Yuxarı

MTN zabiti Gəncə qiyamının sirrini açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-1993-cü illərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş, hazırda nüfuzlu politoloqlardan olan Ərəstun Oruclu 4 iyun 1993-cü il hadisələri haqqında maraqlı müəllif yazısı ilə çıxış edib.

Axar.az xəbər verir ki, politoloq yazısında SSRİ dağıldıqdan sonra Rusiyanın bölgəyə silahlı və etnik münaqişələr vasitəsilə nəzarət etdiyini bildirib:

Opponentləri AXC-ni Şuşanı verməkdə suçlayırdı

"Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə hakimiyyətə gələndə keçirilən prezident seçkisinin nəticələri hakimiyyət üçün artıq ciddi siqnal idi. Əbülfəz Elçibəyə əsas opponentlik edən akademik Nizami Süleymanov xeyli seçki dairəsi üzrə kifayət qədər səs toplamışdı və bunun da səbəbi heç də iddia edildiyi kimi, təkcə onun populist çıxışları deyildi. AXC-nin hakimiyyətə gəlişi ərəfəsində baş verən hərbi məğlubiyyətlər və siyasi böhranlar bu təşkilatdan da yan keçməmişdi. AXC 1992-ci ilin ilk 4-5 ayı ərzində əhali arasında olan nüfuzunun önəmli bir hissəsini artıq itirmişdi və bir çox hallarda milli-azadlıq hərəkatı kimi deyil, hakimiyyətə can atan siyasi qüvvə kimi qəbul edilirdi ki, bu da təşkilatın cəmiyyətdəki mövcud stereotipik imicinin transformasiyası demək idi. Təsadüfi deyildi ki, həmin seçkidən sonra hakimiyyətə qarşı saxtakarlıqla və silah gücünə hakimiyyəti zəbt etməklə bağlı xeyli ittihamlar səsləndirilirdi. Az, ya çox, amma fakt budur ki, cəmiyyətdə belə fikirlər dolaşırdı. Opponentləri AXC-ni hakimiyyətə gəlmək üçün Şuşanı və Laçını təhvil verməkdə ittiham edirdilər. AXC hakimiyyətinin təbliğat siyasəti isə son dərəcə zəif qurulduğundan, bu ittihamların miqyası getdikcə daha da artır və genişlənirdi".

Komanda yekdil deyildi

Politoloq AXC-nin hakimiyyətə gəlməyinə baxmayaraq, qısa zamanda əldə etdiyi uğurları əhaliyə çatdıra bilmədiyini qeyd edib:

"Həmin tarixi dövrün bütün çətinliklərinə baxmayaraq, AXC hakimiyyəti qısa müddətdə əldə etdiyi uğurları əhaliyə çatdıra bilmirdi və bunun da səbəbi yuxarıda qeyd etdiyim təbliğat siyasətinin zəifliyi, qeyri-peşəkar qurulması idi. AXC hakimiyyətində təmsil olunan qruplar arasında mövqelər uğrunda daxili mübarizə getdikcə vüsət alırdı və bəzən bu qruplar bir-birinə qarşı daha barışmaz olurdular, nəinki ümumi rəqibə qarşı. Hakimiyyətin vahid idarəçilik mərkəzi yox dərəcəsində idi və qruplararası çəkişmələr bu istiqamətdə pozitiv addımların atılmasına ciddi mane olurdu. Bu və digər səbəblərdən AXC hakimiyyəti yeni parlament seçkiləri keçirməyə tələsmir və hələ sovet dönəmindən qalan, legitimliyi xeyli suallar doğuran parlamenti qruyub saxlamağa çalışırdı. Təkcə hakimiyyət qanadları arasında deyil, bir çox nazirliklər arasında əlaqələrdə də açıq-aşkar pərakəndəlik, qarşıdurmalar, qeyri-sağlam rəqabət vardı və bunlar durmadan yüksələn xətt üzrə davam edirdi".

