Bayram günləri öncəsi mülki dövriyyəsi
məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan,
insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan
malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq
yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı
qətiyyətlə alınır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi
Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən "Sədərək" Ticarət
Mərkəzi ərazisində Nəzərov Məftun Adil oğluna məxsus "Ford Transit"
markalı nəqliyyat vasitəsindən külli miqdarda, cəmi 378000 ədəd
müxtəlif markalı pirotexniki vasitələr-petardalar aşkar olunaraq
götürülmüşdür.
Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən isə külli miqdarda
dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb.
"Samur" Gömrük Postunda Rusiya Federasiyasından Azərbaycan
Respublikasına gələn yük avtomobilindən Azərbaycan Respublikası
vətəndaşı Yusifov Naib Əliastan oğlunun gömrük orqanına bəyan
etmədiyi 31200 konvalyut dərman preparatları aşkar edilərək
götürülmüşdür.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq
İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.