Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin yeni kampaniyası sosial şəbəkələrdə maraq doğurub. Belə ki, sözügedən qurumun 20-dən çox şirkətlə bağladığı müqaviləyə əsasən, ailə qurmaq istəyən gənclərə mebel, soyuducu və sair kimi əşyalara 35 faizə qədər endirim təklif olunacaq. Azərbaycanda da gənclər, xüsusilə cehiz məsələsində problemlərlə qarşılaşır, ildən-ilə hər şeyin bahalaşdığını bildirirlər.
Ölkəmizdə müvafiq qurumlar gənc ailələrə müəyyən güzəştlər təklif edə bilərmi?
Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, gənc ailələrə dəstəklə bağlı yeni strategiya hazırlanıb:
“Bu layihədə konkret nələrin nəzərdə tutulduğunu bilmirəm. Amma bu günə qədər gənc ailələr üçün belə dəstək proqramları haqda nəsə eşitməmişəm. Bəzən fərdi halda hansısa şirkət qazilər üçün toy edib və ya cehiz məsələsində dəstək olub. Daha çox uşaq evindən çıxanlara yardımlar edilir. Ümumiyyətlə, cehiz vermək bir ənənə olsa da, artıq xərcdir. Açığı, ifratçılığın əleyhinəyəm. Ailələr borca girib çətinlik çəkirlər. Bəzən qarşı tərəf cehiz gətirməyən gəlini əzir. Fikrimcə, yeni evlənənlər ilkin dəstək alsalar, hər şey qaydasına düşər. Əsas evin olmasıdır. Sonra gənclər işləyib çatışmayan əşyaları əldə edə bilərlər”.
Mehriban Zeynalova bildirib ki, Türkiyə yaxşı kampaniyaya start verib:
“Görünür, şirkətlər də bununla özlərini reklam edir, həmçinin gənclərə dəstək olurlar. Düşünürəm ki, son zamanlar müxtəlif layihələrə imza atan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bunu edəcək”.