Yuxarı

Uşağını döyən valideyn cəzalanacaq - Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döymək uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar. Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur.

Bu günlərdə məsələ ilə bağlı parlamentə qanun layihəsi təqdim olunub. Azərbaycanda uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılması qadağan edilə, uşağına qarşı cismani cəza törətmiş şəxslər valideynlik hüququndan məhrum edilə və ya onların valideynlik hüquqları məhdudlaşdırıla bilər. Bu barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib. Onun sözlərinə görə, bu məsələlər Ombudsman Aparatı və UNİCEF tərəfindən birgə hazırlanmış "Uşaqların cismani cəzalardan müdafiəsi haqqında” qanun layihəsinə daxil edilib.

Yeni layihənin əsas məqsədləri cismani cəzalara məruz qalmış uşaqların hüquqlarının müdafiəsi və onlara sosial-psixoloji yardımın göstərilməsi, uşaqlara qarşı törədilmiş cismani cəzaların səbəblərinin, həmçinin buna şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, uşaqların cismani cəzalara məruz qalması riskinin azaldılması, cismani cəzaların tətbiqinə yol vermiş şəxslərin Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasıdır. Qanun layihəsində xarakterindən asılı olaraq, cismani cəza verənlərə intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.

A.Səfixanlı deyib ki, hüquqi tədbirlər dedikdə, cismani cəza hallarının araşdırılması, cismani cəzaya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, cismani cəzadan zərərçəkmiş uşaqların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində uşağın və müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, cismani cəzadan zərərçəkmiş uşaqların hüquqi yardımla təmin edilməsi, cismani cəza ilə bağlı əməlləri törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması, eləcə də səlahiyyət sahiblərinin və ya digər şəxslərin peşə fəaliyyətinin məhdudlaşdırılması və müvəqqəti olaraq həmin fəaliyyətdən kənarlaşdırılması kimi tədbirlər başa düşülür.

Aparat rəhbərinin sözlərinə görə, sosial tədbirlər dedikdə cismani cəzadan zərər çəkmiş uşaqların sosial müdafiəsinin təşkili, tibbi yardımın göstərilməsi, psixoloji reabilitasiya kurslarının təşkili və s. bu kimi tədbirlər nəzərdə tutulur: "Maarifləndirici tədbirlərə isə cismani cəzanın mənfi hüquqi, tibbi və sosial nəticələrinin əhali arasında izah edilməsi, cismani cəzaya səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili, cismani cəzaya görə qanunverciliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi kimi tədbirlər aid edilir.

A.Səfixanlı əlavə edib ki, qanun layihəsi hazırlanarkən bir sıra Avropa ölkələrinin təcrübəsi və BMT-nin ixtisaslaşmış qurumlarının tövsiyələri nəzərə alınıb.

Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələrində "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi müsbət hal kimi qeyd edilib və ölkəmizdə bütün məkanlarda, o cümlədən ev şəraitində uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılmasını birmənalı qaydada qadağan edən qanunun qəbul edilməsi tövsiyə olunub:

Bununla yanaşı, Azərbaycan Hökumətinin ikinci məruzəsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə tövsiyələrində də ölkəmizdə "Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbul edilməsi qeyd edilib.

Qanun layihəsi ilə bağlı Şərq-ə danışan Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov isə layihədə müəyyən mexanizmlərin tətbiqinin vacib olduğunu vurğulayıb. Liqa sədrinin sözlərinə görə, təkcə qanunun qəbul edilməsi ilə məsələ həll olunmur:

"Uşaqlara cəzaların tətbiq edilməsi ilə əlaqədar olaraq məktəblərdə monitorinq aparırdıq. Əsas məqsəd müəllimlərin uşaqlara qarşı sərt şəkildə rəftarını müəyyən etmək idi. Bir gün təsadüfən heç kimin nəzarəti olmadan sinfə girdim və uşaqlara sual verdim. Lakin heç bir cavab ala bilmədim. Onlar valideynlərinin və ya müəllimlərinin təzyiqlərinə məruz qaldıqlarını deyə bilmədilər”.

Həqiqətən də, bu gün uşaqlara qarşı sərt təpkilərin olması onlarda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Y.Bəkirovun qənaətincə, müvafiq qanunun məqsədi uşaqların döyülməsinin qarşısını almaqdır. Lakin öncə qanun üzərində ciddi şəkildə işləmək gərəklidir: "Əti sənin, sümüyü mənim. Bizdə hətta belə atalar sözü var. Hətta bir dəfə Cenevrədə əcnəbi xanım dedi ki, Azərbaycan yaxşı qanunlar qəbul edir. Amma qanunu qəbul etmək asandı və ona riayət edən olmayacaq. Qanunun üzərində peşəkar şəkildə işləmək lazımdır”.

Tarix
2017.03.05 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla