hakim partiya olduğunu bildirib:
“Hazırda Gürcüstanda vəziyyət çox qarışıqdır. Əslində bu, il ərzində baş verən ikinci belə böyük hadisədir. Yayda “Qavrilov gecəsi” adı altında etirazlar müşahidə olunmuşdu. Etirazlar əsasında tam proporsional seçkiyə keçirilməsi ilə bağlı tələb irəli sürülmüşdü. Gürcü Arzusu razılıq verdiyinə görə etirazlar dayanmışdı. Amma hadisələr onu göstərir ki, hakim partiya çox güman ki, sadəcə yerli əhalini və ya müxalifət qruplarını sakitləşdirmək üçün səsvermə keçirib. Düzdür, bu səsvermə onu göstərir ki, yalnız majoritarlar bunun əleyhinə çıxış edib. Çünki majoritarlar hazırda parlamentdə kifayət qədər yer tuturlar. Səsvermənin nəticələrinə belə don geyindimək istəyirlər ki, guya bu hakimiyyətin addımı deyil, sadəcə, majoritar deputatların təşəbbüsü idi. Amma görünür ki, səsvermənin belə nəticələnməsi hakimiyyətin də marağındadır”.
Politoloqun sözlərinə görə, gürcü müxalifətinin istefa və keçid hakimiyyəti tələbi əslində çevriliş cəhdidir:
“Yenə də Gürcüstan siyasətində müxalifətin birləşməsi ideyası meydana gəlib. Müxalifət vahid mövqedən çıxış etməklə bağlı fikirlərini ortaya qoyub. Əsas məqsəd hökumətin istefa verməsinə və keçid hökumətinin yaradılmasına nail olmaqdır. Müxalifət hökumətdə nə İvanişvilin, nə də onun yaxın tərəfdarlarını görmək istəyir. Bu o deməkdir ki, faktiki olaraq müxalifət düşünür ki, keçid hökumətində ümumiyyətlə, hakim partiya yer almamalıdır. Bu, əslində faktiki olaraq müxalifət tərəfindən hakim partiyaya qarşı çevrilişə cəhd kimi qiymətləndirlə bilər. Belə halda indiki Baş nazir Georgi Qaxariya çox güman ki, daha sərt addımlar atmağa meyillənəcək. Bunu istisna etmək olmaz. Artıq Batumidə bir neçə fəal saxlanılıb. Düşünürəm ki, hazırda hakimiyyət daha çox güc ssenarilərinin reallaşmasını nəzədən keçirir. Hadisələrin inkişafını zaman göstərəcək”.
İ.Vəlizadə etirazların bütün ölkə ərazisində yayılmasının o qədər də real olmadığını söyləyib:
“Hazırda Gürcüstanda vəziyyət elədir ki, müxalifət əgər öz tələbləri üzərində dayanmasa, çox güman ki, gələcəkdə parlament seçkilərində qələbəni itirə bilər. Ona görə də həm müxalifət tələblərinin üzərində dayanacaq, həm də hakimiyyət çalışacaq ki, mövqlərini maksimum qorusun. İğtişaşlarda nə hakimiyyət, nə müxalifət maraqlıdır. Amma hadisələr pik həddə çatsa, iğtişaşlar istisna olunmur.
Hazırda gürcü müxalifətinin əsas istəyi ondan ibarətdir ki, paytaxtdakı proses regionlarda da davam etsin. Hesab edirəm ki, hazırkı iqtidarın regionlardakı dayaqları daha güclü olduğuna görə müxalifətin bu çağırışı yaxın müddət ərzində baş tutmayacaq. Çünki regionlardakı müxalif quplar Tiflisdəki etirazların səngidiyini görsə, bu etirazları dəstəkləməyə bilər. Hər şey Tiflisdən asılıdır”.
Ekspertin fikrincə, kompromis o formada ola bilər ki, hakim partiya yenidən qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlı səsvermə keçirsin:
“İqtidar proporsional seçki sisteminə imkan yaratsa, vəziyyət gələn ilin parlament seçkilərinə qədər sabit qala bilər”.
Qeyd edək ki, Gürcüstan parlamenti seçki qanunvericiliyi ilə bağlı konstitusion düzəlişləri qəbul etməyib. Nəticədə ölkədə mitinqlərə start verilib.
Tarix
2019.11.18 / 12:15
|
Müəllif
Büllurə Yunus
|