13:54
Culfa rayonunun sərhəddə
yerləşən Ləkətağ kəndinin sakinləri kəndi boşaltmaq məcburiyyətində
qalıb. Bunu simsar.az Naxçıvan MR Culfa rayon sakinlərinə istinadən
yayıb.
Məlumatda bildirilir ki, ermənilər Culfa rayonunun Ləkətağ
kəndini yüksək çaplı silahlardan atəşə tutubar. Dinc sakinlər kəndi
tərk etmək məcburiyyətində qalıblar. Hətta digər məlumatda
bildirilir ki, ərazidəki Kola adlı yüksəkliyi ermənilər nəzarətə
götürüblər.
Kənd sakinləri onu da bildiriblər ki, ermənilər Naxçıvanda
cəbhəboyu hərəkətə keçiblər. Hazırda qızğın döyüşlər gedir.
Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə
saxlamağa çalışırıq.
14:18
Hadisə ilə bağlı Axar.az-a danışan Naxçıvanda olan həmkarımız
Həkimeldostu Mehdiyev bildirdi ki, Naxçıvanda, Ləkətağ
istiqamətində ermənilərin atəşkəsi pozması halları son günlər
intensivləşib:
"Hazırda da fasilələrlə atışmalar davam edir. Amma dünən və
srağagün ermənilər daha intensiv atırdılar. Adətən, iri çaplı
silahlardan istifadə edilir".
H.Mehdiyevin sözlərinə görə, Ləkətağ kəndinin sakinlərinin kəndi
boşaltması və ermənilərin Kola yüksəkliyini ələ keçirməsi barədə
məlumatlar əsassızdır:
"Ləkətağ kəndinin sakinləri heç hara köçməyiblər, adi gündəlik
həyatlarını yaşayırlar. Doğrudur, təmas xəttinə çox yaxındırlar.
Ancaq ermənilər atəşkəsi pozanda əsgərlərimiz qarşılıq verir və
sakinlər üçün heç bir narahatlıq yoxdur".
***
16:01
Müdafiə Nazirliyi ermənilərin Naxçıvan istiqamətində
fəallaşmasına münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətindən
Axar.az-a verilən məlumatda qeyd edilir ki, yayılan xəbərlərin heç
bir əsası yoxdur:
"Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan
məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu
istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti ordumuzun tam
nəzarəti altındadır".
Bu arada sosial şəbəkələrdə Ləkətağ istiqamətinə Azərbaycan
Ordusunun ağır texnika yeritdiyi barədə məlumat yayılıb. Bildirilir
ki, hazırda da atışma davam edir.
18:21
Sədərək rayonunda yaşayan sakinlərin bir neçə dəqiqə əvvəl
virtualaz.org saytına verdiyi məlumata görə, hazırda ərazidə atışma
səsləri eşidilir.
"Sədərəyin sərhədə yaxın olan kəndlərin bəzilərində evlər
boşaldılıb. Bundan əvvəl də bölgədə atışma olurdu. Amma indiki kimi
yox. Hazırda hamı narahatlıq içindədir" - deyə Sədərək sakinləri
bildirir.
Naxçıvandan olduğu bildirilən Elməddin Səmədzadə adlı istifadəçi
sosial şəbəkədə atışma ilə bağlı xəbər paylaşıb:
"Kim deyirsə ki, Naxçıvanda heç nə olmayıb, inanmayın. Müharibə
gedir, qırğındı orda. Müdafiə Nazirliyi də panika yaranmasın deyə,
xəbəri yalanlayır. Amma ciddi-ciddi ermənilər hücuma keçib".
Axar.az-a daxil olan daha bir qeyri-rəsmi məlumatda isə
bildirilir ki, ermənilərin Ləkətağ yaxınlığında otlaq sahəsi kimi
istifadə olunan neytral ərazidə post qurmasına cavab olaraq
Azərbaycan Silahlı Qüvvələri konkret vaxt qoyub. Qısa müddətdə
həmin postun götürülməsi və ermənilərin əvvəlki mövqelərinə
çəkilməsi tələb edilir. Götürülməyəcəyi təqdirdə Azərbaycan ordusu
ağır texnika ilə postu göyə sovuracağını bəyan edib.
Ləkətağ istiqamətində ağır artilleriya yeridilməsi və hərbi
təyyarələrin dövrə vurmasının da səbəbinin bu olduğu
bildirilir.