Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun budəfəki
qonaqları tanınmış jurnalistlər oldular.
Bilik Fondunun İnformasiya təminatı sektorundan Axar.az-a
verilən məlumata görə, Lent.az informasiya saytının baş direktoru
Qabil Abbasoğlu, Kulis.az internet dərgisinin baş redaktoru Tural
Cəfərov (Qan Turalı), redaktorları Şərif Ağayar, Ağa Cəfərli və APA
İnformasiya Agentliyinin əməkdaşı Cavid Zeynallı Bilik Fondunun
əməkdaşları ilə görüşüblər. Fondun icraçı direktoru Oktay Səmədov
qonaqlara həyata keçirilən layihələr, perspektiv planlar barədə
ətraflı məlumat verib.
Səmimi keçən görüşdə qonaqlar Bilik Fondunun gerçəkləşdirdiyi
layihələrin cəmiyyətin maarifləndirilməsində rolundan danışıblar.
Jurnalistikanın maarifləndirmə funksiyasının birbaşa Bilik Fondunun
missiyası ilə üst-üstə düşdüyünü deyən icraçı direktor Oktay
Səmədov əməkdaşlıqla bağlı tanınmış jurnalistlərdən təkliflər
gözlədiyini bildirib. Bilik Fondunun jurnalistlərlə birgə fəaliyyət
göstərməsinin vacib olduğunu nəzərə çatdırıb.
Fondun içraçı direktoru onu da vurğulayıb ki, mətbuatda
Azərbaycan dilinin imkanlarından düzgün istifadə olunmur, nəticədə
yayımlanan materiallarda bəzən qüsurlar müşahidə olunur. O.Səmədov
belə problemlərin aradan qaldırılmasında peşəkar jurnalistlərin
dəstəyinə ehtiyac olduğunu deyib, bu sahədə səmərəli təkliflərin
həyata keçirilməsində Bilik Fondunun dəstək göstərəcəyini
bildirib.
Görüşdə qonaqlar müxtəlif təkliflər səsləndiriblər. Q.Abbasoğlu
rəhbərlik etdiyi saytın Bilik Fondu ilə birgə gənc jurnalistlər
üçün kurslar təşkil edə biləcəyini vurğulayıb. Sayt rəhbəri onu da
deyib ki, "Jurnalist kitabxanası" yaratmaq da mətbuatın inkişafına
təkan verə bilər.
Ş.Ağayar jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanlarında
çətinliyə düşdüyünü diqqətə çatdıraraq qeyd edib ki, redaktoru
olduğu Kulis.az dərgisi Bilik Fondu ilə birgə abituriyentlərin esse
müsabiqəsini keçirə bilər.
Kitabların bahalığından söz açan Qan Turalı insanların
mütaliədən sürətlə uzaqlaşmasında bu amilin xüsusi rol oynadığından
danışıb. Kulis.az-ın baş redaktoru bildirib ki, kütləvi
kitabxanaların və oxu zallarının çoxaldılmasında Fondla əməkdaşlığa
hazırdırlar.
Qonaqlar növbəti görüşün redaksiyalarda keşirilməsini təklif
ediblər. Fond rəhbərliyi təklifi müsbət qarşılayıb.