Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.
Axar.az xəbər verir ki, 33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb. Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Telman Salmanov ifadəsində bildirib ki, təxminən 1 il əvvəldən bu vaxtadək Lyudmila adlı qadınla şəxsi narazılıq səbəbindən ona qarşı mənfi münasibətləri yaranıb. Qisas almaq üçün “Bigo Live” sosial şəbəkəsində Lyudmilanı, valideynlərini və övladlarını canlı yayımda izləyicilərin də eşitdiyini bilərək, qəsdən təhqir edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Zərərçəkən qadın isə Telmanın barəsində ciddi qanuni tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə T. Salmanov 15 gün müddətinə inzibati qaydada həbs olunub.