Sürücülərin tez-tez rast gəldiyi hallardan biri qəza şəraiti
yaratma ilə bağlı verilən cəzalardır. Yanacaqdoldurma
məntəqəsindən, ikinci dərəcəli yoldan əsas yola çıxarkən gələn
avtomobilə yol verilmədikdə DYP əməkdaşları həmin sürücüyə protokol
yazır. Bunun cəriməsi isə 80 manatdır. Yəni, yol polisləri əksər
hallarda adi yol verməməni də "qəza şəraiti yaratma" kimi
qiymətləndirərək, sürücünü daha sərt məsuliyyətə cəlb edir. Əslində
isə vəziyyət başqa çür də ola bilər.
Sürücü də, polis də çıxılmaz
vəziyyətdə
Məsələyə aydınlıq gətirən
hüquqşünas, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov
"Axar.az"a əksər hallarda sürücülərin günahsız yerə məsuliyyətə
cəlb edildiyini deyib:
"Ölkəmizdə mövcud olan yol hərəkəti qaydaları beynəlxalq
konvensiyalar əsasında müəyyən edildiyindən bəzi texniki xarakterli
problemlər nəzərə alınmasa, bu qaydalarda ciddi qüsurlar yoxdur.
Lakin qayda pozuntularına görə məsuliyyət müəyyən edən
qanunvericiliyimiz xeyli dərəcədə milli olduğundan burada qüsurlar
bir az çoxdur. Belə qüsurlardan biri "qəza şəraiti yaratma" adlanan
inzibati xəta ilə bağlıdır. Bu xətanın anlayışındakı kobud
çatışmazlıq nəticəsində əksər hallarda sürücülər heç bir qəza
şəraiti olmadığı halda həmin xətaya görə məsuliyyətə cəlb
edilirlər".
Ekspert cəzanı müəyyən edən DYP əməkdaşlarının da bu zaman ciddi
çətinliklə üzləşdiyini istisna etmir. Onun sözlərinə görə, "qəza
şəraiti yaratma" anlayışının mücərrədliyi hazırkı məzmunda bu
inzibati xətaya görə qanun çərçivəsində məsuliyyətə cəlb etməni
qeyri-mümkün edir.
Qəza şəraiti üçün 2 şərt
"İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində "qəza şəraiti
yaratma" anlayışı belə müəyyən edilib: hərəkətin başqa
iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi
dəyişməsinə səbəb olan pozuntular törədilməsi.
Deməli, qəza şəraiti yaratmanın mövcud olduğunu söyləmək üçün iki
başlıca şərt tələb olunur: nəqliyyat vasitəsi sürücüsünün yol
hərəkəti qaydalarının hər hansı bir pozuntusunu törətməsi; bu
pozuntunun digər hərəkət iştirakçısını (və ya iştirakçılarını)
hərəkətin sürətini və istiqamətini dəyişməyə məcbur etməsi".
Bu şərtlərdən birincisi ilə bağlı heç bir anlaşılmazlıq mövcud
deyil. Nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarına zidd
olan istənilən əməl törətdiyi halda bu şərt mövcud ola bilər. Belə
əməl qismində istənilən qayda pozuntusu – qəflətən hərəkətə başlama
və ya bitişik ərazidən yola çıxma, sürət həddini aşma, nəqliyyat
vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını
pozma, ötmə, manevr etmə, dayanma, durma qaydalarını pozma və s.
çıxış edə bilər. Hər hansı qayda pozuntusunun olmaması, yəni
sürücünün hərəkətinin qaydalar çərçivəsində olması, bu, başqa
hərəkət iştirakçısını sürəti və istiqaməti dəyişməyə məcbur etsə
də, qəza şəraiti yaratma hesab edilə bilməz.