Ərəstun Oruclu həmin zamanlarda Azərbaycan üzərində Qərb şirkətləri ilə imzalanmağa hazırlanan neft müqaviləsinin kabusu dolaşdığını söyləyib:

"Hakimiyyət ierarxiyası yox dərəcəsində idi və bəzən elə şəxslər elə siyasi bəyanatlar verirdilər ki, bunun, yumşaq desək, siyasətə heç bir aidiyyəti olmurdu. Bəzən isə buna oxşar bəyanatlar ən yuxarı səviyyələrdən səsləndirilirdi və bu da öz növbəsində beynəlxalq aləmdə hakimiyyətin nüfuzuna ciddi xələl gətirirdi. Məsələn, tutduğu vəzifə statusuna uyğun olaraq funksiyası sirf yerli idarəçilik məsələləri olan bəzi hakimiyyət nümayəndələri türkçülük, turançılıq haqda boş və mənasız mülahizlər irəli sürürdülər ki, bu da bir sıra hallarda hakimiyyətin qeyri-ciddi, xaotik bir qrupdan ibarət olması təəssüratını yaradırdı. Azərbaycan üzərində Qərb şirkətləri ilə imzalanmağa hazırlanan neft müqaviləsinin kabusu dolaşırdı və bu da ən təhlükəli, amma təəssüf ki, çox da ciddi yanaşılmayan bir məqam idi".

Rusiya özünə loyal qrupları silahlandırırdı

O, Gəncə qiyamı ərəfəsində Rusiya və İranın xüsusi kəşfiyyat orqanlarının Azərbaycanda sistemli pozuculuq fəaliyyətinə başladığını vurğulayıb:

"Əslində özünü daha çox sözdə göstərən ifrat ideolojiləşmə həm ölkənin daxilində, həm də ondan xaricdə hakimiyyətin əleyhdarlarının ümumi çəkisini sürətlə artırırdı. AXC hakimiyyətə gələnədək ölkədə əsas idarəçilik sistemi olan korrupsiya mexanizmləri sıradan çıxarılsa da, əvəzində yeni, sağlam sistem qurulmamışdı. Bir növ idarəçilik boşluğu və hətta idarəçilik böhranı mövcud idi. Sistemsiz, qeyri-ardıcıl və pərakəndə də olsa, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar bir sıra qonşu dövlətlərdə (xüsusilə, İran və Rusiyada) ciddi təlaş yaradırdı ki, bu da onların Azərbaycana ənənəvi düşmənçilik münasibətini bir qədər də kəskinləşdirir və dərinləşdirirdi. Bu ölkələr artıq sistemli pozuculuq fəaliyyətinə başlamışdılar ki, bu da 4 iyun hadisələri dövründə özünü açıq şəkildə göstərəcəkdi".

Politoloq Rusiya kəşfiyyatının fəaliyyəti nəticəsində Elçibəy hökumətinin devrilməsinə bir neçə istiqamətdə fəaliyyətin aparıldığını qeyd edib:

"AXC hakimiyyətinin devrilməsinə hazırlıq bir neçə cəbhədə və bir neçə müstəvidə gedirdi. Rusiya əsasən Azərbaycana hərbi uğursuzluqlar təşkil edir, ölkəni tərk etməyə hazırlaşan Rusiya qoşunları silah-sursatı Azərbaycan hakimiyyətinə təhvil verməklə yanaşı, həm də özünə loyal siyasiləşmiş hərbi qrupları silahlandırırdı. Ölkə ərazisindəki Rusiya casus şəbəkəsinin fəallığı da gündən-günə artırdı. Bir tərəfdən Rusiya xəfiyyələri Ayaz Mütəllibovu hakimiyyətə qaytarmağı hədəfləyən qrupları dəstəkləyirdisə, digər tərəfdən də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (ГРУ) Azərbaycan Ordusunda pozuculuq, təxribat və diversiya fəaliyyətini genişləndirirdi. Azərbaycanın Müdafiə Nazirliyi faktiki olaraq ölkənin siyasi rəhbərliyinə tabe olmurdu və bu da Elçibəy hakimiyyətinin nüfuzunu (o cümlədən, beynəlxalq nüfuzunu) sürətlə aşağı salırdı. Ölkədə xaos yaranması təhlükəsi artırdı. Bundan başqa, bir sıra siyasi partiyalar da müəmmalı yollarla əldə etdikləri vəsaitlər hesabına silahlı birləşmələr təşkil etmişdi. Belə silahlı birləşmələr adətən döyüş bölgələrində deyil, Bakı ətrafında (məsələn, Biləcəridə) yerləşdirilir və yalnız həmin siyasi müxalifət liderlərinə tabe olurdu".

