Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 76%-ni icra edib.
Axar.az bu barədə agentliyə istinadən xəbər verir.
Layihə Prezident İlham Əliyevin tapşırığı ilə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən icra olunur.
Şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də dövlət başçısının rayona səfəri zamanı qoyulub.
Ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri aparılır. Yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir.
Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır.
Layihənin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur.