Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı
müraciətə görə Əhməd Obalını təhdid edən millət vəkilinin adı bəlli
olub.
Axar.az-ın əldə etdiyi məlumata görə, Əhməd Obalının adını
çəkmədiyi, "partiya lideri və millət vəkili" olaraq xarakterizə
etdiyi şəxs İqbal Ağazadədir.
Mənbə İqbal Ağazadənin Cənubi Azərbaycandan olan fəal, Günaz
TV-nin rəhbəri Əhməd Obalını onların ideya və təşəbbüsünü
oğurlamaqda, həmçinin gördükləri işi pozmaq cəhdində günahlandırıb.
Belə ki, bir müddət öncə Dünya Azərbaycanlıları Konqresinin
qurultayında Sabir Rüstəmxanlı Güney Azərbaycan təşkilatlarının
mühacirətdə parlamentinin yaradılmasını təklif edib. Təklifin
reallaşdırılması istiqamətində ilk addımları isə İqbal Ağazadə
atıb. Belə ki, İqbal bəy təxminən 45 nəfər fəalın iştirakı ilə
sürgündə Güney Azərbaycan Parlamentinin yaradıldığını bəyan
edib.
Bu gün isə Əhməd Obalının belə bir parlamentin yaradılması
təşəbbüsü ilə müraciət ünvanlaması və artıq mövcud olan bir quruma
faktiki olaraq alternativ yaratmaq cəhdi, başqa sözlə, prosesi
pozmaq istəyi İqbal Ağazadənin ona əsəbi şəkildə telefon açmasına
səbəb olub.
Qeyd edək ki, bu gün Günaz TV rəhbəri, ABŞ-da yaşayan Güney
Azərbaycandan olan fəal Əhməd Obalı sürgündə Güney Azərbaycan
Parlamentinin yaradılması ilə bağlı müraciət yayımlayıb. Müraciətdə
bildirilir ki, 15 mart 2014-cü ildə Danimarkanın paytaxtı
Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı sürgündə Güney
Azərbaycan parlamentinin yaradılması ilə bağlı təşəbbüs irəli
sürüb. Bu işin aparılması üçün 9 nəfərdən ibarət Təşəbbüs Qrupu
yaradılıb. Qərara alınıb ki, qısa müddət ərzində hazırlıq işlər
görülsün və Parlamentin yaradılması ilə bağlı ümumi çağırış elan
olunsun".
Bu müraciətin yayılmasından
sonra Əhməd Obalı ona Azərbaycandan "bir partiya lideri və millət
vəkilinin" zəng edərək, bu təşəbbüsə görə onu təhdid etməsi ilə
bağlı açıqlama verib. Xatırladaq ki, Ə.Obalı bu təhdidin artıq
Güney Azərbaycan Parlamentinin faktiki fəaliyyətdə olması
səbəbindən gəldiyini açıqlamadığı kimi, "təhdid edənin" kimliyinə
də aydınlıq gətirməyib.
Millət vəkili İqbal Ağazadə isə bu məsələ barədə danışmaq
istəmədi: "Bu tip qeyri-ciddi suallara cavab verə bilmərəm".