“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı fərmanda əks olunub.
Sənədə əsasən, gənclər və idman nazirinin səlahiyyətlərinə yeniləri əlavə edilir.
Belə ki, nazir dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir; Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir.
Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış normativ hüquqi aktları;
bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
bu Əsasnaməyə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.