Yuxarı

Redaktorlar Akademiyanın qərarını icra edəcəkmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-də Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemləri" mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, dəyirmi masada Dilçilik İnstitutunun dilçilik məsələləri ilə bağlı müzakirələri jurnalistlərlə davam etdirməsi, ortaya çıxan suallara operativ cavabların verilməsi, alınma sözlərin qarşılığının tapılması və orfoqrafiya prinsiplərinə tabe etdirilməsi, tövsiyələrin irəli sürülməsi üçün elm ocağında media qrupunun və qaynar xəttin yaradılması qərara alınıb.

Nəsimi adına Dilçilik İnstitunun Monitorinq şöbəsinin əməkdaşı Güntəkin Binnətova Axar.az-a verdiyi açıqlamada bildirdi ki, qaynar xəttin yaradılması bu ilin sonuna kimi başa çatacaq: "Qaynar xətt yaradılandan sonra ictimaiyyət nümayəndələri ilə iş prosesi başlanılacaq. Daha çox jurnalistlərlə işləyəcəyimizi güman edirik".

Qeyd edək ki dilçilik norma və qaydalarında nəzərə alınmayan, amma dilə daxil olan müəyyən söz, ifadə və yazı qaydasının alimlərin tövsiyyələri ilə bir müddət nizamlanması, daha sonra isə normalarda əksini tapması da təkliflər sırasındadır. Görəsən, media yazı qanunu təsdiqlənənə qədər bu tövsiyyələrə əməl edəcəkmi?

"Müsavat.com" saytının redaktoru Xalid Kazımlı qaynar xəttin yaradılmasının vacib olduğunu bildirdi:

"Bu, əslində sevindirici haldır. Əgər bu söz kimi qalmasa, qaynar xətt fəaliyyətini düzgün şəkildə qursa, çox təqdirəlayiq addımdır. Ümumilikdə alınma sözlərin düzgün qarşılığını tapıb, onu populyarlaşdırılmaq lazımdır ki, insanlar da bundan istifadə edə bilsinlər. Əlbəttə, bu tövsiyyələr mütləq nəzərə alınacaq".

"ANN.az" saytının Baş redaktoru Zahir Əzəmət isə bu təcrübənin başqa ölkələrdə yaxşı nəticə verdiyini dedi:

"Əvəzedici sözlərin özünü nə dərəcədə doğruldacağını zamanın öhdəsinə buraxmaq lazımdır. Amma istənilən halda uğurlu bir cəhddir. Dilimizin müəyyən sözlərdən təmizlənməsi baxımından təşəbbüsü alqışlayırıq. Türkiyədə bu təcrübəyə nəzər salsaq görərik ki, Türk Dil Qurumunun yaradılması türk dilinin zənginləşməsinə nə dərəcədə kömək etdi".

Media eksperti Zeynal Məmmədli isə operativlik baxımından bu məsələnin qaynar xətt səviyyəsində həllini tapmasına bir qədər şübhə etdiyini dedi:

"Bu hadisə özü-özlüyündə jurnalistlərə məsləhət deməkdir və mən bunu alqışlayıram. Burda bir şeyi nəzərə almaq lazımdır: jurnalistlərin operativ məlumatlandırılması hansı yollarla tənzimlənəcək? Bundan başqa, çox qısa müddət ərzində bu sözlərin doğru izahını tapmaq və onların Azərbaycan dilində qarşılığını vermək qaynar xətt səviyyəsində mümkündürmü?

Bununla belə, jurnalistlərin qarşısında norma olduğunu yaddan çıxarmamaq lazımdır. Yəni dil ilə bağlı bir norma mövcuddur və jurnalist o normalara əməl etməyə, bacardığı qədər terminalogiyadan qaçaraq, sadə sözlərdən istifadəyə məcburdur. Dilin təmizliyinin qorunması hər bir jurnalist üçün əsas vəzifədir. İkinci tərəfdən, zaman ötdükcə inteqrasiya gedir, elm inkişaf etdikcə yeni-yeni sözlər meydana gəlir. Bu baxımdan qaynar xətt fəaliyyətini yüksək səviyyədə qurmalıdır, daima ictimaiyyətlə işləməlidir".

"Azvision.az" saytının Baş redaktoru Vüsal Məmmədov da yaradılacaq qaynar xəttin işinin çox olacağını bildirdi:

"Bu, doğrudan ciddi problemdir. Biz tez-tez bu problemlə üzləşirik. Heç İnstitut bu təşəbbüsü irəli sürməmişdən öncə də mən jurnalistlərə deyirdim ki, dilçilərlə əlaqə saxlayın, görün, filan sözü Azərbaycanca necə demək olar?

Bəzi sözlər var ki, qarşılığını tapmadan da beynəlxalq variantını işlətmək olur. Məsələn, "selfi" kimi. Amma elə sözlər var ki, xarici variantını işlədə bilmirsən. Xüsusilə rus dilindən bir çox sözləri tərcümə etmək ciddi çətinlik yaradır. Məcbursan 2-3 sözlə vəz edəsən. Bu da dili ağırlaşdırır və üslubu korlayır.

Məncə, texniki və digər terminləri işlətmək elə də ciddi problem deyil və dili zədələmir. Əsl problem məişət və yaşamla bağlı sözlərdədir.

Mən ingilis və rus dillərindən çox istifadə etdiyim üçün deyə bilərəm ki, hər il onlarla yeni söz yaranır. Bu da həyatın inkişaf etməsilə bağlıdır. Ortaya yeni hadisə çıxırsa, onu ifadə etməyə söz də lazımdır. Bu sözlər isə bizdə yoxdur. Məsələn, internetdə hansısa mövzunun müzakirəsi zamanı dəxli olmayan fikirlərə "flud", onu yazan adama "fluder" deyirlər. Biz bu sözü işlədə bilmərik. Amma şəxsən mən hər gün nə qədər "flud" və "fluder"lə rastlaşıram. Onları hansı adla tanıdım?

Belə suallar həddindən artıq çoxdur. Və buna görə, yəqin ki, onları cavablandıracaq komissiyanın, xüsusi ilə bu suallara operativ reaksiya verməli olan qaynar xəttin işi həddindən artıq çox olacaq. Bu təşəbbüsü göstərən və ağırlığın altına girən ziyalılarımıza təşəkkür edirəm. Təki dediklərini reallaşdırsınlar, biz isə dəstəyə hər zaman hazırıq".

Tarix
2014.07.04 / 21:54
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla