Nabranda yerləşən və azyaşlı oğlanın ayaqlarını itirməsi
ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Nabran Holiday
Village" istirahət mərkəzi satışa çıxarılıb.
Lent.az-ın məumatına görə, 3.5 hektar sahəsi olan istirahət
mərkəzi bütün əşyaları və qurğuları ilə birgə satılır. Mərkəzdə 23
ədəd 3 otaqlı, 10 ədəd 2 otaqlı kottec var. Kotteclərin hər birinin
san/qovşağı, istilik sistemi, kondisoneri var. Bundan başqa
mərkəzdə böyük və uşaqlar ücün baseyn, aquapark, yay-qış restoranı,
futbol, voleybol meydançası, avtodayanacaq və s. mövcuddur.
Qalmaqallı istirahət mərkəzi 3 milyon manata satılır.
Qeyd edək ki, "Nabran Holiday Village" istirahət mərkəzi keçmiş
deputat Nizami İsgəndərova məxsus olub. İmran Cəfərzadənin keçən
ilin yayında istirahət mərkəzində bədbəxt hadisə ilə üzləşməsi və
ayaqlarını itirməsindən sonra obyekt fəaliyyətini dayandırıb.
Belə ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü
İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət
göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət
alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon
prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və
polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin
edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası
ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət
etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən
hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək
vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki
hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq
olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı
həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri
alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1
(əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq)
maddələri ilə cinayət işi başlanıb.
Mədəniyyət və Turizm Nazirliyi "Nabran Holiday Village"
istirahət mərkəzinin lisenziyasını ləğv edib.
Məlum hadisəyə görə başlanmış cinayət işinin məhkəməsinin
nəticəsi olaraq İmran Cəfərzadənin ailəsinə 70 min manat təzminat
ödənilib.
Xaçmaz Rayon Məhkəməsində ötən il iyulun 21-də "Nabran Holiday
Village" istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan
şəxslərə hökm oxunub. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət
və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq
hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad
Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində
azadlıqdan məhrum edilib. İmran Cəfərzadənin babası Cavanşir
Baxşıyev isə məhkəmədən "Nabran Holiday Village"nin dəymiş ziyana
görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
Onu da qeyd edək ki, məlum hadisədə yaralanmış İmranın hər iki
ayağı amputasiya edilib. O, Almaniyada uzunmüddətli müalicə kursu
keçib. Azyaşlının bütün xərclərini dövlət ödəyib.