Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı
(AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov
AŞPA-nın 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay
sessiyasının yekunları ilə bağlı mətbuat konfransı
keçirib.
E.Süleymanov iclasda müzakirə olunan məsələlər barədə
danışıb.
O, əvvəlcə irlandiyalı deputat Mayk Maknamaranın sessiyada
təqdim etdiyi "Azərbaycanın Avropa Şurasına sədrliyi: insan
hüquqları ilə bağlı nə edilməlidir?" qətnamə təklifinə münasibət
bildirib. Bu təklifi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş
kampaniyanın tərkib hissəsi adlandıran millət vəkili bu işə indiki
AŞPA sədri Ann Brassörun da qoşulduğunu bildirib. E.Süleymanov
Azərbaycanda "siyasi məhbus probleminin" qurumun İnsan haqları
komitəsində yenidən müzakirəyə çıxarılmasını bir daha Azərbaycana
qarşı təzyiqlərin, ayrı-seçkiliyin və ikili standartların bariz
nümunəsi kimi qiymətləndirib: "Cəmi bir il əvvəl Ştrasserin
qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi
yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də o
yana olan bir mövqe, Azərbaycana qarşı düşmən mövqeyidir".
E.Suleymanov Siyasi Komitədə bu məsələ ilə əlaqədar 2 namizədin
- Ermənistan nümayəndə heyətinin xüsusilə dəstəklədiyi Pyeter
Omtziyg və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntun qeydə
alındığını bildirib. Səsvermə nəticəsində Pedro Aqramuntun 29:19
üstünlüyü ilə qalib gəlməsi sədr Ann Brassör, Andreas Qross, Mayk
Maknamara və digər anti-azərbaycan təbliğatçılarının niyyətlərini
puça çıxarıb: "Çünki onların istədikləri Azərbaycana siyasi məhbus
məsələləri üzrə xüsusi məruzəçinin təyin edilməsi olsa da,
niyyətləri baş tutmayıb və bu məsələ məruzə edilmək üçün Azərbaycan
üzrə həmməruzəçi Pedro Aqramunta həvalə olunub".
Millət vəkili sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim
olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən
imzalanmış "Azərbaycan ərazilərini silahlı işğal altında
saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə
dair" qətnamə layihəsinin də müzakirə edildiyini bildirib: "Bu
sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda -
AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına
görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən
ilk qətnamə layihəsidir".
E.Süleymanov AŞPA-da Rusiya nümayəndə heyətinə qarşı olduğu
kimi, ermənilər üçün də eyni sanksiyaların tətbiqini nəzərdə tutan
qətnamə layihəsinin qəbul olunmaması üçün qurumda hər cür
təzyiqlərlə üzləşdiyini deyib. Onun sözlərinə görə, qətnamə
layihəsinə iyunun 22-də Sədarət Komitəsində baxılıb və belə bir
konsensus əldə olunub ki, məsələ ilə bağlı məruzəçinin təyin
olunmasına dair sənəd Büroya göndərilsin. Lakin məsələyə AŞPA-nın
baş katibi Savitski qarışıb və prosedur əngəlləri yaratmaqla
qətnamə layihəsinin Büroda müzakirəsinin qarşısını almağa çalışıb:
"Mən orada dərhal yeni bir qətnamə layihəsi hazırlayıb, iyunun
24-də Katibliyə təqdim etdim. Katiblik tərəfindən qəbul olunan və
qurumun rəsmi saytında dərc edilən qətnamə layihəsi baxılmaq üçün
gündəliyə salındı. Həmin vaxt AŞPA baş katibi Savitskinin təşəbbüsü
ilə "Dağlıq Qarabağ münaqişəsi" adlı üçüncü və daha loyal qətnamə
layihəsi Katibliyə təqdim edildi. Büro iclasında hər 3 sənədin
müzakirə üçün gündəliyə salınmasına baxmayaraq, onların müzakirəsi
sentyabr ayına kimi təxirə salındı. Bütün bunlarda məqsəd
Ermənistan nümayəndə heyətinə qarşı sanksiya nəzərdə tutan qətnamə
layihəsini kölgədə qoymaq və nəticə etibarilə Ermənistana qarşı
sanksiya tətbiq olunmasının qarşısını almaqdır".
Millət vəkili AŞPA-nın baş katibi Savitskinin onunla görüşdə
əvvəlcə özünü dostyana aparıb qətnamə layihəsini geri götürməyi
təklif etdiyini, buna nail olmayınca təzyiqlərə başladığını da
söyləyib.
APA