Şəhərdə populyar olan "Milli ÖN" ödəniş sistemi köşkləri
vaxta qənaət etməyə imkan verdiyindən hamı onun xidmətindən
yararlanır. Əslində həmin xidmət uzun növbələrə son qoymaq, rahat
və təhlükəsiz ödəniş etmək məqsədilə yaradılıb.
Lakin son vaxtlar sakinlərin
kütləvi surətdə bu köşklərə müraciəti burada da uzun növbələrin,
eləcə də müəyyən problemlərin yaranmasına səbəb olub.
Şəhər sakini Zülfüqar Həsənov mənzilinə aid qaz smartkartını
yükləmək üçün "Elmlər Akademiyası" metrosunda qoyulan "Milli ÖN"
terminalına pul ödəyib. Lakin nə ödənişin qəbul olunmasını göstərən
işıq yanıb, nə də ona bu ödəmə ilə bağlı çek verilib. Hara müraciət
edəcəyini bilməyən Z.Həsənov yanında dayanan vətəndaşların köməyi
ilə "qaynar xətt"ə zəng vurub və ödənişin qəbul olunduğunu
öyrənib.
Əlavə "xidmət haqqı" kimə
çatır?
Sadalanan bu və digər
problemlər vətəndaşlar arasında maariflənmənin aparılmamasından
irəli gəlir. Xidmətlə bağlı hər hansı sual yarananda hara müraciət
edəcəklərini, hansı şirkətin bu xidməti reallaşdırdığını belə
bilmirlər. Çünki qurum vətəndaşlarla ünsiyyətdə, təbliğat işlərində
maraqlı deyil.
Xidmətin əsas üstünlüyü
ödənişin təhlükəsiz olması və buna görə əlavə komissiya haqqı
alınmamasıdır. Lakin müşahidələrimiz göstərdi ki, şəhərətrafı kənd
və qəsəbələrdə xırda ticarət obyektlərində quraşdırılan "Milli ÖN"
köşklərində ödəniş edərkən, sakinlərdən məbləğındən asılı olmayaraq
hər əməliyyata görə 10-20 qəpik əlavə ödəniş tələb olunur. Xidmət
pulsuzdursa, yığılan əlavə pullar kimə çatır? Terminallardakı
texniki nasazlıqlar nə ilə bağlıdır?
Bu və digər suallarımızı ödəniş sistemi köşklərini idarə edən
"Komtec LTD" MMC-yə ünvanladıq. Şirkətin kommersiya direktoru
Teymur Cəfərov əlavə rüsumların onlara heç bir aidiyyətinin
olmadığını bildirdi:
"Əlavə ödənişi həmin obyektlərin rəhbərləri və ya əməkdaşları
tələb edir. Onların yol verdiyi belə qeyri-qanuni tələblərə qarşı
mübarizə aparırıq. Biz ödəyicilərin narazılıqlarına anında müdaxilə
edərək, problemi operativ həll etməyə hazırıq. Vətəndaşlardan xahiş
edirəm ki, belə hallarla qarşılaşdıqda, dərhal şirkətə müraciət
etsinlər".
Növbələrdən xilas ola bilmədik
Qeyd edək ki, "Milli ÖN" terminallarından yararlanan vətəndaşlar
ya ödədiyi məbləğə görə çeki ala bilmir, ya ümumiyyətlə pul qəbul
edilmir, ya da hər hansı məbləği ödəsə də, onun qəbul
olunub-olunmaması barədə məlumat ala bilmir. Belə problemlər və
uzun növbələr tez-tez müşahidə olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu
insanların əlyetərliyinin tam təmin olunmaması ilə izah etdi. Onun
sözlərinə görə, Bakıətrafı qəsəbələrdə, şəhərdən nisbətən uzaq
yaşayış məntəqələrində, eləcə də bəzi regionlarda hələ də ödəmə
terminalları quraşdırılmayıb. Ona görə də sakinlər ödəniş etmək
üçün şəhərə üz tuturlar. Nəticədə sadalanan problemlər ortaya
çıxır.
Bəzən terminalların qarşısında kiçik növbələrin yarandığını
etiraf edən T.Cəfərov bunu əhalinin xidmətə olan inamının artması
ilə izah edir:
"İnsanlar elektron ödəniş sisteminə üstünlük verir. Biz problemi
aradan qaldırmaq üçün hər şey edirik. Hazırda bir necə yüz köşkün
quraşdırılması gözlənilir. Ödənişin qəbulu ilə bağlı isə heç bir
problem yoxdur. Bütün terminallar çek kağızları ilə təmin
olunub".
Problem yaranarsa, vətəndaşlar "Milli ÖN" ödəniş sistemi
köşklərinin üzərində göstərilən *0010 qısa nömrəsinə zəng edərək
suallarını yerindəcə aydınlaşdıra bilərlər.
"Milli ÖN"də nəyi və necə ödəmək olar?
Ödəniş sistemi köşklərində
stasionar və mobil rabitə, internet, kommunal xidmətlər
("Azərenerji", "Bakelektrikşəbəkə", "Azəriqaz", "Azərsu"), kabel
televiziyası, sığorta, bank xidmətləri, şəbəkə marketinqi,
totalizator oyunları, TQDK xidmətləri, eləcə də səyahət, əyləncə
üçün nəzərdə tutulan ödənişləri etmək olar. Son aylarda vətəndaşlar
bank kreditlərini də "Milli ÖN" terminallarına etibar edirlər.
Kreditlərin ödənişində gecikmələrin xeyli azaldığı bildirilir.
T.Cəfərov təkcə ötən ay 100 mindən artıq insanın kredit ödəmək üçün
həmin terminallardan istifadə etdiyini vurğulayıb.
Bundan əlavə, tezliklə terminallarda plastik kartlarla ödəniş
aparmaq mümkün olacaq. T.Cəfərov onlayn ödəniş portalının tezliklə
işə düşəcəyini dedi. Hazırda sistemin üzərində sınaq testləri
yekunlaşmaq üzrədir. Gələcəkdə isə şirkət elektron ödəniş sahəsində
Azərbaycanda və digər üç ölkədə lider olmağı hədəfə alıb.