"Bizə dedi ki, gedin oturun evinizdə, burda nə işiniz
var? O insana başa sala bilmədim ki, mən şəhid ailələri üçün
burdayam".
Bu sözlər Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyindən
"Axar.az"ın elektron poçtuna daxil olan şikayət məktubunda yer
alıb. İctimai Birliyin sədri Almaz Zeynalova Füzuli rayon
rəhbərliyinin şəhid ailələri ilə pis rəftar etdiyini bildirib.
Məni içəri buraxmadılar
Almaz Zeynalova bildirdi ki, özü də şəhid ailəsinin üzvüdür. 27
yanvar 2014-cü il tarixdə Füzuli rayonunda səfərdə olub. Səfərin
məqsədi rayon rəhbərliyi ilə görüşüb sədri olduğu təşkilatın rayon
şöbəsinin yaradılması və Füzuli rayonu ərazisində yaşayan şəhid
ailələrinin məşğulluğunu təmin etmək olub. Amma burda gözlənilməz
halla qarşılaşıb. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin Ərazi
İdarəetmə şöbəsinin müdiri Vidadi Tağıyev İctimai Birliyin
nümayəndələrini qapıdan içəri buraxmayıb. Şikayətçinin sözlərinə
görə, adıçəkilən şəxs onları təhqir edib: "Bizə dedi ki, gedin
oturun evinizdə, burda nə işiniz var? O insana başa sala bilmədim
ki, mən şəhid ailələri üçün burdayam".
Təşkilat rəhbərinin sözlərinə görə, xeyli səy göstərdikdən sonra
RİH başçısının qəbuluna düşə biliblər. Lakin ümid etdiyinin əksinə
olaraq, Alı Alıyev öz "şilləvuranının" (ifadə şikayətçiyə
məxsusdur- red) dürüst hərəkət etdiyini bildirib və bunu Füzuli
rayonunun məhz cəbhə bölgəsi olması ilə izah edib.
Şikayətçi gördüyü münasibətdən sonra müəyyən araşdırmalar
aparıb. Aydın olub ki, adıçəkilən ərazidə vətəndaşlara qarşı böyük
haqsızlıqlar hökm sürür. Üstəlik, şəhid ailələri üçün nəzərdə
tutulan sosial yardımlara da rayon rəhbərliyi tərəfindən müdaxilə
olunur.
Qeyd edək ki, İctimai Birliyin sədri özünə kobud münasibətin də
elə bundan qaynaqlandığını deyir.
Bütün hay-küyü Almaz Zeynalova özü yaratdı
Füzuli Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı "Axar.az"a
danışan mətbuat xidmətinin rəhbəri Bayram Niftəliyev bildirdi ki,
baş verənlərdə günahkar Almaz Zeynalovadır:
"Almaz Zeynalova bizim idarəyə gələndə onu normal qarşılayaraq
dediklərini dinlədik. Deyilənlər tamamilə yanlışdır. Çünki bütün
səs-küyü Almaz xanım özü yaratdı. Hətta İcra Hakimiyyətinin
işçilərinə etikadan kənar, şərəf və ləyaqəti alçaldan sözlər də
dedi. Füzuli Rayon İcra Hakimiyyətinin Prezidentin sərəncamı ilə
gördüyü işlər göz önündədir. Bu barədə deyilən sözlər sadəcə
təxəyyülün nəticəsidir. Almaz xanımın bu iddiaları qətiyyən
reallığa uyğun deyil. Baş verən bütün narahatlığı şikayətçi özü
yaradıb".