Azərbaycan Milli Elmlər Akademiyası Respublika
Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində güclü zəlzələnin baş
verəcəyi ilə bağlı əhali arasında son iki gün ərzində yayılan
söz-söhbətlərin əsaslı olub-olmadığına aydınlıq
gətirib.
Qeyd edək ki, yayılan məlumatlara görə, ölkədə, xüsusilə də
Mingəçevir su anbarında, o cümlədən Xəzər dənizində seysmolji durum
guya, təhlükəli vəziyyətdədir, seysmoloji aktivlik həddindən artıq
yüksəldiyindən güclü zəlzələnin baş vermə ehtimalı çoxalıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban
Yetirmişli açıqlamasında bildirib ki, ölkə ərazisində və Xəzər
dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər
yalandır.
Onun sözlərinə görə, Xəzər dənizinin şimal hissəsində aktiv
dərinlik qırılma zonası var. Ona görə də həmin zona həmişə
seysmoloji baxımdan aktivdir: "Xəzərin şimal hissəsində -
Abşerondan götürdükdə, düz yuxarı istiqamətə tərəf,
Mahaçqala-Kransnoyarskdan dərinlik qırılması keçir. Bura həmişə
aktiv olub. Orada aktivlik var".
Mərkəz direktoru qeyd edib ki, bu ilin əvvəlindən indiyə kimi
həmin ərazidə maqnitudası 5-ə qədər, hətta 5,1 bal olan təkanlar
olub: "Biz həmişə demişik ki, ilk növbədə Mingəcevir su anbarı,
digər su hövzələri, tikiləcək və tikilməkdə olan su elektrik
stansiyalarının seysmikliyi monitorinqdən keçirilməlidir. Bu, başqa
məsələdir. Ancaq bu, o demək deyil ki, dünya dağılır, Azərbaycan da
su altında qalacaq. Bunlar hamısı yalan söhbətlərdir".
Xəzərdə olan hazırkı seysmoloji aktivliyin güclü zəlzələlər
yarada bilib-bilməyəcəyinə gəldikdə, mərkəz direktoru deyib ki,
quru ərazilərə nisbətən Xəzərdə olan zəlzələlərin dərinliyi daha
çoxdur. Buna görə də dənizdə baş verən zəlzələlər təhlükəli olmur:
"Zəlzələnin dərinliyindən də çox şey asılıdır. Hacıqabulda fevralın
10-da baş verən zəlzələnin dərinliyi 55 km olduğundan o, heç bir
fəsad törətmədi - nə dağıntılar, nə uçqun, nə də insan tələfatı
oldu. Əslində, həmin zəlzələnin gücü 2012-ci ilin mayında
Zaqatalada baş verən zəlzələnin gücü ilə eyni idi. Ancaq həmin
zəlzələ 55 km dərinlikdə olduğundan Xəzəryanı yaşayış
məntəqələrində 3 bala kimi hiss edilib".
Q.Yetirmişli bildirib ki, hazırda Mingəcevir su anbarının
ətrafında zəlzələ ocaqları olsa da, həmin ərazilərdə də güclü
seysmoloji aktivlik yoxdur. Onun sözlərinə görə, bütün ölkələrdə su
hövzələrinin, hündürmərtəbəli binaların seysmoloji vəziyyətini
yoxlamaq üçün monitorinq sistemi qurulur: "Mən özüm də dəfələrlə
məsələ qaldırmışam ki, Mingəcevir su anbarı, digər anbarlar,
hündürmərtəbəli binaların monitorinq sistemi qurulmalıdır. Söhbət
yalnız güclü zəlzələlərin qeydə alınmasından getmir. Ən zəif
təkanların, müəyyən küləklərin, qrunt sularının səviyyəsinin
yüksəlməsinin törtədiyi fəsadları vaxtında aşkarlamaq üçün
monitorinq sistemi olmalıdır. Bunun da nəticəsində zərər çəkən
yerlərdə vaxtında müvafiq tədbirlər görülə bilər".
Ölkənin hazırkı seysmoloji durumunu da qiymətləndirən Mərkəz
rəhbəri deyib ki, son günlər ərzində Lerik, Lənkəran, Şəmkir, Şəki,
Xəzər dənizində xırda təkanlar baş verir. Ancaq həmin təkanlar hiss
edilmir, onların gücü də 1,2 baladək olub: "Həmin təkanları yalnız
cihazlar qeydə alır. Əvvəlllər biz 0,2 - 1 bal gücündə olan belə
zəlzələri qeydə ala bilmirdik. Çünki bizim şəbəkəmiz seyrək
olduğundan şəbəkələrarası baş verən zəlzələləri qeydə almaq mümkün
deyildi. Əvvəlllər çox zaman Xəzərdə maqnitudası 3 olan zəlzələləri
də qeydə ala bilmirdik. İndi isə müasir avadanlıqla təchiz edilmiş
35 stansiyamız var. Onun hesabına ən zəif təkanları da izləmək
mümkündür".
Q.Yetirmişli deyib ki, indi ölkədə baş verən bütün zəlzələlər
barədə ictimaiyyət məlumatlandırılır. Çünki beynəlxalq sazişlərə də
əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə
məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin
saytında yerləşdirilməlidir("Trend").