Bir neçə gün öncə ali
məktəblərə qəbul imtahanları başa çatdı. Baş tutan yekun imtahan
isə iyulun 20-də 2-ci və 3-cü ixtisas qrupu üzrə keçirildi. Keçən
il məzun olub ali məktəblərə qəbul ola bilməyənlər isə builki
məzunlardan 2 ay əvvəl – may ayında imtahan verdilər. İyulun 24-dən
etibarən isə ali məktəblərə ixtisas seçimi başlanıb və avqustun
4-nə qədər davam edəcək.
Hər bir qrup üzrə yüksək və aşağı
nəticə göstərən abituriyentlər var. TQDK-nın qəbul qaydalarına
əsasən, ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda toplanan
ən yüksək bal 700 sayılır. Bu il isə bütün qruplar üzrə bu balı
toplayanlar olmasa da, bir neçə ixtisas qrupunda buna rast gəlmək
mümkün oldu. 1-ci və 4-cü qrup üzrə cəmi 7 nəfər, 2-ci qrup üzrə
isə 2 nəfər 700 bal toplasa da, 3-cü qrupda bu qədər bal toplayan
olmayıb. Abituriyentlər isə bunu tarix fənnindən olan test
suallarının digər illərə nisbətən həddindən artıq çətin olmasıyla
əlaqələndirirlər.
Axar.az olaraq bu il keçirilən qəbul
imtahanlarında aşağı bal toplayan abituriyentlər arasında sorğu
keçirərək, onlara imtahanla bağlı sual verdik.
Sualımız isə beləydi: - Qəbul
imtahanında aşağı bal toplamağınıza səbəb nə oldu?
İlahəYusifli ( III ixtisas qrup,
Azərbaycan bölməsi. Topladığı bal: 300):
"Tarix fənnindən olan suallar dəhşətli
dərəcədə çətin idi. Üzdən asan görünsə də, çaşdırıcıydı".
Həmid Dənziyev (II ixtisas qrupu,
Azərbaycan bölməsi. Topladığı bal: 114):
"Həm o qədər yaxşı hazırlaşmamışdım,
həm də çox həyəcanlı idim. Lakin az bal yığmağımın əsas səbəbi
həyəcanlanmağım oldu".
Sədrəst Məmmədova (III ixtisas qrupu,
Azərbaycan bölməsi. Topladığı bal: 200):
"Yaxşı hazırlaşmamışdım və
həyəcanlıydım. Bu il özümə söz vermişəm, Azərbaycan Prezident
yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olacağam".
Bəxtiyar Rəhimov (I ixtisas qrupu,
Azərbaycan bölməsi. Topladığı bal: 361):
"İmtahan verdiyimiz otaq çox isti və
imtahan nəzarətçiləri həddindən artıq ciddi idi. Buna görə nəticəm
pis oldu".
Həmid Rəhimli (II ixtisas qrupu ,
Azərbaycan bölməsi. Topladığı bal: 390):
"Futbola hədsiz marağım və buna görə də
ciddi hazırlaşmadığım üçün az bal yığdım".
Azad Arzumanlı (II ixtisas qrupu,
Azərbaycan bölməsi. Topladığı bal: 372):
"Buna səbəb telefon oldu. Feysbuk və
Vatçap diqqətimi dərslərdən çox yayındırırdı".
Şəbnəm Zahidli (III ixtisas qrupu.
Azərbaycan bölməsi. Topladığı bal: 380):
"Tarix fənninin sualları çətin düşmüşdü
və həyəcanlandım".
Fəxrəddin Behbudov (I ixtisas qrupu.
Azərbaycan bölməsi. Topladığı bal: 218):
"Hazırlıq vaxtı verilən tapşırıqları
vaxtlı-vaxtında yerinə yetirmirdim. Ümumiyyətlə, 10-cu sinifdə
dərslərə tam məsuliyyətlə yanaşmırdım. Məktəbdə də dərslər boş
keçirdi. Amma müəllimlər mənə həmişə deyirdilər ki, oxumağa
potensialım var. Təəssüf ki, dərsə marağım az idi".