İran Elçibəyə qarşı milyonlar xərcləyirdi

Ərəstun Oruclu İranın 1992-1993-cü illərdə Azərbaycanda pozuculuq fəaliyyətini artırması üçün 14-16 milyon dollar pul ayırdığını bildirib:

Azərbaycanın müstəqilliyini ilk gündən aqressiv qarşılayan digər bir qonşu dövlər - İran da pozuculuq fəaliyyətini gücləndirir, bu ölkənin kəşfiyyat orqanları bir neçə istiqamətdə aktivlik göstərirdi. İran xəfiyyələri orduya nüfuz edir, dini dəyərlərin təbliği adı altında sərbəst olaraq məsçidlərdə antiazərbaycan təbliğatı aparır, qurduqları casus şəbəkəsinin vasitəsilə Elmlər Akademiyasının müxtəlif strukturlarında çalışan alimlərin iştirakilə müxtəlif "konfranslar" təşkil edir və hətta bəzən belə "elmi konfransların" iştirakçılarına qonorarlar verməyi də unutmurdu. Bundan başqa, İran xəfiyyələri sürətlə Azərbaycanın media məkanına nüfuz edir, bu işlərə son dərəcə səxavətlə "investisiyalar" yatırırdılar. Ümumiyyətlə müxtəlif mənbələrdən İranın 1992-93 illərdə Azərbaycandakı pozuculuq fəaliyyətinə 14-16 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı haqda məlumatlar daxil olmuşdu. Bu ölkənin xəfiyyə şəbəkəsinin üzvləri və onları idarə edən diplomatik pərdə altında çalışan kəşfiyyatçıları xüsusi həyasızlığı ilə fərqlənirdilər. Bəzən bu hətta ironik həddə çatırdı və Azərbaycan əks-kəşfiyyatı öz ölkəsində İran casuslarından daha ehtiyatlı davranmağa çalışırdı ki, bu da öz növbəsində İran casuslarını daha da ruhlandırırdı".

O həmçinin müxtəlif partiyaların nəzarətin olan hərbi birləşmələrin də hakimiyyət üçün təhlükə daşıdığını deyib:

"Üzdə görünən digər iki müxalifət partiyaları - AMİP (sədri Etibar Məmmədov) və MAP (sədri Nizami Süleymanov) isə əslində yetərincə zəif və sistemsiz mübarizə aparmaları ilə təklikdə və hətta tandemdə ciddi təhlükə mənbəyi hesab edilmirdilər. Bir amili - AMİP-ə bağlı bir sıra nəzarətsiz hərbi birləşmələri nəzərə almasaq. Bunlardan biri yuxarıda qeyd etdiyim Biləcəridə dislokasiya olunmuş iki batalyon idi. Beləliklə, oyunlar genişləndikcə, çevrə daralır, manevr etmək imkanları məhdudlaşırdı. 1993-cü ilin yanvarında Surət Hüseynovun nəzarətində olan korpusun hərbi birləşmələrini Seyfəli poliqonuna çəkərək, Tərtər-Kəlbəcər yolunu müdafiəsiz qoyması və bunun ardınca aprelin ilk günlərində Kəlbəcərin Ermənistan qoşunları tərəfindən işğalı sürətlə daralan halqanı qapadı. Ölkədə fövqəladə vəziyyət elan edildi, amma bu hakimiyyətin süqutunu ən yaxşı halda bir qədər uzada bilərdi. Onu xilas etmək isə artıq gec idi".

Tarix
2014.06.06 / 11:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla