Dərsliklər haqqında rəylərə və verilən cavablara Təhsil
Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasındakı
münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə
aparılan müzakirə kimi yanaşmaq lazımdır.
Report xəbər verir ki, bu sözlər
TQDK-nın yaydığı məlumatda qeyd olunub.
Komissiyadan bildirilib ki, bütün işlər dərsliklərin
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır: "Bununla bağlı,
kütləvi informasiya vasitələri nümayəndələrindən verilən
məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş
olunur"
.
Məlumata görə, 2012-ci ildən bu günə qədər TQDK ölkədə ümumi
təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri
üzrə istifadədə olan I-XI sinif dərsliklərinin elmi-metodiki
monitorinqi aparıb. Bura Azərbaycan və rus bölmələri üzrə 391
dərslik, 154 müəllim üçün metodik vəsait daxildir: "Bakı şəhərində
və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq
müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı
yayımlanıb.
Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar)
əsasında hazırlanan I-VIII sinif dərslik komplektləri ilə bağlı
daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində
məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən
tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb.
Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün
Təhsil Nazirliyinə göndərilib".
TQDK-dan bildirilib ki, dərsliklərin hazırlanması qaydalarına
görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə
göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün
deyil: "Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik
baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim
edilməsi üçün 2013-cü ildə "Dərslik portalı"(
http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər portalda
(http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilib. Portaldan
indiyədək 1275678 dəfə istifadə edilib, 2332 nəfər qeydiyyatdan
keçərək dərsliklər haqqında irad və təkliflərini bildiriblər".
Komissiyadan bildirilib ki, müəllimlər dərsliklərin yeni nəşrinə
qədər tədris prosesində portaldakı materiallardan istifadə edə
bilirlər: "Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm
də iradların aradan qaldırılması yolları və düzgün variantları
göstərilib. Həmçinin, müəllimlər tədris prosesində dərsliklərdə
rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya
bilirlər. Həmin suallar mütəmadi olaraq dərslik müəllifləri və
ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi
aparılır.
Dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar)
əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də
mütəmadi olaraq cavab verirlər və onların cavabları portalda
yerləşdirilir. Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə
(2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da
portalda yerləşdirilib.
Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan
ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim,
metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında
rəylərə və verilən cavablara iki dövlət qurumu arasındakı münasibət
baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan
müzakirə kimi yanaşmaq lazımdır. Bütün bu işlər dərsliklərin
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır. Bununla bağlı,
kütləvi informasiya vasitələri nümayəndələrindən verilən
məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş
olunur".