Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Krasnoyarsk diyarındakı cəzaçəkmə müəssisəsinə köçürülür. Onun oğlu Mutvalı Şıxlinski isə Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən 53 saylı islah koloniyasına göndərilib.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı mənbələrinə istinadən "E1" nəşri yayıb.
Məlumata görə, etap olunma ilə bağlı sənədlər iyulun 17-də imzalanıb. Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları da Krasnoyarsk diyarında yerləşən koloniyaya yola salınıblar.
Xatırladaq ki, Şahin Şıxlinski adam öldürməyə cəhd və qətl hadisəsinin təşkilində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu isə ümumi rejimli koloniyada cəza çəkməklə 8 il azadlıqdan məhrum olunub.
Şıxlinskilər Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı keçirdiyi səs-küylü əməliyyatdan sonra həbs ediliblər. Həmin əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub, Səfərovlar ailəsinin bir neçə üzvü və diasporanın digər nümayəndələri saxlanılıb.
Sonradan onlara qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi qaldırılıb, Şahin Şıxlinskiyə isə əlavə olaraq qətlin təşkili və qətlə cəhd ittihamları irəli sürülüb.