Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov
məhkəmə tarixində analoqu olmayan qətnaməyə imza atıb. Meyiti miras
əmlakı kimi qələmə verən hakim ərinin qəbrini Ağdaşdan Bərdəyə
köçürmək istəyən qadının iddiasını təmin edib.
Bu barədə Axar.az-a mərhumun bacısı Malikə Mustafayeva məlumat
verib.
Onun sözlərinə görə, qardaşı Mustafayev Əhliman İldırım oğlu
2013-cü il oktyabrın 31-də avtomobil qəzasında vəfat edib:
"Onun meyitini müayinə olunmaq üçün Ağdaş rayon Mərkəzi
Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan kimi qardaşımın
keçmiş həyat yoldaşı xəstəxanaya gəldi və meyiti Bərdədə dəfn etmək
üçün oraya aparacağını dedi. Biz bacılar isə buna razı olmadıq və
müstəntiq mərhumun meyitini bizə verdi. Biz də onu Ağdaş rayon İxlı
kənd qəbiristanlığında dəfn etdik. O vaxtdan qardaşımın keçmiş
həyat yoldaşı Aygün Mustafayeva bizimlə münaqişəyə girib, hər
vasitə ilə meyiti qəbirdən çıxararaq Bərdəyə aparmaqla
hədələyir".
Ağdaşda "yox", Şəkidə "hə" dedilər
Niyyətini həyata keçirmək üçün Aygün Mustafayeva Ağdaş Rayon
Məhkəməsinə müraciət edib. Əsas kimi isə ərinin şifahi vəsiyyətini
gətirib. Onun sözlərinə görə, mərhum Əhliman Mustafayev əvvəllər
öldükdən sonra anasının yanında dəfn olunmasını söyləyib. Lakin
bunu məhkəmədə sübut edəcək sənədi təqdim edə bilmədiyindən məhkəmə
qadının iddiasını təmin etməyib.
A.Mustafayeva çirkin niyyətini həyata keçirmək üçün bu dəfə Şəki
Apellyasiya Məhkəməsinə müraciət edib. İşə baxan Şəki Apellyasiya
Məhkəməsinin hakimi Hümbət Səlimov qətnamədə Mülki Məcəllənin
1155.1-ci maddəsinə istinad edərək kişinin meyitini qadının şəxsi
mülkiyyəti kimi qələmə verərək onun iddiasını təmin edib.
Hakimin analoqu olmayan mülahizələri
Mərhum Ə.Mustafayevin ailə üzvlərinin hüquqlarını müdafiə edən
hüquqşünas Səməd Vəkilov "Axar.az"a açıqlamasında hakimin bu
qərarının heç bir hüquqi əsası olmadığını deyib:
"Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov sözügedən
qətanamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edib. Həmin
maddədə göstərilir ki, ailə dəftər-kitabları (və ya yazıları), ailə
xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa
daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Hakim isə bu
maddənin ikinci hissəsində göstərilən "miras qoyanın şəxsiyyətinə,
ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır"
normasına istinad etməklə mərhum İldırım Mustafayevin qəbrinin onun
həyat yoldaşı Aygün Mustafayevanın mülkiyyəti hesab etmişdir".
Kişinin meyiti qadının mülkiyyətidir?
Hüquqşünasın sözlərinə görə, bundan sonra Hümbət Səlimov
mülkiyyət toxunulmazlığı ilə bağlı qanunlara istinad etməklə
A.Mustafayevanın mərhum ərinin qəbrini Ağdaş rayonundan çıxarıb
Bərdə rayonuna gətirməsinə mülkiyyət toxunulmazlığı hüququnun
obyekti kimi qiymət verib:
"Hakim hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmək və
onun üzərində sərəncam vermək hüququnu əsas gətirib. Hümbət
Səlimova görə, hər kəs ərinin və ya arvadının qəbrindən maneəsiz
istifadə edə bilər. Lakin Mülki Məcəllənin 1155-ci maddəsinə
əsasən, qəbir miras əmlakına daxil deyildir və vərəsələr arasında
bölüşdürülmür".
Hakimin bu qərarı Məhkəmə Hüquq Şurasında
araşdırılacaq
S.Vəkilov insanların hissləri ilə oynayan qərar verməsini
hakimin subyektiv maraqlardan çıxış etməsi kimi dəyərləndirib:
"A.Mustafayeva ərinin vəsiyyət tapşırığını yerinə yetirmək kimi
absurd iddialarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə
bilməyib. Bütün bunlara baxmayaraq hakim Hümbət Səlimov qadının
ərinin qəbirdən çıxarılmasına hüquqi don geyindirməsi onun
subyektiv maraqlardan çıxış etməsinin təzahürüdür. Biz müdafiə
tərəfi kimi Məhkəmə Hüquq Şurasına müraciət edərək Hümbət Səlimov
barəsində intizam icraatı başlamasını xahiş edəcəyik".
Hüquqşünas Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali
Məhkəməyə şikayət verəcəklərini deyib.