Bu gündən ali təhsil müəssisələrinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında
iştirak etmək üçün sənəd qəbulu başlayır.
"Axar.az" Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, qəbul
imtahanlarında iştirak etmək istəyən abituriyentlər 2014-cü il
aprelin 1-dən 30 dək TQDK-nın internet saytına daxil olaraq
şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından
istifadə etməklə "Abituriyentin elektron ərizəsi" ni
doldurmalıdırlar.
Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya
bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə
edə bilərlər.
Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron
ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK)
müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq
etməlidirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam
orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam
orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız
abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili
müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız
abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş
qız abituriyentlər.
Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron
ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən
30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün
(şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək
fəaliyyət göstərirlər. SQK-ların yerləşdiyi yerlər haqqında məlumat
2 saylı "Abituriyent" jurnalında təqdim olunub.
Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan
abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi:
a)əvvəlki illərin məzunları sənədin əslini; b)ümumi təhsil
müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin
bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər məzunu
olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentin
buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı.
-Şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan
vətəndaşları şəxsiyyət vəsiqəsini; b)əcnəbilər şəxsi pasportunu və
ya icazə vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət
vəsiqəsini və ya icazə vəsiqəsini, qaçqın statusu almış xarici
vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqəsini.
-Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
Ali və orta ixtisas təhsili olan abituriyentlər göstərilən
sənədlərlə yanaşı SQK-ya aşağıdakı sənədləri də təqdim
etməlidirlər:
-təhsil aldıqları müəssisə tərəfindən verilən və ali və ya orta
ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən
arayışı;
-attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi
tərəfindən verilən müəyyən formada attestat qiymətləri göstərilən
arayışı.
Nəzərinizə çatdırırıq ki, ərizə qəbulu ilə bağlı daha ətraflı
məlumatlar 2 saylı "Abituriyent" jurnalında təqdim olunub. Jurnalı
satışdan əldə edə və ya abituriyent.az saytından sifariş edə
bilərsiniz.