Türkiyə mətbuatında Rusiya tərəfindən raket zərbəsi ilə
vurulan Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin ölümü
ətrafında yaranan müəmma ilə bağlı geniş yazı dərc
olunub.
Avropa.info xəbər verir ki, yazıda Cövhər Dudayevin
koordinatlarının ruslara necə ötürülməsi ilə incələnib.
Son illər Türkiyədə sosial mediada bir çox tarixi hekayə
uydurulub, yayılıb. Bunlardan biri də Çeçenistanın ruslar
tərəfindən öldürülən prezidenti Cövhər Dudayevə göndərilən peyk
telefonu hekayəsidir. İddialara görə, Cövhər Dudayavin yeri
Türkiyədən göndərilən peyk telefonu ilə tapılıb və bu informasiyanı
alan Rusiya Dudayevi raketlə vurub.
Bəs bu hekayə günümüzəcən necə gəldi?
İnternetdə axtaranda bu iddianın necə yayıldığını müəyyən etmək
çətin deyil. İddiaya görə, Dudayevə göndərilən telefona Türkiyədən
izlənmə apara biləcək çip yerləşdirilib. Birinci Çeçen
müharibəsində MİT üzvü, ikinci Çeçen müharibəsində müavin olan
Şenkal Atasaqunun, Necməddin Ərbakanın, İnsani Yardım Vəqfinin
sədri Bülent Yıldırımın da adları bu hadisədə keçir. Mətbuatda əsas
hədəf kimi isə Bülent Yıldırımın adı göstərilir. İddiaya görə,
MİT-in ötürdüyü telefonu Cövhər Dudayevə o verib.
Bu iddiada adı çəkilən hər kəs iddiaları rədd edib. Bu günədək
iddiaları təsdiq edəcək bircə sənəd belə təqdim olunmayıb, amma
dedi-qodu yalanı gerçəyə çevirib.
Bəs Dudayevə peyk telefonu kim verib?
Birinci Çeçen müharibəsinin başlaması ilə Rusiya Çeçenistanın
dünya ilə rabitəsini kəsdi. Münaqişə zonasına humanitar yardımlarla
yanaşı, peyk telefonlar da göndərildi. Çeçenlərə və Dudayevə
telefonlar göndərildikdən sonra informasiya blokadası yarıldı.
Dudayev Türkiyədən göndərilən telefonlar sayəsində dünyanın bir çox
ölkəsi ilə canlı bağlantı yarada bildi. Hətta Harvard
Universitetində keçirilən bir konfransa canlı bağlanaraq çıxış
etdi.
Çeçenistana ilk dəfə Qafqaz Çeçen Həmrəyliyi Komitəsi tərəfindən
gəmilərin xəbərləşməsində istifadə edilən peyk sisteminə bağlı
telefon göndərildi. Ancaq Rusiya Dudayevin işlətdiyi telefonları
müəyyən edib peyk sahibi ölkəyə təzyiq edərək xətləri kəsməyi
bacardı.
Rusiya hər dəfə xətləri bağlayanda Dudayevə başqa ölkələrdən
peyk telefonlar göndərilirdi. Hər telefon müəyyən vaxt sonra
rabitədən kəsilirdi. Dudayev vurulmamışdan bir qədər əvvəl
Çeçenistan xaric işlər naziri Şəmsəddin Yusuf peyk telefonu
alınması təlimatını verib. Şəmsəddin Yusuf Türkiyədə fəaliyyət
göstərən Qafqaz Çeçen Həmrəyliyi Komitəsi ilə əlaqə saxlayıb.
Təşkilat "İmmersat" peyk telefonu yerinə istifadəsi daha asan olan
və "Sateilite" peykinə bağlanaraq işləyən "Sperry Marine –
Satellite SP 4100" markalı telefon alıb. Peyk telefon Baltik
ölkələrinin birindən alınaraq Türkiyəyə gətirilmişdi. Peyk xətti
isə Dubaydan alınıb. Telefon və xəttin harada istifadə olunacağını
nə malı satan firma, nə də gətirən şəxs bilirdi.
Rusiya bir xətdə rabitəni kəsəndə başqa xətt fəaliyyətə keçsin
deyə fərqli ölkələrdən xətlər alınırdı. Telefon Hindistan peykinə
istiqamətləndirilir, onun vasitəsilə rabitə qurulurdu. O dövrün
telefonları indikilər qədər kiçik həcmli deyildi. Çanta içinə
yerləşdirilirdi. Telefon və xətlər gətirildikdən sonra müəyyən
müddət Qafqaz Çeçen Həmrəyliyi Komitəsi (QÇHK) üzvü olan bir şəxsin
evində qaldı. Telefonun sınağı keçirildi. Daha sonra Dudayev
tərəfindən xüsusi olaraq göndərilən bir kuryerə verildi və Dudayevə
çatdırıldı. Dudayevin işlətdiyi son telefon bu idi.
İddia olunan telefona bir çip yerləşdirilmədiyi kimi, telefonun
Nəcməddin Ərbakanla da uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Bu
hadisəyə şahid olan QÇHK üzvləridir. Zatən özləri də bunu inkar
etmir, telefonu özlərinin göndərdiklərini deyirlər. Dudayevin
yerini bu telefonla tapmaq texniki olaraq mümkün idi. Çünki
uzunmüddətli danışıqlar peyk telefonların yerini müəyyən etməyə
imkan verir. Dudayev raketlə vurulmazdan əvvəl müharibə əleyhdarı
rus deputatı ilə konfliktin necə yekunlaşması barədə telefon
rabitəsi yaratmışdı. Söhbət əsnasında Hindistan peyki vasitəsilə
məkan müəyyən edilmişdi. Başqa bir iddiaya görə telefonun yeri
amerikanlar tərəfindən ruslara ötürülmüşdü. Dudayev məxfi qalmağa
elə də üstünlük verməyən biri olduğundan işlətdiyi aparatın
tezliyini müəyyən edərək zərbə endirmək mümkün idi. Dudayevin
ətrafından çıxan bir xainin də yeri ruslara bildirməsi ehtimalı
var.
İddialardan əlavə olaraq Dudayevin arvadı Alla Dudayeva yazdığı
xatirələrdə başqa bir telefondan da bəhs edir. Ancaq QÇHK
tərəfindən 1995-ci ilin yanvarında Dudayevə verilən bu telefon
həmin ilin aprel ayında sıradan çıxmışdı. Dudayevin ölümü isə
1996-cı ilin aprel ayında baş vermişdi.
Çeçenistan prezidenti Cövhər Dudayevə göndərilən son telefon
hekayəsi budur...