İstənilən halda sürücü
cərimələnir
Lakin göstərilən şərtlərdən
ikincisinin kifayət qədər qüsurlu olduğunu deyən Ə.Hüseynov onun
"Yol hərəkəti haqqında" qanunun bəzi müddəalarına uyğun gəlməməsi
səbəbindən təcrübədə bu inzibati xətanın bütövlükdə qanuna tam
uyğun tətbiqinin mümkün olmadığını bildirib:
"Qanuna əsasən, yol vermə şəraiti mövcud olduqda sürücünün
hərəkəti davam etdirməsi və ya hərəkətə başlaması, hər hansı manevr
etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət
istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etdiyi halda "yol
verməmə" adlanır. Göründüyü kimi, hətta "yol verməmə" anlayışında
hərəkət istiqamətini və ya sürəti sadəcə dəyişməyə yox, həmin
hərəkət parametrlərini qəflətən dəyişməyə məcbur olma zəruri əlamət
kimi göstərilib. Bu anlayışı əsas götürən DYP əməkdaşları yol
verilmədiyi istənilən halda əməli qəza şəraiti yaratma sayır".
Bəs xarici təcrübə nə
deyir?
Bu sahədə xarici ölkələrin təcrübəsinə toxunan Ə.Hüseynov deyir
ki, əksər ölkələrdə "qəza şəraiti yaratma" adlanan yol hərəkəti
qaydası pozuntusu mövcud deyil. Bildirib ki, bir sıra ölkələrdə isə
eyni adlı yol hərəkəti qaydası pozuntusu nəzərdə tutulsa da, lakin
həmin dövlətlərin qanunvericiliyində qəza şəraiti yaratmaya
təxminən aşağıdakı kimi anlayış verilib:
"Qəza şəraiti yaratma, yəni
yol hərəkəti qaydalarını pozmaqla hərəkətin başqa iştirakçılarını
özünün və ya yol hərəkətinin digər iştirakçılarının
təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini və ya
istiqamətini qəflətən və kəskin dəyişməyə və ya başqa tədbirlər
görməyə məcbur etmə".
Məcəlləyə dəyişiklik lazımdır
Beləliklə, sürətin və ya istiqamətin istənilən dəyişməsinə
deyil, məhz qəflətən dəyişməsinə, özü də kəskin dəyişməsinə məcbur
edilmə qəza şəraiti yaratma hesab edilə bilər. Hüquqşünasın
fikrincə, qəza şəraiti digər hərəkət iştirakçısını adi manevr
etməyə məcbur etmədə yox, onu xüsusi sayıqlıq və məharət
göstərməklə yol-nəqliyyat hadisəsindən qaçmaq üçün manevr etməyə
məcbur etmədə ifadə oluna bilər:
"Ona görə də hesab edirəm ki, İXM-in 151.3-cü maddəsində qəza
şəraiti yaratmaya verilmiş anlayış dəqiqləşdirilməli və bu xətaya
görə məsuliyyət yalnız bundan sonra tətbiq edilməlidir, yaxud həmin
inzibati xəta İXM-dən çıxarılmalıdır. Hərəkətin sürətini və ya
istiqamətini qəflətən və kəskin olaraq dəyişmə dedikdə, yol
hərəkəti iştirakçısının gözləmədiyi elə vəziyyətin yaradılması başa
düşülür ki, bu zaman qəfil və sərt manevrlər edilməsə, qəza baş
vermiş olacaq. Adi yol şəraitində normal manevrlərlə sürətin və ya
istiqamətin dəyişməsi qəza şəraiti hesab edilə bilməz".
Nəzərə almaq lazımdır ki, qəza şəraiti ən azı iki hərəkət
iştirakçısı (biri təqsirkar sürücü, digəri qəza şəraitinə düşən
hərəkət iştirakçısı) olduqda yarana bilər. Özü də bu xətanın
rəsmiləşdirilməsinin özəlliyi də var. Qəza şəraiti yaratma ilə
bağlı protokolda həm qəza şəraiti yaradan, həm də qəza şəraitinə
düşən hərəkət iştirakçısı (konkret avtomobil və s.)
göstərilməlidir.