18:31
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev Gənc istedadların xüsusi
təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Axar.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata
görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara
dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin
1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq
qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları
Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar
xüsusi aylıq təqaüdə layiq görülsünlər:
İbrahimova Aytən Ümid qızı –Bülbül adına Orta ixtisas Musiqi
Məktəbinin şagirdi
Zeynalova Leyla Samir qızı –Bülbül adına Orta ixtisas Musiqi
Məktəbinin şagirdi"
19:48
Azərbaycan Prezidenti İlham Əliyev sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili haqqında fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət
siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o
cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik
inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata
keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət
proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye
müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri
yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını
daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması
istiqamətində iş aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli
ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf
etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində
sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal
prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması,
kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli
baxımından böyük əhəmiyyət kəsb edir.
Fərman müəyyən edilir ki, sənaye məhəlləsi - sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik
olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və
xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; sənaye
məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye
Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti qəbul edir;
sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq
ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili
infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su,
kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin,
inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye
məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı
müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi
"Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə
edilir.
Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə
üç ay müddətində "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"nin
layihəsini hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla
təsdiq edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin
fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi,
məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi
(məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli
kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin
göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı
zəruri tədbirlər görülməsini təmin etməlidir.
Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə
tapşırılır ki, bu fərmandan irəli gələn digər məsələləri həll
etsinlər; bu fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə
iki dəfə Azərbaycan Prezidentinə məlumat versinlər.