Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə
layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası
Azərbaycanda səfərdə olub.
Fonddan Axar.az-a verilən məlumata görə, sığorta-pensiya
sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya
fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində
Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi
çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda
səfərdə olub.
Ekspertlərin səfəri barədə məlumat verən Layihənin rəhbəri,
DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə
Layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə
növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Fondun
nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır. N.Pənahova
diqqətə çatdırıb ki, Layihənin icrasını həyata keçirən beynəlxalq
ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin
tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı
qanunvericiliyin ilkin planının ("blueprint") layihəsi üzərində
işləyir. Bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha
ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa
İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə
tutulur.
Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və
DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və
müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının
növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya
təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş
təqdimatlar nümayiş etdirilib.. Təqdimatla çıxış edən DSMF-nin
Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva
Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il
tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə
Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası"nda müəyyən olunan ölkəmizdə pensiya islahatlarının
yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat
verib.
Təqdimatlarda qeyd olunub ki, Layihə üzrə qanunvericilik
bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin
hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə,
nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir
olunacaqdır.
Qeyd edək ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti
çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan Layihə
Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər
Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılması
ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım
komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının
fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza
hazırlanacaqdır. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq
Layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə cari ilin
aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə Avropa
İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra
Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf
Proqramı və digər beynəlxalq təşkilatların, Dövlət Sosial Müdafiə
Fondunun və digər dövlət qurumlarının rəhbər şəxsləri və
səlahiyyətli nümayəndələrinin iştirakı ilə Layihənin təqdimatı
keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa
çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Layihə çərçivəsində DSMF əməkdaşları üçün növbəti
təlim səfəri 2015-ci ilin yanvar ayında Almaniyaya nəzərdə
tutulub.