Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, hər il
dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir.
160 milyon nəfər isə xəsarət alır və peşə xəstəliyinə tutulur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil
edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8
trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4
faizinin itirilməsinə səbəb olur.
"Axar.az" xəbər verir ki, aprelin 28-i bütün dünyada əməyin
mühafizəsi günü qeyd edilir. Bu günün qeyd edilməsi Amerika və
Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə
nəticəsində həlak olmuş işçilərin anım günü kimi başlanılıb.
Sonradan bu təşəbbüs BƏT-də dəstəklənib və 2002-ci ildən Ümumdünya
Əməyin Mühafizəsi günü kimi müəyyənləşdirilib. Hazırda bir çox
ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilən bu günün məqsədi
istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının
alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına
ictimai diqqətin artırılmasıdır.
Nazirin gözü qarşısında acınacaqlı vəziyyət
Çünki bu məsələ hazırda günün aktual problemlərindəndir. Son
illərdə tikinti aparılan sahələrdə işçilərin qəzaya düşməsi,
kimyəvi maddələrin istehsal olunduğu ərazilərdə zəhərlənmələrin baş
verməsi ilə bağlı az qala hər gün xəbər alırıq. Tikintidə, xüsusilə
hündür mərtəbəli binaların inşasında çalışan fəhlələrin
təhlükəsizliyinin təmin olunması məsələsi ictimaiyyətdə ciddi
müzakirə edilsə də, bu sahədə kifayət qədər problemlər qalıb. Bunu
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da
görüşlərin birində səsləndirib:
"Nazirlikdə oturduğum binanın 16-cı mərtəbəsi ilə üzbəüz bina
tikilir. Baxıram ki, bir gün fəhlələr formalarını geyir,
kaskalarını taxırlar. İkinci gün heç bir şey yoxdur. Üçüncü gün
bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də
dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin.
Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət
necədir".
Bədbəxt hadisələr
azalır
Bu sahədə ölkəmizdəki
vəziyyətə aydınlıq gətirən nazir hər il istehsalatda 250-yə qədər
bədbəxt hadisənin baş verdiyini, nəticədə 80 nəfərin dünyasını
dəyişdiyini vurğulayıb. Nazir 2009-cu illə müqayisədə 2013-cü ildə
istehsalatda baş vermiş bədbəxt hadisələrin 40 faizədək azaldığını
qeyd edib.
"Ölkəmizdə son onillikdə hər 100 min nəfər işçiyə düşən bədbəxt
hadisələrin sayında nisbi stabillik müşahidə olunub. 1997-2000-ci
illərdə hər 100 minə düşən bədbəxt hadisə nəticəsində ölənlərin
sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də
1997-2000-ci illərdə hər 100 min nəfərə düşən istehsalatda xəsarət
sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci
illərdə isə 4-5 nəfər təşkil edib".
Strategiya layihəsi
NK-ya göndərilib
Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan
Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin
təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. 1999-cu ildə
qəbul edilən "Azərbaycan Respublikasının Əmək Məcəlləsi"nin xeyli
hissəsi də məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini,
hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə
edir. Azərbaycan BƏT-in qəbul etdiyi əsas işçi hüquqları ilə bağlı
57 konvensiyasına qoşulub. Onlardan 21-i məhz əməyin mühafizəsi və
təhlükəsizliyini nəzərdə tutan hüquqi aktlardır.
Qeyd edək ki, 2011-2015-ci illər üçün nəzərdə tutulan Dövlət
Proqramında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli
Strategiyanın hazırlanması nəzərdə tutulub. ƏƏSMN-dən verilən
məlumata görə, artıq Strategiyanın layihəsi hazırlanaraq Nazirlər
Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin
təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq
üçün perspektiv tədbirlər əksini tapıb. Belə tədbirlərdən biri
kimi, respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi
Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin,
eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin
yaradılması nəzərdə tutulur. Strategiyada əməyin mühafizəsi
sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması
məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və
ictimai nəzarətin gücləndirilməsi işlərinə də yer ayrılıb.
Əmək müqavilələri elektron qeydiyyata
alınacaq
Hazırda kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin
mühafizəsi məsələsinin son dərəcə aktual olduğu nəzərə alınaraq iş
yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir
üsullarla ekspertizası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində xüsusi laboratoriyaların yaradılması işləri aparılır.
Bundan əlavə, bu il iyulun 1-dən etibarən əmək müqaviləsi
bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron
informasiya sisteminin tətbiqinə başlanılacaq. Bu, əməyin
mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə
imkan verəcək.